Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-31 11:26:09
Azərbaycandakı xüsusi siniflərin tam fərqli istedada sahib şagirdləri – Qeyri-adi bacarıqlar-FOTOLAR  

Oktyabrın 29-da istedadlı uşaqlar üçün xüsusi siniflərin fəaliyyət göstərdiyi Bakı şəhəri 220 nömrəli məktəb-liseyə mediatur təşkil edilib. Mediaturun məqsədi ümumi təhsil müəssisəsində təşkil edilən xüsusi siniflərlə tanışlıq, bu siniflərdə tədris prosesi ilə bağlı media nümayəndələrini məlumatlandırmaq olub.

AzEdu.az olaraq biz də mediatiurda iştirak etdik. Müəllim və şagirdlərlə həmsöhbət olub, dərs şəraiti ilə tanış olmağa çalışdıq.

Həyətə girən kimi bizi iki məktəb binası qarşılayır. Soldakı binaya daxil olub, 3-cü mərtəbəyə qalxırıq. Öyrənirik ki, məktəb iki korpusdan ibarətdir: sağdakı bina ibtidai siniflər üçün nəzərdə tutulub.

Müəllim və şagirdlər bizi mehribanlıqla qarşılayırlar. İlk olaraq, şagirdlərlə dərsləri, uğur və nailiyyətləri, gələcək arzuları ilə barədə həmsöhbət oluruq:

“Yalnız bir amalımız var, o da vətənə layiqli vətəndaş olmaqdır”

İlk həmsöhbətimiz Günel Əzimovadır.  G.Əzimzadə xüsusi istedadlar sinfinin ona qazandırdıqlarından danışır:

“Bu sinifdə oxumaq mənə müxtəlif biliklər öyrətməklə yanaşı, rəqabət aparmağı, müxtəlif olimpiadalarda iştirak etməyi, həmçinin, seçdiyimiz mövzuları daha dərindən mənimsəməyi, eyni zamanda, gələcəyimi sağlam təməllərlə qurmağı öyrədir. Yalnız bir amalımız var, o da vətənə layiqli vətəndaş olmaqdır”.

“Böyüyəndə isə iqtisadçı olmaq istəyirəm”

Söhbət əsnasında Günel, gələcək hədəflərindən də söz açdı:

“Sinfimizin digərlərindən fərqi ilk növbədə, dərslərə daha məsuliyyətlə yanaşmaq və olimpiadalarda iştirak etmək şansımızın olmasıdır. Biz dərsləri daha dərindən təcrübə əsasında öyrənirik. Bütün  fənləri yaxşı oxumağa çalışıram. Böyüyəndə isə, iqtisadçı olmaq istəyirəm”.

“Bizə beynəlxalq yarışlarda iştirak etmək şansı yaradırlar”

İkinci həmsöhbətimiz Pərviz Fərzəliyev oldu. O da açıqlaması zamanı oxuduğu sinfin ona qatığı biliklərdən qazandığı uğurlardan danışdı:

“Biz V sinfi bitirdikdən sonra, xüsusi istedadlar sinfində oxumaq üçün verdiyim imtahanda yüksək bal topladım. Bu sinif mənə yüksək nailiyyətlər qazandırdı. Dərslər müasir üsullarla keçirilir. Texniki fənlərlə yanaşı, ingilis dili də yüksək səviyyədə tədris edilir. Müəllimlərimiz də çox yaxşıdır.  Bizə beynəlxalq yarışlarda iştirak etmək şansı yaradırlar. Mən “Avropa Banklar Federassiyası” və “Azərbaycan Banklar assoasiyası”nın keçirdiyi 13-16 yaşlar arasında təşkil etdiyi yarışlarda iştirak edərək, ölkəmizi Brüsseldə təmsil etdim.

Hələ ixtisas qrupumu tam seçməmişəm. Bütün fənləri oxumağa çalışıram. Ən sevdiyim fənn isə ingilis dili, tarix və biologiyadır. Gələcəkdə iqtisadiyyatla bağlı təhsil almaq istəyərəm”.

