XƏBƏRLƏR

01.11.2019 14:07
Azərbaycanda gənclər arasında kosmosa böyük maraq var  

UFAZ tələbələri NASA tərəfindən verilən tapşırıqları həll edib

Son illərdə  ölkəmizin ali təhsil məkanına yeni daxil olan  və artıq bir sıra akademik uğurları ilə diqqəti cəlb edən Azərbaycan - Fransız  Universiteti (UFAZ) yenə də fərqlənib.

UFAZ-ın tələbələri Azərkosmos, ADA Universiteti  və ABŞ-ın Azərbaycandakı səfirliyinin  təşkilatçılığı, ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “NASA Space Apps Azerbaijan”  hakatonunun  qalibi olub.  25 komanda,  ümumilikdə isə 100 nəfər iştirakçı 48 saat ərzində fasiləsiz olaraq NASA tərəfindən verilən tapşırıqların həll yollarını tapmağa çalışıb.  UFAZ-ın “Neft-qaz mühəndisliyi” ixtisasının III kurs tələbəsi Almaz Ömərov (komandanın rəhbəri), “Geofizika mühəndisliyi”  ixtisasının III kurs tələbəsi Turqay Qardaşlı, “Kompüter elmləri”  ixtisasının III kurs tələbəsi Ağateymur Həsənzadə və 1-ci kurs tələbəsi İmran Cəbrayılovdan ibarət ICARUS komandası 10.000 AZN məbləğində mükafatın sahibi olub.

Komandanın lideri Almaz Ömərov “Azərbaycan müəllimi”  qəzetinə  müsabiqə barədə ətraflı məlumat verdi.

Müsabiqəyə qalib olmaq üçün qatıldıq

“NASA Space Apps Azerbaijan”  NASA-nın dünyanın müxtəlif yerlərində qlobal problemlərə innovativ həll yolu tapmaq məqsədilə təşkil etdiyi 48 saat dayanmadan davam edən bir yarışdır. Lokal yarışmanı udaraq, biz  qlobal mərhələyə keçid qazandıq və indi dünyanın müxtəlif ölkələrindən olan komandalar ilə yarışaraq ölkəmizi və UFAZ-ı  təmsil edirik.

Çox maraqlı məqamlardan biri o oldu ki, yarış haqqında son gün xəbər tutduq  və qeydiyyatın bitməsinə bir neçə saat qalmış qeydiyyatdan keçdik. Biz yarışa əsasən iştirak  yox, qalibiyyət qazanmaq məqsədilə qatılmışdıq və buna görə də komanda olaraq güclü  motivasiyamız var idi. Komandanın tərkibi  ayrı-ayrı  fakültələrdən  və fərqli qabiliyyətləri olan tələbələrdən təşkil olundu. Bizim çox praktik və unikal ideyamız var idi, hansı ki, meşə yanğını  zamanı yanan ərazini tez tapıb və qarşısını almaqda kömək edirdi.  Amma çətin  hissə bu ideyanı 48 saat  ərzində reallaşdırmaq idi. Bunun üçün çox geniş bir arasdırma aparmalı olduq. Və nəticədə komandamızın  yuxusuz gecələri  sayəsində  ideyanı təkmilləşdirməyi  bacardıq.

NASA tapşırıqları öz unikallığı və çətinliyi ilə seçilirdi 

NASA-nın tapşırıqları  hər bir sahəni  - həm ətraf mühiti, ekologiyanı, həm də  kosmik əməliyyatları əhatə edirdi.  Əksər tapşırıqlar  qlobal problemlərin həllini tələb etdiyi üçün öz unikallığı və çətin olması  ilə seçilirdi.  Bizim tapşırıq meşə yanğınını əhatə edirdi  və məqsədimiz yanan ərazini maksimum dərəcədə tez müəyyənləşdirmək idi.  Bunun həllini biz insan faktorunda yox, heyvan faktorunda tapdıq. Yaxınlıqda yanğın olduğu zaman heyvanların fərqli davrandıqlarını bilirik. Araşdırmalarımıza əsasən heyvanların yanğın zamanı daim davranış nümunələri nümayiş etdirdiklərini müəyyən etdik.

Hazırda 100 mindən çox heyvan xüsusi cihazlarla izlənilir. Alimlərin əksəriyyəti məlumatlarını gizli saxladıqları üçün Data əldə etməkdə həqiqətən çətinlik çəkdik. Beləliklə, hakatonda keçirdiyimiz 48 saat ərzində tapşırıqlara yalnız 3 data əldə edə bildik. Sonda geniş məlumat təhlili etdik və hər dəfə bir az dəyişiklik edərək alqoritmimizi yenidən təkrarlamalı olduq.  Yanğın  zamanı meşə  heyvanlarının  anormal davranışını araşdıraraq gələcəkdə bunu süni intellektin küməyi ilə yanan ərazini tez bir zamanda tapıb və qarşısını  almaq mümkün olacaq. 

Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçirilən  “NASA Space Apps Azerbaijan” hakatonu gənclər üçün kosmik sahədə sürətlə dəyişən trendlərlə tanış olmaq fürsəti yaratmaqla iştirakçılara  kosmosun gələcəyini daha yaxşı təsəvvür etməyə və aktual olan ekoloji problemlərin həllinə birbaşa yol göstərir.

“NASA Space Apps” hakatonunun maraqlı cəhətlərindən biri  odur ki, iştirakçılar tapşırıqları hazırlayarkən NASA-nın resurslarının cəmləşdiyi ümumi platformadan istifadə edə biliblər. Digər tərəfdən, hakatonun təbii iş mühitindən uzaq, rahat və əyləncəli bir mühitdə təşkili komandaları qalibiyyət uğrunda mübarizəyə daha da həvəsləndirib.

Təqdirəlayiq haldır ki, Azərbaycanda gənclər arasında kosmosa və kosmik infrastruktura  böyük maraq var. Bütün bunlar digər sahələr kimi, Azərbaycanın kosmik proqramının uğurlu inkişafını göstərir.(Azərbaycan Müəllimi)

Oruc MUSTAFAYEV

İlin gənc müəllimi-Müraciət formu