XƏBƏRLƏR

01.11.2019 16:10
“Şagirdlərim mənə yaxşı insan olmağı öyrətdilər”  

Rusiyanın ən yaxşı müəllimi: “Hər bir müəllim uğurlarına görə, ilk növbədə, öz şagirdlərinə borcludur” 

Rusiyada artıq 30 ildir ki, ölkənin ən yaxşı müəlliminin müəyyən edilməsi üzrə müsabiqə keçirilir. Bu ilin yanvar ayından start götürən “İlin müəllimi-2019” müsabiqəsində Volqoqraddan olan rus dili və ədəbiyyatı müəllimi, 29 yaşlı Larisa Araçaşvili qalib gəlib. Oktyabrın 5-də müəllimlərin peşə bayramı - Beynəlxalq Müəllimlər Günündə L.Araçaşvili Kremldə keçirilən mərasimdə Rusiyanın ən yaxşı müəllimi elan olunub. Ölkənin 1,5 milyon müəllimi arasından seçilən müsabiqənin mütləq qalibinə böyük “Büllur qutan”ı və ən yaxşı müəllim mükafatını Rusiyanın maarif naziri Olqa Vasilyeva və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi təqdim ediblər.   Maarif naziri Olqa Vasilyeva bildirib ki, Larisanın qələbəsində kiçik, lakin çox vacib detal var. O, uşaqlardan ibarət çoxsaylı uşaq münsif heyətinin rəğbətini qazanıb. Öz növbəsində, bu ilin ən yaxşı müəllimi  qələbəsini şagirdlərə həsr etdiyini bildirib.   “Məni müsabiqənin qalibi edənlərə, şagirdlərimə çox sağ olun demək istəyirəm”, - deyə o vurğulayıb.  Ölkənin 85 subyektindən 47 min təhsil işçisi arasında keçirilən çox mürəkkəb və məsuliyyətli yarışmanın qalibi “Azərbaycan müəllimi” qəzetinə müsahibə verib. Öncə Rusiyanın ən yaxşı müəllimini yaxından tanıyaq.

 

Tanıtım. 11 mart 1990-cı ildə Volqoqradda anadan olub. Hazırda Volqoqrad şəhər 5 nömrəli “Bilik vadisi” ümumtəhsil məktəbinin rus dili və ədəbiyyatı müəllimidir. 2013-cü ildə Volqoqrad Dövlət Sosial Pedaqoji Universitetinin bakalavr, 2015-ci ildə magistr pillələrini bitirib. Hobbisi mütaliədir. Məktəbdə işləmək niyə xoşuna gəlir sualına “ona görə ki, mən hər gün yeni nələrisə öyrənirəm, daim inkişaf edirəm” deyir. Müəllimin dəyər verdiyi professional və şəxsi dəyərlər dürüstlük, tolerantlıq, çeviklik, yaradıcılıqdır. 

Yeri gəlmişkən, Rusiyanın ən yaxşı və ən istedadlı pedaqoqu olduğunu sübut etmək üçün beş finalçı “Lider müəllim” adlı ən çətin üçüncü turda mübarizə aparmalı olub. Beş mükafatçı və maarif naziri Olqa Vasilyeva müəllimlər və valideynlər arasında müasir çağırışlar və münasibətlər şəraitində məktəbdə təhsil almaq mövzusunda müzakirələr aparıblar. Larisa Araçaşvili özünü hamıdan yaxşı göstərib. 

“Yaxşı müəllim, işləmək istəyən müəllimdir” 

- Müsabiqə  necə keçdi? Xahiş edirik, təəssüratlarınızı bölüşəsiniz...

- Üç mərhələdən ibarət olan “İlin müəllimi-2019” 30-cu Ümumrusiya yubiley müsabiqəsinin ilk turu ənənəyə uyğun olaraq Qroznıda (ötən ilin qalibi Əlixan Dinayevin vətənində) keçirildi. Rəqabət çox yüksək idi. Birinci turdan sonra  müsabiqənin 15 laureatı müəyyən edildi. Daha sonra Moskvada 15 laureat arasında final mərhələsi başladı. Bu mərhələ 2 - əyani və qiyabi mərhələlərdən ibarət idi. Qiyabi mərhələdə 3 sınaq üzrə - metodik seminar (istifadə olunan pedaqoji texnologiyalar, metodlar, priyomlar, tapıntılarla bağlı təqdimat və onlara dair izahedici məktub), esse və müəllimin şəxsi saytına dair materiallar təqdim etmək tələb olunurdu. İkinci turun nəticələrinə görə, beş mükafatçı seçildi və onlar Rusiya ictimai palatasında son turun iki testində - “İctimai mühazirə” və “Nazirlə söhbət”də iştirak etdilər. Sonuncu mərhələ həlledici hesab olunur, söhbət gedişində iddiaçılardan liderlik potensiallarını nümayiş etdirmək,  təhsilin inkişafının strateji istiqamətlərini anlamaq və aktual problemlərin konstruktiv həllərinə dair öz təsəvvürlərini təqdim etmək tələb olunurdu. Söhbətin mövzusu isə yalnız görüş gedişində elan olundu. Müəllimlərin hər birinin 7 dəqiqəlik çıxışlarından sonra bütün müsabiqə sınaqlarının nəticələrinə görə münsiflər heyəti yarışın mütləq qalibini müəyyənləşdirdi. 

Müsabiqədən aldığım təəssüratları sözlə ifadə etmək, hisslərimi çatdırmaq çətindir. Sanki uzun bir sıçrayış, marafon idi müsabiqə mənim üçün. Fiziki, mənəvi cəhətdən çox ağır, həm də sonsuz dərəcədə maraqlı idi proses. Hesab edirəm ki, həyatında heç olmasa bir dəfə bu sınaqdan keçmiş insan bunu ömür boyu unutmayacaq. Müsabiqə prosesində mənim ölkənin ayrı-ayrı regionlarından olan həmkarlarımla, təhsil işçiləri, müəllimlərlə ünsiyyət qurmaq, tanış olmaq imkanlarımız  yarandı. Mən Adıgey Respublikasından olan müəllimlə tanış oldum. Bu çox gözəl an idi. Bu müsabiqə olmasa idi,  onunla çətin ki, rastlaşa bilərdik.  Ona görə də müsabiqə barədə təəssüratlarım çox zəngindir. Müsabiqə sayəsində mən Çeçenistanda oldum, yeni dostlar qazandım və ölkənin mütləq qalibi oldum. “İlin müəllimi” adını, sadəcə, asanlıqla əldə edə bilməzsən, özünü tamamilə sevdiyin işə sərf etməlisən. 

- Sizin 6 illik pedaqoji təcrübəniz var, ancaq belə bir müsabiqədə iştirak edib hətta qalib olmağı bacardınız. Müsabiqədə  iştirak etməyə necə qərar verdiniz?

- Bəli, mən 6 ildir ki, müəllim işləyirəm. 2016-cı ildə mən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi seçilən Aleksandr Şaqalovla tanış oldum. Biz həmyaşıd idik,  onun 26 yaşı var idi. O, artıq Rusiyanın mütləq çempionu, mən isə bu yaşda adi bir müəllim idim. Onunla tanışlıq mənə müsabiqədə iştirak edib, qalib gəlməyə inam və güc verdi. Yaxşı müəllim heç də uzunillik pedaqoji iş stajına malik olan müəllim deyil. Yaxşı müəllim, peşəsini, uşaqları sevən, işləmək istəyən müəllimdir. 

“Müəllim və uşaqlar birlikdə böyüyür” 

- Müsabiqədə yazdığınız essenin mövzusu nə idi?

- Essemin mövzusu “Müəllim və uşaqlar birlikdə böyüyür”  adlanır. Essemdə uşaqlardan yazmışdım.  Ondan yazmışdım ki, uşaqlar mənə necə səmimi olmağı öyrədiblər. Əgər sən həqiqətən müəllimlik fəaliyyətində  hədəf qoyub ona çatmaq istəyirsənsə, mümkün olmayan heç nə yoxdur.  Uşaqlar mənə hətta özümü belə aldatmamağı öyrətdilər. Ən mürəkkəb həyati situasiyalarda belə, mənə özüm kimi qalmağı öyrətdilər. Şagirdlərim mənə universitetlərdən daha çox şeylər verdi.  Essemdə şagirdlərimin mənə onlara verdiklərimdən qat-qat artıq şeylər verdiklərini yazdım. Mən şagirdlərimə vergülü, nöqtəni düzgün qoymağı öyrətdim, onlar isə mənə yaxşı insan olmağı öyrətdilər. Bu isə son dərəcə vacibdir. 

Müəllimlər tez-tez şikayət edirlər ki, uşaqlar oxumaq istəmir. Bəli, istəmir. Lakin bu, onları sevməmək üçün əsasdır? Məhz uşaqlar çətin anlarımda mənə dəstək olublar. Mən onlar arasında böyüdüm bu illər ərzində. 

- Sizcə, müasir müəllim hansı keyfiyyətlərə malik olmalıdır?

- Hesab edirəm ki, indiki müəllimlər ənənəvi müəllimlərdən fərqlənməlidir. O, savadlı olmalı, öz fənnini bilməlidir, işini sevməlidir. Başlıcası isə uşaqları sevməlidir. O, hansısa bir mövzunu tədris edərkən, məsələn, A.S.Puşkinin “Kapitan qızı” əsərini keçərkən anlamalıdır ki, yeni bir insan obrazı yaradır,  uşaqları anlamalıdır. Özü də mütləq şəkildə. 

Hesab edirəm ki, təhsil yalnız məlumatların ötürülməsi deyil. Bu, tərbiyə, uşağa fərdi yanaşma olmadan mümkün deyil. Bu mənada təhsildə müəllimin şəxsiyyəti əvəzsizdir. 

“Sadəcə, müəllim öz işini sevməlidir” 

- Qalib olacağınıza inanırdınız?

- Xeyr. Birmənalı olaraq yox. Mən müsabiqədə mütləq qalib olmaq üçün deyil, layiq 15 nəfər laureat arasında olmaq istəyirdim. Mənim işlədiyim  məktəbin direktoru da əvvəlki illərdə laureat olub. 2017-ci ildə ən yaxşı müəllimlərdən biri olub. O, məni əmin edirdi ki, müsabiqəyə qatılsam, uğur qazana biləcəyəm və bu əminlik mənə güc və stimul verdi. 

İstənilən müsabiqə bir yarışdır, bütün qüvvələrin gərginliyi, daha yaxşı olmaq üçün səydir. Bu müsabiqədə mənim üçün ən önəmli cəhət istedadlı müəllimlərlə, peşəkar fəaliyyətlərində uğur qazanmış insanlarla tanış olmaq imkanıdır. Özünü və öz gücünü yoxlamaq, tamamilə tanımadığın uşaqlarla işləyə biləcəyini görmək, hər saniyədə bir qərar qəbul etməli olduğun bir vəziyyətin öhdəsindən gələ biləcəyini görmək həmişə maraqlıdır. Yəqin ki, müsabiqədə iştirak etməyə “qalib gəlməyə  bilərsən” fikri ilə başlamaq düzgün deyil, amma “İlin müəllimi” müsabiqəsinin xüsusiyyəti belədir ki, burada qalib gəlməmək utandırıcı deyil.  Bəli, məhz belədir, axı burada uduzmaq mümkün deyil, yalnız qalib olmamaq olar, amma daha yaxşı olmaq, inkişaf etmək və irəli getmək üçün stimul almaq olar. Məhz buna görə də mən “İlin müəllimi”ndə iştirak etdim. 

- Necə bilirsiniz, hansısa sirri varmı uğurlu müəllimin?

- Əsl müəllim uşaqları başa düşməlidir. Bu isə çox vacibdir. Müəllim nəzərə almalıdır ki, onlar azyaşlılardır, 10-12 yaşları var. Müəllim indi onların həyatında nələr baş verdiyini anlamalıdır. Yeniyetmələrlə bağlı, onlarla işləmək  necə də çətindir. Əlbəttə ki, çox vacibdir ki, müasir müəllim daim tədris prosesinin içində olsun. Yəni, o, uşaqların nə istədiyini başa düşməlidir, əsl müəllim hər bir şagirdi tanımalı, onların hər birinin nəyə can atdığını görməlidir. Yəni, bu məsələdə nəsə yeni bir sirr yoxdur, vəssalam. Hər şey bizə qədər yazılıb, sadəcə müəllim öz işini sevməlidir.

 

“Uşaqları aldatmaq olmaz” 

- Müəllim olmağa necə qərar verdiniz?

- Mən təsadüfən müəllim oldum. Əvvəllər məktəbdə uşaq dərnək rəhbəri işləyirdim. Necə oldusa, uşaqlarla işləmək çox xoşuma gəldi. Ədəbiyyata olan sevgimi uşaqlara təşviq etmək istədim. Müəllim kimi ilk dərsimi xatırlamıram, lakim müəllimliyə 9-cu sinifdən başladım. 9-cu sinfdə iqtisadiyyat profilli ali məktəbə hazırlaşan bir şagirdə Axmatovanın poeziyasının nəyə görə lazım olduğunu izah etmək çox çətin idi. Məktəbdə uşaqlardan aldığın qədər sevgini heç vaxt heç yerdə, heç bir başqa peşədə ala bilməzsən. Və mən bildiyim və sevdiyim şeylər haqqında danışmaq üçün məktəbə gəldim, mən peşəmi sevirəm. 

- Təcrübənizdə qiymətləndirmədən istifadə edirsiniz? Qiymətləndirmənin ləğvinə necə baxırsınız?

- Bir tərəfdən, istərdim. Məsələn, fin məktəblərində qiymətlər yoxdur. Ancaq digər tərəfdən də bizim təhsil sistemi buna hazırdırmı? Bilmirəm. Mən bir müəllim kimi qiymətləndirmənin olmadığı bir sistemdə işləməmişəm. Mən bunu pis təsəvvür edirəm. Lakin bununla belə, başa düşürəm ki, yəqin ki, bu, yaxşıdır. Bu məsələ mənə tanış deyil, buna görə də dəqiq fikir söyləyə bilmirəm. 

- Pedaqoji kredonuz...

- Uşaqları aldatmaq olmaz! Peşədə başlıca vəzifə şəxsiyyət kimi qalmaqdır. Bu, uğurun sirridir. 

- Bugünkü uşaqlar barədə nə deyə bilərsiniz?

- Bu barədə mənə sual veriləndə deyirəm ki, mən 6 ildir ki, məktəbdə müəllim işləyirəm. Mən başqa uşaqları tanımıram. Mən yalnız ünsiyyətdə olduğum indiki uşaqları tanıyıram. Onlarla münasibətimi isə, necə deyərlər “subyekt-subyekt” müstəvisində qurmağa çalışıram. Onlar mənə nələrisə öyrədir, mən də onlara nələrisə öyrədir, başa salıram. Yəni, bu proses qarşılıqlı müstəvidə davam edir, hər iki tərəfin qazandığı isə etimaddır. Mən uşaqlarımı yaxından tanımağa, onların daxili aləmini öyrənməyə çalışıram. 

Şagirdlərə müəllimin onların necə yaşadığını, nə barədə düşündüklərini çatdırmaq vacibdir. Uşaqlarla əlaqənin vacib şərti maksimum dərəcədə vicdanlı olmaqdır, çünki uşaqlar bunu həmişə çox yüksək qiymətləndirirlər. 

İstəyirəm ki, uşaqlar  məni eşitsin və başa düşsünlər, onlarla müasir tərzdə danışmağa, hətta onları daha yaxşı başa düşmək üçün dinlədikləri musiqiyə belə qulaq asmağa çalışıram. Amma ən əsası - onların qarşısında vicdanlı olmağa çalışıram.  Onda uşaqlar  da sizinlə dürüst olacaqlar.  

- Uşaqları dərsə necə motivasiya etmək olar?

- Şəxsi nümunə ilə. Əgər pedaqoq uşağın xoşuna gəlirsə, dərsində oturmaq onun üçün maraqlıdırsa, o, öyrənməyə çalışacaq. Kimlərsə istəyir ki, onu tərifləsinlər. Kimlərəsə mürəkkəb, həlli çətin olan məsələ vermək lazımdır. Bu, onu motivasiya edir. Dərsin baş tutması üçün, ilk növbədə, ona nail olmaq, çalışmaq lazımdır ki, dərs müəllimin özü üçün maraqlı olsun. Onda dərs alınacaq. Müəllim və şagirdlər tədris prosesində eyni dərəcədə maraqlı olmalıdırlar. 

“Mən hələlik kiçik müəlliməm” 

- Necə bilirsiniz,  indiki məktəbə nə çatışmır?

- Müstəqillik. İndiki şəraitdə uşaqların öz şəxsiyyətlərini göstərə bilməsi məhduddur. Bu, o qədər də yaxşı hal deyil. 

- Müəllimin statusunu necə qaldıra bilərik?

- Yəqin ki, daim səslənən şikayətlərə son qoymaq lazımdır. Onda bizə hörmət etməyə başlayacaqlar. Özündən artıq görünməyə cəhd etməmək lazımdır. Öz hüquqların uğrunda mübarizə aparmaq lazımdır, bax onda, yəqin ki, müəllimin statusu yüksələcək. Hər bir müəllim uğurlarına görə, ilk növbədə, öz şagirdlərinə borcludur. 

- Rusiyada müəllimlərin əsas problemləri nədir?

- Mənə elə gəlir ki, bu problemlər təkcə bu gün yox, hər zaman olub. Bunlar, ilk növbədə, hesabatlılıqdır. Bunlar nəhəng, üzücü işlərdir. 

- Siz bir il maarif nazirinin müşaviri oldunuz. Nazirə təqdim edəcəyiniz hansısa layihələriniz, təklifləriniz olacaqmı?

- Əlbəttə, təklif, layihələrim var. Hesab edirəm ki,  onları, ilk növbədə, yaşadığım regionda, daha sonra ölkə ərazisində reallaşdırmağa çalışacağam. Təcrübəmin yayılmasına nail olacağam. Mən hələlik kiçik müəlliməm."Azərbaycan müəllimi"

Oruc MUSTAFAYEV

İlin gənc müəllimi-Müraciət formu