XƏBƏRLƏR

31.10.2019 09:15
İbtidai siniflərdə rus dili bölməsi ləğv olunmalıdır? –“Ciddi müəllim çatışmazlığı yaranar”

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov mediaya müsahibəsində məktəblərdə ibtidai təhsilin rus bölməsində aparılmasının əleyhinə olduğunu bildirib. Bu fikri orta ümumtəhsil müəssisələrinin Rus bölməsində tədrisin bir sıra problemlərini aktuallaşdırıb.

“Alternativ ikidilli sistem yaratmaq mümkündür”

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Anar Məmmədov bu fikri dəstəkləməməsini belə əsaslandırıb:

“Şahlar müəllimin bu fikri niyə dediyi mənə aydındır. İstəyir ki, şagirdlərimiz öncə doğma dillərini öyrənsin, milli dəyərlərə meyl etsinlər.

Amma şagird gələcəkdə Rus bölməsini seçsə, bu addım onu geri sürükləyəcək. Bu fikrin düzgün olmasını heç cür ehtimal edə bilmirəm. Kimsə Rus dilini öyrənməyə gec başlaması normaldır. Amma Rus bölməsində IV sinifdən təhsil almağı düzgün hesab etmirəm.

Əvəzində buna alternativ ikidilli sistem yaratmaq mümkündür. Məsələn, Rus bölmələrinin ibtidai siniflərində  Azərbaycan və Rus dillərini birgə tədris etmək olar. Düzgün işlənilsə, bu yanaşma çox uğurlu olardı”.

“Rus bölməsinə hələ bağçadan qoymaq lazımdır”

Ekspertin fikrincə, valideyn övladını Rus bölməsinə qoymaq istəyirsə, hətta I sinifdə belə gecikmiş olur:

“Onu hələ bağçadan Rus bölməsinə qoymaq lazımdır. Şagirdi IV sinifdən Rus bölməsinə yerləşdirməklə hansısa problemi həll edəcəyimizi düşünmürəm. Onlarda milli düşüncənin inkişafı problemi IV sinifdən rus bölməsinə gəlməklə həll olunmayacaq.

Ümumiyyətlə, Rus bölməsinə axının güclü olduğunu görürük. Bu, uşaqların Azərbaycan bölməsinə gəlmələrinin qarşısını alır. Rus bölməsini seçən şagirdlərin sayını süni artırır. Bu isə gələcəkdə bizi çox ciddi problemlərlə üz – üzə qoya bilər. Rus bölməsində müəllim çatışmazlığının yaranma ehtimalı var. Aydındır ki, universitetlər gələcəkdə Rus bölməsinin tələbatını ödəyə biləcək yetərincə rusdilli müəllimlər məzun etmir. Buna görə də, təhsilin başbilənləri bu problemi öncədən düşünməli, hansı strateji addımları atacaqlarına qərara verməlidirlər”.

“Sektorlararsı fərqi aradan qaldırmaq üçün çox yaxşı şansdır”

Anar müəllimin fikrincə, bu süni axının qarşısını almaq üçün ikidilli sistemi tətbiq etmək olar:

“Məsələn, Rus bölməsində tədris Azərbaycan  və Rus, İngilis bölməsində isə Azərbaycan  və ingilis dillərində aparılmalıdır. Təbii ki, istənilən sektorda Azərbaycan ağırlığı və ədəbiyyatını saxlamaq şərtilə.

Bu, məktəb və proqramın spesifikasından asılı olaraq, dəyişə bilər. Təbii ki, bu sistem ciddi kurikulum üzərində işləmək, pilot addımlar atmaq zərurətini ortaya qoyacaq. Amma çox optimal yoldur. Məsələn, Azərbaycan ədəbiyyatı ana dilində, Rus ədəbiyyatı isə Rus dilində keçirilsin. Bundan əlavə, Rus bölməsində Riyaziyyat rusca, Azərbaycan tarixi isə azərbaycanca keçirilə bilər..

Bu, həm də sektorlararası fərqi aradan qaldırmaq üçün çox yaxşı şansdır. Şagirdlərin fərqli dillərə olan maraqları öz dəyərlərindən imtina hesabına başa gəlməməlidir.

Qısaca, IV sinifdən başlamaq kimi riskli addımı atmaz, bu təklifin leyhinə səs verməzdim. Amma istənilən halda arqumentləri dinləməyə dəyər”.

Qeyd edək ki, Şahlar Əsgərov İbtidai siniflərdə Rus bölməsinin ləğvi fikrini belə əsaslandırmışdı:                                                               

“Etnopedaqogiyanın məşhur mütəxəssisi Gennadi Volkovun gözəl bir ifadəsi var: “Xalqı ən təmiz formada uşaqlar təmsil edir. Milli uşaqlarda öldüsə, bu, millətin ölümünün başlanğıcı deməkdir. ” Ona görə də hesab edirəm ki, ibtidai məktəbdə təhsil yalnız Azərbaycan dilində, yəni ana dilində getməlidir. Ancaq dördüncü sinifdən sonra bir seçim verə bilərsiniz – Rus və ya İngilis təhsil sektoru. Bu, Gürcüstan və Baltikyanı ölkələrdə geniş tətbiq olunur. Bir millət birləşməlidir, dillərə bölünməməlidir”.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu