Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-31 15:50:24
Sosial şəbəkələrdə bitməyən BSU etirazları: ““Primakov sərgisi” dayandırılmalı, müsabiqə ləğv edilməlidir”

Bakı Slavyan Universitetinin bir qrup tələbəsi vaxtilə Azərbaycanda 20 Yanvar qırğınının törədilməsində iştirak edən sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilən esse müsabiqəsində iştirak edib.

Esse müsabiqəsi Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə baş tutub.

Oktyabrın 15-də Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov esse müsabiqəsinin qalibi olmuş tələbələr – Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovanı qəbul edib. Görüşdə BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev də iştirak ediblər.

Üstəlik, oktyabrın 29-da Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Yevgeni Primakovun 90 illiyinə həsr olunan sərgi də açılıb.

Bu hadisə sosial şəbəkələrdə ciddi etirazlara səbəb olub. Bir çox ictimai xadimlər və tanınmış şəxslər etiraz əlaməti olaraq BSU-nun rektoru Nurlana Əliyevanı istefaya səsləyiblər.

AzEdu.az sözügedən hadisə ilə bağlı bir neçə tanınmış şəxsin fikirlərini öyrənib. 

 BDU-nun Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosenti Sabir  Məmmədli:  

“Bakıda Primakova həsr olunmuş sərgi... Niyə məhz Azərbaycanda?! 20 Yanvar qırğınını törətdiyini bu xalqa unutdurmaq istəyirsiniz?! Bu hansı düşüncəyə sığır?!  Primakov ən qatı cinayətkardır  və bu haqda Azərbaycan Respublikası Ali Sovetinin qərarı var. Qərar da qüvvədədir!

Hansı düşüncə, hansı ağılla 20 Yanvar  faciəsinin əsas təşkilatçılarından olan Primakovun Bakıda sərgisinə icazə verilib! Bu hərəkət birbaşa millətin mənliyini sındırmağa yönəlib. Primakov ən böyük cinayətkarlardan biridir.

20 Yanvar qırğınının təşkilatçılarından olan Primakovun sərgisi şəhidlərin ruhuna təhqirdir! Sərgi dərhal dayandırılmalıdır!

 Qarabağ müharibə veteranı, jurnalist Rey Kərimoğlu:

 – “Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva dərhal vəzifəsindən azad edilməlidir! Dərhal! Və barəsində cinayət işi başlanmalıdır! Rəhbərlik etdiyi təhsil ocağının 20 yanvar qatili Primakovun xatirəsinə esse müsabiqəsində iştirak etdiyinə görə!

Azərbaycan Xalq Hərəkatının liderlərindən Etibar Məmmədov:

“Primakovun xatirəsinə sərgi keçirmək Milli Azadlıq Hərəkatında olan şəhidlərimizin, qazilərimizin, ümumilikdə bütün millətin xatirəsinə təhqir deməkdir. Bunu kim keçirirsə, bunlar anti-Azərbaycan qüvvələridir. Buna yol vermək olmaz. Mənim buna fikrim qəti olaraq mənfidir. Məqsəd vaxtilə Azərbaycanın düşmənləri olan Kirovu (Sergey Mironoviç Kirov - 1921-1926-cı illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi olub-red), Mikayanı (Anastas İvanoviç Mikoyan - anti-Azərbaycan mövqeyi ilə tanınan keçmiş SSRİ-nin siyasətçisi, Azərbaycan Kommunist Partiyasının Bakı şəhər Komitəsinin katibi olub -red), Şaumyanı (Stepan Georgiyeviç Şaumyan - 1918-1920-ci illərdə Bakı Kommunasının rəhbəri olub-red) Azərbaycanın dostu kimi qələmə vermək istəyənlərlə eynidir. Azərbaycanın düşmənlərini Azərbaycanın dostu kimi, xətri keçən bir insan kimi təqdim eləməkdir. Çünki 20 yanvar hadisəsinin 30 illiyi olacaq. Bu, olanların millətin yadından çıxartmaq cəhdidir”.

Turan İnformasiya agentliyinin redaktoru Şahin Hacıyev:

 “Primakovun adı bağlıdır ilk növbədə 20 Yanvar hadisələri ilə... O, Bakıya Moskva tərəfindən rəsmi olaraq göndərilmişdi. Hadisələr zamanı belə bir məşhur ifadə işlətmişdi: “Biz bura ona görə gəlmişik ki, kommunist rejimin yıxılmasının qarşısını alaq. O, xalq hərəkatı liderləri ilə, hökumətlə, dini xadimlərlə danışıqlar aparırdı və bununla qarşısında qoyulan məsələnin həlli yolunu axtarırdı. Görəndə ki, Vəzirov rejimi (Əbdürrəhman Vəzirov-Azərbaycan Kommunist Partiyasının keçmiş birinci katibi-red ) çökür, onun belə bir təşşəbüsü olmuşdu, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə təklif eləmişdi ki, hökumətə sən rəhbərlik elə. Bütün bu addımlar, bu siyasət Azərbaycanda xalq hərəkatının qarşısını almaq məqsədi güdürdü. Belə adamı çətin ki, Azərbaycanın dostu adlandırmaq olar. Ona görə də Bakıda onunla bağlı hər hansı tədbirin keçirilməsi ən azından böyük sual doğurur”.

Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli: 

"20 Yanvar faciəsinin 30 illiyi ərəfəsində bu faciənin birbaşa təşkilatçısı, əsas cəlladı Yevgeni Primakovun şərəfinə Bakıda sərginin açılması Şəhidlərin ruhunun təhqir edilməsidir. Sərgi dərhal dayandırılmalıdır!!!"

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz : 

“Bu "Primakov məsələsi" həqiqətən biabırçılıqdır. Bu məlumatları oxuyanda çox təəcübləndim . Dünən Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində 20 YANVAR qətliamının əsas təşkilatçılarından olan Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş sərgi açılıb və BSU -da onunla bağlı yazı müsabiqəsi təşkil olunub. Bu qədər etinasızlıq, dövlətə və xalqa qarşı bu dərəcədə sayğısızlıq necə ola bilər axı ? Nədir burada məqsəd ? Təşkilatçılar bununla nə demək istəyirlər? Düşünürəm ki , “Primakov sərgisi” dayandırılmalı, müsabiqə ləğv edilməlidir. Belə halların təkrarlanmaması üçün vəzifəli şəxslərin məsuliyyəti artırılmalıdır.

“Bizim Yol” qəzetinin redaktoru  Bahəddin Həzi:  

Bakı Slavyan Universitetində Primakov sərgisi... Sözün bitdiyi yer.

Mənim üçün maraqlı olan başqa bir məsələdir: o Universitetdəki professor-müəllim heyəti, tələbələr hara baxır?! Onlar niyə etiraz etmirlər buna?!

Qeyd edək ki, BSU-nun  mətbuat xidməti sosial şəbəkələrdə, xəbər saytlarında  yazılan fikirlərə münasibət bildirib.

“Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilmiş esse müsabiqəsi Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin layihəsi olub. BSU-nun yazı müsabiqəsinin qalibi olmuş tələbələri səfirliyin BSU-ya rəsmi məktubu əsasında həmin yazı müsabiqəsində iştirak ediblər. Universitetin kollektivi belə həqiqəti əks etdirməyən yazıları ictimai fikri çaşdırmaq, universitetin işgüzar nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndirir və buna birmənalı olaraq öz etirazını bildirir “.

Ayşə Müseyib