Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-30 18:00:38
AYB-nin Gənclər Şurasının məktəblilərlə görüşü -REPORTAJ
 
30 oktyabrda AYB-nin "Natəvan” klubunda Gənclər Şurasının Xətai rayon Sədrəddin Həsənov adına 63 saylı tam orta məktəbin 10-cu sinif şagirdləri ilə görüşü baş tutdu. Görüş Xətai rayon İcra Hakimiyyəti, Xətai rayon Bələdiyyəsi, Xətai royon Gənclər və İdman idarəsi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirildi. Xətai rayon Bələdiyyəsinin üzvü Səbinə Abdullayevanın "Nəsimi ili” çərçivəsində "Ədəbi niyyət” layihəsi əsasında keçirilən tədbirdə Gənclər Şurasının üzvləri, İcra Hakimiyyətinin və Rayon Bələdiyyəsinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak etdi.
 
 
Zalda uşaqları görər-görməz məktəb vaxtı vərəqlədiyim kitablar, əzbərlədiyim şeirlər yadıma düşdü. Görüşəcək yazarlar arasında onlara yaşca ən yaxın mən sayılırdım. 10-cu sinifdə adamın qayğıları başqa olur, bəlkə də ədəbiyyata o qədər maraqlı da olmursan, amma bu şagirdlərin üzündəki həvəs və maraq ilk məni sevindirirdi. Qeyd götürməyə başlayıram. Tədbirin aparıcısı Xəyal Rzadır. Bizi gələn qonaqlarla tanış edir. Gənclər Şurasının üzvlərindən Fuad Cəfərli, Tural Turan, Şahanə Müşfiq, Elmin Nuri, Gülnar Səma şagirdlərin görüşündə idi. 
 
Rəşad Məcid həmişə olduğu kimi kitab sovqatı ilə bərabər gəlmişdi. Yeni çap olunan kitablardan şagirdlər üçün gətirən AYB-nin katibi tədbirin açılışını etdi. Şagirdlərin mütaliə zövqündən, kitaba marağından, kitabxanalardan danışan Rəşad Məcid bu cür görüşlərin şagirdlər üçün əhəmiyyətini vurğuladı və yenə belə tədbirlərin təşkilatına həvəslə çalışacağını bildirdi. 
 
 
 
  "Biz hərdən gənclərin kitab oxumamasından şikayətlənirik. Bu cür tədbirlər gənclərə ədəbi dəyərlərimizin təbliğində böyük rol oynayır. Bu şagirdlər üçün Yazıçılar Birliyinin "Natəvan” klubundakı gənc yazarlarla görüşün xatirəsi uzun zaman dəyərli qalacaq. Bu otaqda böyük yazıçıların kitab təqdimatları, imza günləri keçirilib. İndi isə şagirdlərimizin növbəti ədəbi nəslin yazarları ilə görüşüblər”.
  Daha sonra Rəşad Məcid AYB-nin "Gənc Ədiblər Məktəbi” layihəsindən də danışdı:
 
  "Bu yazarların arasında "Gənc Ədiblər Məktəbi”nin üzvləri də var. Biz gənc yazarları kəşf etmək üçün bu cür layihələr düşünürük həmişə. Elə "4-cü Gənc Ədiblər Məktəbi”ndə də bu şagirdlərin yaşıdları öz yaradıcılığını təqdim edə bilir, ustad dərsləri alırlar. Biz Yazıçılar Birliyi olaraq gənclərlə həmişə bu cür görüşlərə hazırıq”.
 
  Rəşad Məcid kitabları bizə əmanət edib tədbiri tələsik tərk edir. 
 
  Söz Gənclər Şurasının sədri, şair Fərid Hüseynə verildi. Fərid Hüseyn şagirdləri salamlayıb, görüşün mahiyyətindən, kitabların onlara verə biləcək müsbət meyarlarından söz açdı. Ədəbiyyatın əsl vəzifəsi haqqında, insanlar arasındakı münasibəti haqqında danışdı.
 
 
 
  "10-cu sinifdə, elə sizin yaşınızda ilk şeirlərimi yazdım. Sonra tələbəlik illərində yenidən ədəbiyyata qayıtmaq ehtiyacı hiss etdim. Ədəbiyyatın əsl mahiyyətini sonralar anladım. Artıq şeir kitablarım çap olunmuşdu, müxtəlif dillərə tərcümə olunmuşdum. Ancaq hələ də içimdə ədəbiyyatın nə olduğu ilə bağlı suallar qalmışdı. Bir gün tərcümə etdiyim Britaniya nağıllarından birində nəhayət ədəbiyyatın əsl missiyasını dərk etdim”.
  Fərid nağılın motivlərini danışır, şagirdlər qulaq asır, tanış olduqları ilk yazarı başa düşməyə çalışırlar. Daha sonra Gənclər şurasının sədri kitabxanalardan, mütaliədən danışdı. Şagirdlərlə bu mövzuda diskusiyaya girmək istəsə də, Xəyal Rza yeni gələn yazarları təqdim edir. Şagirdlərin canı sualdan qurtulur hələlik. 
 
  Söz Fuad Cəfərliyə verilir. Fuad tədbirin iştirakçılarını salamlayıb, sanki Fəridin yarımçıq qoyduğu fikirdən yola çıxır. Kitabların iş həyatında, dostlar arasında münasibətimizə etdiyi köməkliyi vurğulayır. 
 
  "Mən Allaha inanıram, amma sizin həyatınızdakı uğurları, nəticələri kitablar müəyyən edəcək. Oxuduğunuz kitabların sayı”.
  Şagirdlər Fuad Cəfərlinin sözlərini təsdiq edirmiş kimi başlarını sallayır. Xəyal Rzanın növbəti hədəfi mənəm. Gözlənilməz çıxışı tez-bazar yekunlaşdırıb Rəşad Məcidin şagirdlərə gətirdiyi kitabları paylayıram. 
 
  Yazar Şahanə Müşfiq yaradıcılığa marağından, işi ilə ədəbiyyatı arasındakı fərqlərdən danışmaqla çıxışına başlayır. Daha sonra bizim mövzunu davam etdirir; kitablar və mütaliə. Yerli yazarlarımıza olan marağın azlığından şikayətlənən gənc yazar şagirdlərə müəlliflərimizi mütaliə etməyi tövsiyə edir.
  "Kitab oxumaq indi dəb halını alıb. Müasir dövrdə İsa Muğannanı, Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni, Nizamini, Nəsimini tanımadan Pamuklara, Kafkalara qaçırlar, onları oxuyurlar. Bizim cəmiyyəti, bizim coğrafiyanı anlamaq üçün isə, bizim ədəbiyyatımızı öyrənmək üçün ilk öncə öz müəlliflərimizi oxumalı, təbliğ etməliyik”.
 
  Xəyal Rza Şahanə Müşfiqin çıxışından sonra "Bir qalanın sirri” filmindəki məşhur kitablarla bağlı epizodu yada salır. Gənc ədiblərin demək istədiyi fikirləri bir də o filmin simasında şagirdlərə çatdırır. 
 
  Növbəti çıxış Tural Turanındır. 
  "Bayaq şagirdlərə sual veriləndə danışmaq istəmədilər. Bu da ondan xəbər verir ki, mütaliəsi zəifdir bu uşaqların. Biz kənddə böyümüşük, yazıçıları, teatrı burada – Bakıda tanıdıq. Siz bu baxımdan şanslısınız. Ona görə də təşəbbüskar daha çox siz olmalısınız. Siz can atmalısınız Yazıçılar Birliyinə, teatrlara, konsertlərə. Kitab gündəliyiniz olsun, mən də tuturdum. Oxuduqlarınızdan qeyd götürün. Ümumiyyətlə, oxumursunuzsa, həvəsiniz yoxdusa, detektiv əsərlərdən başlayın, oxuyun”.
 
 
 
  Xəyal Rza şagirdlərlə tanış olmağa başlayır. Onların oxuduğu müəllifləri soruşur. Şagirdlər həm yerli müəlliflərimizin, həm də xarici müəlliflərin adını çəkdikcə bizi sevindirirlər. Şagirdlərdən Navab öz sinif yoldaşlarından daha cəsarətli davranıb Tural Turanın detektivlər haqqında dediyi fikirlərə qoşulur:
 
  "Yayda "Baskevitlərin iti” əsərini oxudum, detektiv idi, maraqlı idi. Sonra digər kitablara marağım artdı”.
 
  Yanımda əyləşən Ramazan isə klassiklərdən, intibah dövrü ədəbiyyatından danışdı. Nizamini oxuduğunu və sevdiyini dedi. Fərid Hüseyn bunun səbəbini balaca dostumuzdan soruşur, o da Nizaminin ədalət hissindən, cəsarətli şeirlər yazdığından həvəslə danışır. 
 
  Gənc yazarlardan Elmin Nuri isə şagirdlərə ədəbiyyat dərsliklərində olan çatışmazlıqlardan sual verir.  Uşaqlar hamısı yazarların bioqrafiyasının verilmədiyindən şikayətlənirlər. 
 
  Xəyal Rza tədbiri yekunlaşdırmaq üçün şagirdlərdən və qonaqlardan icazə istəyir. Fərid Hüseyn son təklifini edir:
  "Bu şagirdlər üçün şeir günü də keçirə bilərik”
 
  Məktəbin müəllimləri, qonaqlar fikri dəstəkləyir və beynimdə həmin şeir günü üçün indidən reportaj hazırlayıram. 
 
  Sonda isə Xətai rayon Gənclər və İdman idarəsinin məsləhətçisi Elvin Orucov tədbirin təşkilatçılığı üçün AYB-yə və gənc yazarlara təşəkkür etdi. Bundan başqa İcra Hakimiyyətinin baş məsləhətçisi Aytən Sadiqova və məktəbin "Uşaq Birliyi” təşkilatının rəhbəri Məmmədova Aytən də tədbir haqqında öz fikirlərini bildirdi. Elvin Orucov Xətai rayon Gənclər və İdman idarəsinin fəxri fərmanını Xəyal Rzaya təqdim etdi.
  Xatirə şəkliylə reportajı sonlandırıram.