Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-31 13:25:00
Ziyalılardan Slavyan Universitetinə və rektora etiraz: “Bu, biabırçılıqdır”  

Bakı Slavyan Universitetinin bir qrup tələbəsi vaxtilə Azərbaycanda 20 Yanvar qırğınının törədilməsində iştirak edən sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilən esse müsabiqəsində iştirak edib.

Esse müsabiqəsi Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə baş tutub.

Oktyabrın 15-də Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov esse müsabiqəsinin qalibi olmuş tələbələr – Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovanı qəbul edib. Görüşdə BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev də iştirak ediblər.

Üstəlik, oktyabrın 29-da Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Yevgeni Primakovun 90 illiyinə həsr olunan sərgi də açılıb.

Bu hadisə sosial şəbəkələrdə ciddi etirazlara səbəb olub. Bir çox ictimai xadimlər və tanınmış şəxslər etiraz əlaməti olaraq BSU-nun rektoru Nurlana Əliyevanı istefaya səsləyiblər.

AzEdu.az sözügedən hadisə ilə bağlı bir neçə tanınmış şəxsin fikirlərini öyrənib.

Millət vəkili Fazil Mustafa AzEdu.az-a açıqlamasında bildirib ki, bu yanlış  addımdır və siyasi savadsızlıq nümunəsidir:

“Azərbaycanda 20 Yanvar rəsmi olaraq dövlət səviyyəsində matəm günü kimi qeyd olunur. Bu kütləvi qırğının da yaradıcısı Yevgeni Primakovdur. Bu nə yanaşmadır?! Əgər Rusiya ilə münasibətlərin önəmindən bəhs etmək istəyirsinizsə, Puşkin və Dostoyevski barədə sərgi keçirin. Bu cür tanınmış şəxsiyyətlərin Azərbaycan mühitinə təsiri haqqında esse yazdırın. Ölkəmizin düşməni olan şəxsin yubileyini qeyd etməyin heç bir məntiqi izahı yoxdur. Bunu edənlər siyasi cəhətdən savadsızlıq nümunəsi ortaya qoyublar. Ola bilsin ki, Rusiya tərəfdən belə sərginin keçirilməsi ilə bağlı  təklif gəlib. Ancaq bu da baş verənlərə əsas sayıla bilməz. Adama yüz təklif gələr, ancaq təklifləri ağılla ölçmək, dəyərləndirmək lazımdır. Bu, çox yanlış təbliğatdır və ictimai qınaq öz sözünü deməlidir”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl qeyd edib ki, Yevgeni Primakovun  20 Yanvar qırğınının təşkilatçısı və iştirakçısı olduğu hər kəsin yaddaşındadır:

“Slavyan Universitetinə Rusiyanın tanınmış şəxsiyyətləri ilə bağlı esse yazdırmaq maraqlıdırsa, diqqətə çatdırım ki, bu il başda Puşkin olmaqla 50-ə qədər rus yazıçısı və şairinin yubileyi qeyd olunacaq. Niyə Puşkinin, İvan Krılovun yubileyləri ilə əlaqədar esse yazdırmırlar, amma Azərbaycan xalqının düşməni, 20 Yanvar qırğınının təşkilatçısının yubileyi münasibətilə sərgi keçirirlər?! Bu, siyasi təxribatdır, biabırçılıqdır və təcili düzəldilməlidir. Hadisə Rusiya Səfirliyinin də maraqları çərçivəsindədir”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı mediada səs-küyə səbəb olan hadisəni pisləyib:

“20 Yanvar hadisələrinin bilavasitə iştirakçısı olan, Azərbaycanın müstəqilliyinin əleyhinə təxribatlarda adı hallandırılan insanın yubileyi münasibətilə müsabiqələrdə iştirak edilməsi, sərginin keçirilməsi qətiyyən doğru qəbul edilə bilməz. Hadisəni düzgün qiymətləndirmirəm. Dəhşətli qırğının səbəbkarının bu şəxs olduğu hər kəsə məlumdur. Ona görə də belə olaylar birmənalı şəkildə yolverilməzdir”.

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz vurğulayıb ki, Primakov təkcə 20 Yanvar hadisələrində deyil, Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunmasında da rol oynayıb:

“Universitet rəhbərliyi vətənpərvərlik, millət, dövlətçilik məsələlərində həssas olmalı və bu dəyərlərin əleyhinə olan hər hansı hadisənin qarşısını almalıdır. Bu gün, faktiki olaraq  ali məktəb Azərbaycan xalqının birbaşa qətlində iştirak edən insanın sərgisini keçirirsə, bu bağışlanılmazdır. Qarbaçovun birbaşa adamı olan insanın necə sərgisini keçirmək olar?! Rektor özü istefa verməlidir”.

Qeyd edək ki, Bakı Slavyan Universiteti ali məktəblə bağlı tənqidlərə münasibət bildirib. BSU-nun yaydığı açıqlamada deyilən bir sıra fikirləri təqdim edirik:

“Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilmiş esse müsabiqəsi Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin layihəsi olub. BSU-nun yazı müsabiqəsinin qalibi olmuş tələbələri səfirliyin BSU-ya rəsmi məktubu əsasında həmin yazı müsabiqəsində iştirak ediblər. Onu da qeyd edək ki, yazıda adları çəkilən tələbə-gənclər əcnəbi tələbələrdir və Rusiya Federasiyasının vətəndaşlarıdırlar.

BSU-nun rektoru, professor Nurlana Əliyeva haqqında səslənən əsassız iddialara isə cavab olaraq bildirmək istəyirik ki, Nurlana Əliyeva xalqımızın milli maraqlarına, dövlətə və dövlətçiliyə sədaqətli, doğma Azərbaycanımıza vicdanla, ləyaqətlə, yüksək peşəkarlıqla xidmət edən bir elm və təhsil xadimi, ziyalı Azərbaycan xanımıdır.

Universitetin kollektivi belə həqiqəti əks etdirməyən yazıları ictimai fikri çaşdırmaq, universitetin işgüzar nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndirir və buna birmənalı olaraq öz etirazını bildirir”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları