Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-01 13:11:00
Şairin Tokat səfəri: “Məktəblərdə müəllimlərin amiranə münasibəti var, orda isə...”  

Türkiyənin Tokat şəhərindəki Atatürk Mədəniyyət Sarayında TİKA-nın (Türk İşbirliyi və Koordinasiya Agentliyi) dəstəyi, Tokat Valiliyi, Tokat Bələdiyyəsi, TÜRKSOY, DünyaDER-in (Dünya Yazarlar və Aydınlar Dərnəyi) təşkilatçılığı ilə “I Türk Dünyası Şairlər Buluşması” gerçəkləşib.

AzEdu.az xəbər verir ki, türk birliyi və bərabərliyinə xidmət edən tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, İraq, Makedoniya, Suriya və Türkiyəni təmsil edən şairlər, ədəbiyyatşünaslar, sənət adamları iştirak ediblər.

Azərbaycanı adıçəkilən törəndə təmsil edən Atatürk Mərkəzinin şöbə müdiri, şair Əkbər Qoşalı tədbirin təşkilində rolu olan müvafiq qurumlara öz minnətdarlığını bildirib:

“Bu tədbir Türkiyənin Tokat şəhərində  ilk dəfə planlaşdırıldığı üçün məhz “Birinci Türk Dünyası Şairlər Buluşması” adlandırılıb. Bununla yanaşı, birinci rəqəmi belə tədbirlərin davamlı olacağının göstəricisidir. Xüsusilə diqqət çəkən məqamlardan biri tədbirin keçirilməsi üçün məkan olaraq məktəblərin seçilməsidir.  Mənim qatıldığım tədbirdə direktor başda olmaqla, məktəb kollektivi-istər müəllim, istərsə də şagirdlərin əksəriyyəti iştirak edirdi”.

O, görüşün çox maraqlı və yaddaqalan təşkil olunduğunu bildirib:

“Bu tədbirin yaddaqalan  olmasının bir sıra səbəbləri vardı. Birincisi ona görə ki, məhz 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günündə mən qardaş ölkənin gəncləri, yeniyetmələri qarşısında çıxış etmək fürsəti əldə etmişdim. Müstəqillik günündə azadlığımızı rəsmi şəkildə ilk tanıyan dövlətin vətəndaşları, gələcəyin qurucuları, Türkiyənin inkişafında rol oynayacaq gənclərin qarşısında çıxış etmək özü də bir dəyər idi. İkincisi,  auditoriyaya həm Türk Dünyası Şairlər Buluşması, Tokat haqqında təəssüratlarımız, həm də öz ölkəmizin ədəbiyyatı, mədəniyyəti, tarixi barədə məlumat verirdik. Üçüncüsü isə qarşılıqlı ədəbi-mədəni, tarixi əlaqələr barədə danışırdıq. Bununla yanaşı, biz gəncləri, müəllimləri maraqlandıran suallara cavablar verirdik. Habelə, məktəbin kollektivi tərəfindın hazırlanmış ortaq türk dəyərlərini, konkret olaraq Azərbaycan-Türkiyə mədəni əlaqələrini əks etdirən musiqiləri dinləmək fürsətimiz oldu.  Biz, həmçinin kitab mübadiləsi də təşkil etdik. Belə ki, Azərbaycandan apardığımız kitabları məktəbin kitabxana fonduna və tədbirdə öz fəallığı ilə fərqlənən müəllimlərə hədiyyə etdik”.

Əkbər Qoşalı belə tədbirlərin məktəbdə təşkil olunmağının  xüsusi əhəmiyyətindən danışıb. O qeyd edib ki, şagirdlər həmin gün reallaşdırılan, danışılan söhbətləri öz ətrafındakılara danışmaqla daha geniş kütləyə çatdırmış olur:

“İştirak edənlərin cəmi 10-20 faizi həmin günün təəssüratlarını, təbliğ olunan fikirləri ideyaları öz əhatəsinə- ailəsi,  dostları, qonşuları arasında paylaşsa, obrazlı dildə desək “o çiçəkləri suvarsalar” bu bizim üçün nailiyyətdir. Bizim  indiyə qədər iştirak etdiyimiz tədbirlərə nəzər salsaq, çoxunda eyni auditoriyanın olduğunu deyə bilərik. Məkanlar, vaxt dəyişsə də, auditoriya köklü şəkildə dəyişmir. Həmçinin, belə tədbirlərdə adətən müəyyən bir yaşda, fikirləri, təfəkkürü formalaşmış insanlar iştirak edirlər. Amma bu tədbirdə əsas mahiyyət Türkiyənin gələcək planlarında iştirak edəcək insanları məktəb yaşından Türk dünyası havasına kökləməkdir. Yeniyetmələrin beyni ağ vərəq kimidir. Onların yaddaşına lazımlı informasiyaları düzgün vaxtda yazsaq, uzun müddət yadda saxlayacaqlar. Beyinləri yüklü yaşlı nəsillə işləməkdənsə, gələcəyi qabaqda olan gənclərlə işləmək daha faydalıdır. Bu təcrübəni öz məktəblərimizdə də tətbiq etməliyik.

Budəfəki yeniliklərdən biri də  hər birimizin ayrı-ayrı məktəblərə ezam olunmağımızdır. Bu da təşkilatçıların bu məsələyə lazımi səviyyədə yanaşdıqlarını göstərir”.

 Azərbaycan- Türkiyə arasında qarşılıqlı sevgi, hörmət və etibardan danışan şöbə müdiri vurğulayıb ki, bu əlaqələr həm də  bilikyönümlü inkişaf etdirilməlidir.

“ İki dövlət arasında olan mədəni əlaqələri iş, əməl, fəalliyyətlə zənginləşdirmək lazımdır. “Gedilməyən yolu kol-kos basar”, “Gözdən iraq olan könüldən də iraq olar” və s. aforizmlərimiz məhz inkişaf etdirilməyən əlaqələrə də şamil oluna bilər. Ona görə də daha çox getməli, söhbətlər aparmalı, iş qurmalı, layihələr həyata keçirilməli, auditoriya və ən əsası könül qazanmalıyıq. Hesab edirəm ki, könülümüz  kimi fəaliyyətimiz də geniş olmalıdır”.

O, görüş keçirilən məktəbdə Türkiyə məktəbliləri, eləcə də müəllim kollektivi arasında diqqət çəkən məqamları da xatırlayıb:

“Tokatda diqqətimi ən çox cəlb edən məqamlar məktəbdəki nizam-intizam, səliqə-səhman, şagirdlər və müəllimlər arasında qarşılıqlı münasibət oldu. Müəllimlər şagirdlərə yalnız onlardan dərs öyrənən məktəblilər kimi yox, tərəf müqabili, öz yaşıdları kimi yanaşırlar. Biz öz müəllimlərimizin  üzərimizdəki əməyini  qiymətləndiririk. Lakin etiraf edək ki,  orta məktəblərdə müəllimlərin amiranə münasibəti də danılmazdır. Türkiyədə zəngin təcrübəyə əsaslanan müəllim-şagird eləcə də tələbə münasibətlərini öyrənmək faydalı olar.

Çünki Türkiyə tarix boyu həmişə müstəqil olan yeganə türk dövlətidir. Məktəbdə  kollektiv arasında olan humanist münasibətlər hansısa bir Avropa yansıması deyil, Türk modelinin bu günə qədər gəlib çıxmış şəklidir.  Eləcə də Azərbaycan məktəblərinin müsbət tərəflərini türk dünyası  ilə paylaşa bilərik. Məsələn, valideynlərimiz bizə müəllimlərə elə ürəklə həvalə edirdilər ki, müəllimlərimizin etdiyi hər şeyi onlar düzgün hesab edirdilər. Müəllimlə şagird arasında hər hansı bir anlaşılmazlıq yarananda valideynlərimiz əksər hallarda müəllimlərimizin tərəfində olurdu”-deyə Ə.Qoşalı əlavə edib. 

Ayşə Müseyib