XƏBƏRLƏR

02.11.2019 10:34
“Müəllimlik peşəsini seçməkdə ilk yol göstərənim anam olub”

İradə Təhməzova: “İlk dərsimdə şagirdlərimin ürəyinə yol tapa bildim" 

İradə Təhməzova 1980-ci ildə Bakı şəhərində  anadan olub. 1998-ci ildə Qaradağ rayonunun 106 nömrəli   tam orta məktəbini  bitirib. Həmin il Bakı Dövlət Universitetinin kimya  fakültəsinə qəbul olub. 2002-ci ildə  bakalavriat  pilləsi üzrə təhsilini  başa vurub. 

Hazırda Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbində kimya müəllimi işləyir. Onun  dərs dediyi  şagirdlər hər il olduğu kimi, bu il də kimya  fənnindən yüksək bal toplayaraq respublikanın ali məktəblərinə qəbul olub. Pedaqoji uğurları ilə fəxr edən  İradə xanımın fikir və təəssüratlarını öyrənmək üçün onunla müsahib olduq.

- İradə xanım, ali məktəbə qəbul imtahanı verdiyiniz  vaxtda  keçirdiyiniz  hissləri  necə  xatırlayırsınız?

- Maraqlı sualdır.  Bütün abituriyentlər kimi mən də həyəcanlı idim. Amma düzünü  deyim ki, həm də özümə çox  arxayın idim. Ümid edirdim  ki, qəbul imtahanında   yüksək bal toplayacağam. Nəticədə  belə də oldu.

- Müəllimlik peşəsinə sizdə maraq  hardan yaranıb?  Başqa peşə sahibi də ola bilərdiniz?

- Sizinlə razıyam, nə çox peşə... Amma müəllimlik peşəsini  seçməkdə ilk yol göstərənim  anam olub.  O, orta  məktəbdə təqaüdə çıxana kimi biologiya müəllimi işləyib.  Mənə həmişə deyirdi ki, qızım, müəllimlik peşəsi ən şərəfli, müqəddəs    peşədir.  Bu peşəni  seçsən heç vaxt peşman olmazsan.

- O vaxtdan artıq  11 il keçir. Pedaqoji fəaliyyətinizdə hansısa gün, yaxud şagirdlərlə ilk dərs yaddaşınızda  necə qalıb?

- Müəllimlər otağında  məni  məktəbin direktoru  qarşıladı.  O vaxt məni  pedaqoji  kollektivə  təqdim  edəndə  belə bir söz dedi:  “İradənin  bizim  məktəbə gəlişi  məni çox  sevindirir. Çünki onun anası da  peşəsini sevən bir müəllim   idi. İnanıram ki, İradə xanım  da belə olacaq”.

O gündən pedaqoji  kollektivin,  xüsusilə direktorun bu etimadı və anamın  müəllim olmağı mənim  üzərimə  çox böyük məsuliyyət qoydu.

...İlk dərsim də  maraqla  qarşılandı. Şagirdlərimin ürəyinə yol tapa bildim.

- Pedaqoji  fəaliyyətinizdə qazandığınız nailiyyətlər  barədə nə  deyə bilərsiniz?

- Mən müəllim işləməklə bərabər, bir müddət Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi komissiyasında ekspert olmuşam. İndi isə dərsliklərin qiymətləndirilməsi şurasının üzvüyəm.  Müəllimlərin işə  qəbulunda da ekspert kimi fəaliyyət göstərirəm.

- Müəllim işləyə-işləyə bu qədər vəzifələri necə  yerinə yetirirsiniz?

-  Gözləyirdim ki,  belə bir sual verəcəksiniz. Doğrusu, mən öz peşəmi çox sevirəm. Heç vaxt yorulmuram. Hələ bu işləri yerinə yetirməklə bərabər, DİM-də marker müəllimiyəm.

- Orta məktəb səviyyəsində kimyəvi  bilik və bacarıqlara yiyələnmək bizim hər birimizə nə verə bilər? Ümumiyyətlə, kimya fənninin əhəmiyyəti nədən ibarətdir?

-  Müxtəlif sənaye sahələrinin və kənd təsərrüfatının inkişafında kimyanın rolu böyükdür. Müasir kimyanın nailiyyətlərindən istifadə etmədən yanacaq, energetika kompleksləri, metallurgiya, nəqliyyat, rabitə, tikinti, elektronika, məişət, xidmət sahələri və s. inkişaf edə bilməz. Kimya sənayesi xalq təsərrüfatını müxtəlif kimyəvi məhsullarla təmin edir. Bir çox sənaye sahələrində kimyəvi metodların tətbiqi əvəzedilməzdir. Məsələn, metalların korroziyadan qorunması, istehsal proseslərinin sürətləndirilməsi üçün kimyəvi maddələrdən istifadə edilməsi, maddələrin kimyəvi emalı və s. Hazırda mövcud olan təhsil proqramı müəllimlərdən təhsilalanın daha yaxşı motivasiya olunması və kimya fənninə marağın artırılması üçün fənnin tədrisini daha aktual etməyini tələb edir. 

- Şagirdlərin diqqətini və marağını  cəlb  etmək üçün dərsin maraqlı qurulmasında müxtəlif üsul və vasitələrdən necə istifadə edirsiniz?

- Mən dərslərimdə mövzunu tam əhatə etmək üçün şagirdlərimlə bir sıra stolüstü oyunlar təşkil edirəm. Şagirdlər həm əylənirlər, həm də öyrənirlər. Dərs prosesi ilə yanaşı, dərsdənkənar məşğələlər, dərnəklər və fakültativ kurslarda da şagirdlərlə ekoloji böhranla, külli miqdarda məişət tullantılarının canlılara verdiyi fəsadlarla bağlı müxtəlif istiqamətlərdə söhbətlər aparıram. Mövzu ilə əlaqədar şagirdləri yazı və nitq bacarıqlarının formalaşması istiqamətində referat və esselərin hazırlanmasına cəlb edirəm. 

- Sonda müəllim olmaq istəyənlərə gənc müəllim kimi  nə tövsiyə edərdiniz?

- Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin də qəlbi sevincdən dağa dönür.

Müəllimlərimiz öz fəaliyyətlərini müasir dövrün tələblərinə uyğun quraraq elə işləməlidirlər ki,  yetirmələri ilə fəxr edə bilsinlər. ("Azərbaycan müəllimi")

Aysel TAHİROVA,
Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

İlin gənc müəllimi-Müraciət formu