“Xüsusi istedadlar sinfində oxumaq böyük uğurdur”

Növbəti həmsöhbətimiz Rəsul Zəkəriyyəyev  dərs şəraitindən söz açdı:

“Xüsusi istedadlar sinfində oxumaq böyük uğurdur. Burda oxumaqla gələcəkdə ölkəmizi təmsil etmək hüququ qazanırıq.   Təhsilimiz nə qədər yüksək olsa  ölkəmizi də o qədər yüksək səviyyədə təmsil edə bilərik. Elə buna görə də, dərslərimizi daha yaxşı oxumağa çalışırıq. Laboratoriyamız olmasa da dərsləri daha dərindən öyrənmək üçün əlimizdən gələni edirik.

Bir neçə dəfə fənn müsabiqəsində iştirak etmişəm. Kimya fənn olimpiadasında fərqlənmə diplomum da var. Hələlik arzum həkimlik olsa da gələcəkdə fikrim dəyişə bilər. Buna görə də bütün fənləri dərindən öyrənməyə çalışıram”.  

“Əsas hədəfim isə ölkəmizi xarici olimpiadalarda uğurla təmsil etməkdir”

Daha sonra isə, olimpiadaçı Zərifə Məmmədli ilə həmsöhbət olduq. Respublika fənn olimpiadasında III yeri qazanan Zərifə, uğurunun sirlərindən və gələcək hədəflərindən danışır:

“220 saylı məktəb liseyin xüsusi istedadlar sinfində oxumaq mənə çox şey qatdı. Xüsusilə də, olimpiadik biliklər qazandırdı.

Bu sinifdə oxuyaraq. gələcəkdə çox böyük uğur və nailiyyətlər əldə edəcəyimə əminəm. Hətta bu  nailiyyətlərdən birini artıq əldə etmişəm. Belə ki, ötən il, respublika  fənn olimpiadasında  kimya fənni üzrə III yerə layiq görüldüm. Bunu  qazanmaq üçün inanmaq və çox çalışmaq kifayət elədi.

Bizim digər siniflərdən əsas fərqi, olimpiadik biliklərin  verilməsidir. Burda bütün fənlər üzrə, xüsusilə də riyaziyyat üzrə daha yüksək, elmi biliklər qazanırıq.  Gələcəkdə  uşaq həkimi olmaq istəyirəm. O vaxta qədər əsas hədəfim isə ölkəmizi xarici olimpiadalarda uğurla təmsil etməkdir”.

“Bizə fənlər, xüsusilə də riyaziyyat digər siniflərlə müqayisədə daha fərqli keçirilir” 

Sonuncu həmsöhbətimiz isə Əfəndiyev Fərid oldu. Dəfələrlə məntiq olimpiadalarında iştirak edərək uğur  qazanan Fərid ona uğur qazandıran dərs üsullarından söhbət açır:

“Bu sinifdə oxuduğum üçün qürur duyuram. Bu günə qədər bir çox olimpiada və yarışlarda: Kenquru,  Lütfi Zadə adına yarışma və fənn müsabiqələrində iştirak edərək müxtəlif nailiyyətlər əldə etmişəm.  Kenquruda yer tuta bilməsəm də, Lütfi Zadə adına məntiq olimpiadasında bir dəfə ikinci bir dəfə də üçüncü yer tuta bilmişəm.

Bizə fənlər, xüsusilə də riyaziyyat digər siniflərlə müqayisədə daha fərqli keçirilir.  Belə ki, dərsləri, daha çox, daha çox, dərsliklərdən deyil, daha çox, əlavə materiallardan istifadə edirik. Bununla da biz daha yaxşı nəticə göstəririk. Ən sevdiyim fənn riyaziyyat olsa da digər fənləri də oxumağa çalışıram. Texniki fənlərlə aram daha yaxşı olduğu üçün birinci ixtisas qrupuna hazırlaşaraq, pilot olmaq istəyirəm”.

“Onlar riyaziyyatdan öyrəndiklərini nəinki, digər fənlərə eyni zamanda, həyata da tətbiq edə bilirlər”

 Şagirdlərlə söhbəti yekunlaşdırıb, onlara riyaziyyatı sevərək öyrədən müəllimləri Gülnaz Səmədova ilə söhbət etdik. O, ilk olaraq, dərs prosesindən söz açır:

“Uşaqlar xüsusi istedadlar sinfində oxumaq üçün 5-ci sinifdə imtahan versələr də, proqram onlara 6-cı sinifdən tətbiq edilir.  O gündən bəri onların bilik səviyyəsində çox irəliləyiş var.  Hətta  bəzən ən çətin misalları həll etdikdə sevincdən əl çalırlar ki, hansı səviyyədən hara gəlmişik. Uşaqlar da dərsə həvəsli və çox çalışqandırlar. Onlar hər şeyə yaxşı tərəfindən baxırlar. Belə bir devizimiz var ki, biz stəkana baxıb da yarısı boşdur demirik, əksinə yarısa doludur deyirik.

Dərs dediyim digər siniflərlə bu uşaqlar arasında çox fərqlər var. Bu sinfin qavrama qabiliyyəti daha iti, beyinləri daha sürətli işləyir. Eyni məsələlərə müxtəlif cəhətdən yanaşırlar. Onlar riyaziyyatdan öyrəndiklərini nəinki, digər fənlərə eyni zamanda, həyata tətbiq edə bilirlər”.

“Bu uşaqlar nəinki, 8 eyni zamanda 9, 10, 11 hətta məktəb səviyyəsindən də yuxarı səviyyədə riyazi biliklər öyrənirlər”

Həmsöhbətimiz, dərs proqramlarından, şagirdlərin gələcək hədəflərindən söz açdı:

“Sinfin digərlərindən əsas fərqi isə dərs proqramıdır. Bu uşaqların dərs proqramları digər həmyaşıdlarına nisbətən daha yüklüdür. Onlar uşaqlar normal siniflərdə oxusaydılar, əminliklə deyə bilərəm ki, sinfin 80%-i  riyaziyyatdan əlaçı olardılar. Çünki bu uşaqlar nəinki, 8 eyni zamanda 9, 10, 11 hətta məktəb səviyyəsindən də yuxarı səviyyədə riyazi biliklər öyrənirlər.

Onların gələcəklə bağlı hədəfləri də fərqlidir. Hətta bununla bağlı stend də hazırlamışdılar. Öz yaşlarından daha yüksək məqsədləri var”.

Nəhayət sonda, Azərbaycan Respublikası Təhsil İnstitutu istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev mediatur iştirakçılarına görülən işlər haqda məlumat verdi:

“Bu gün Azərbaycanın bir çox bölgəsində 47 rayon üzrə 117 məktəbdə 162 belə sinif fəaliyyət göstərir.  Ötən ildən etibarən Təhsil Nazirliyi tərəfindən yaradılan bu siniflər artıq öz səmərəsini verir. Hədəfimiz,  Azərbaycanın bütün hər yerində bu tipli siniflərin fəaliyyət göstərməsidir. Siniflərin yaradılmasında əsas məqsəd, isə, xüsusi istedadı ilə seçilən şagirdlərin fənləri daha dərindən öyrənmələridir.

Azərbaycan Respublikası tərəfindən artıq 5 ildir ki, 6-7 siniflər arasında fənn müsabiqələri keçirilir. Bu fənn müsabiqələrində əsasən, riyaziyyat, kimya fizika iştirak edən şagirdlərin kontingentindən ibarət olan bun siniflər, əsasən,  fənlərin daha dərindən mənimsənilməsi üçün yaradılmış siniflərdir.  Biz inanırıq ki, bu şagirdlər istər respublika, istərsə də, beynəlxalq fənn olimpiadalarında iştirak edərək, həm öz rayonlarını, həm də ölkəmizi uğurla təmsil edəcəklər. Əsas məqsədimiz gələcəkdə ixtisaslı kadrların yetişdirilməsidir”.