Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-31 17:43:16
Ucqar rayonda şagirdlərə foto və video jurnalistikanı öyrədən müəllim – “Mənfiləri çatdırsınlar”  

“Şagirdlər cəmiyyətdə gördükləri mənfi halları işıqlandırmalı və onun təbliğatçısına çevrilməlidilər”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III qrant müsabiqəsindəDeməyə sözümüz var” layihəsi ilə qalib olan Valeh Məmmədov deyib.

O, Tovuz şəhər N.Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-liseyində riyaziyyat müəllimi olaraq fəaliyyət göstərir.

Valeh Məmmədov layihənin məqsədi haqqında fikirlərini bölüşüb.

“Məqsədimiz müasir texnologiyalardan istifadə etməklə cəmiyyətdə mövcud olan əhəmiyyətli uğurlara və problemlərə geniş ictimaiyyətin diqqətini cəlb etmək və məktəblilər arasında bilik və bacarıqları artırmaqdır”.

O, layihə müddətində həyata keçiriləcək tədbirlərdən danışıb:

“Layihənin 6 ay ərzində həyata keçiriləcəyi planlaşdırılır.Fəal məktəblilərə foto və video jurnalistikanın əsasları haqqında məlumat veriləcək. Yuxarı sinif şagirdləri arasında müasir texnologiylarla foto işi və videoçarxların hazırlanması texnikası öyrədiləcək. Layihədə seçilən məktəblilərin hazırladıqları foto və video materiallarının sərgisi təşkil ediləcək. Məktəbdə uzunmüddətli foto və video sahəsi üzrə dərnək formatında işləyəcək xüsusi studiyanın yaradılması işinin icrası mümkün olacaq.

Hər qrupda 15 nəfər olmaqla ümumilikdə 2 qrup və 30 nəfər şagird üçün foto və video jurnalistikanın əsasları haqqında, eləcə də foto və video jurnalistika texnikası barədə təlim kursları təşkil olunacaq. Kurslarda dinləyicilərə təqdim edilən prezentasiyalar xüsusi hazırlanan CD-lərə köçürülərək çoxaldılacaq. Bu materiallar kurs iştirakçılarına paylanılmaqla bərabər,  layihə üzrə digər tədbir iştirakçılarına da təqdim ediləcək”.

Valeh Məmmədov layihənin necə formalaşdığı haqqında fikirlərini söyləyib.

“İstəyirəm ki, şagirdlər gördüklərini sözlə ifadə edə bilmək bacarığına yiyələnə bilsinlər. Onlar öz fikirlərini diskussiya şəraitində söyləməyi bacarmalıdırlar. Şagirdlər cəmiyyətdə gördükləri mənfi halları işıqlandırmalı və onun təbliğatçısına çevrilməlidilər.Əsas məqsədimiz şagirdlərin cəmiyyətdə gördüyü mənfi halların qarşısını almaqdır.

Günümüzdə şagirdlər sosial şəbəkələrdə olduqca aktivdilər.Onlar çəkdikləri video və şəkilləri sosial şəbəkədə paylaşırlar.Şagirdləri bu hallardan yayındırıb onları yaxşı istiqamətə yönəltmək lazımdır.

Fəal , jurnalistikaya meyli olan, yaxşı foto çəkə bilən uşaqları irəliyə çəkəcəyik.Əsas məqsədim uşaqlarda jurnalistikaya meyli artırmaqdır”.

Qeyd edək ki, layihə gələn ilin fevralında yekunlaşacaq.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları