Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-30 12:15:07
Rektor Hafiz Paşayevin uğurlu təhsil yolu - DOSYE

Azərbaycanın Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev öz ərizəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək, xarici işlər nazirinin müavini vəzifəsindən azad olunmasını xahiş edib.

AzEdu.az xəbər verir ki, müraciətində Hafiz Paşayev əmək fəaliyyətinin 27 ilini müstəqil Azərbaycanın dövlət strukturlarında işlədiyini və ölkəmizin maraqlarını hər zaman yüksək tutaraq müasir Azərbaycanın banisi Heydər Əliyevin və Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəmədiyini qeyd edib.

Hafiz Paşayev və təhsil yolu…

Hafiz Mir Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olub. O, 1963-cü ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib.

Hafiz Paşayev 1964-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. O, 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib.

1971-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub. 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

 Hafiz Paşayev1975-1976-ci illərdə Kaliforniya Universitetində tədqiqatlarını davam etdirib. O, 1992-2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Dünya mətbuatında dərc edilən məqalələr…

Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib.

Hafiz Paşayevin 100-dən artıq elmi əsərlərin və iki monoqrafiyanın müəllifidir. Həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir. Xarici dillərdən ingilis və rus dillərini bilir.

Uğurlu fəaliyyətin bəhrəsi…

Hafiz Paşayev 2011-ci il Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. 2016-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib. Hafiz Paşayev  2019-cu ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, H.Paşayev ADA Universitetinin rektoru vəzifəsini və ADA Universitetinin XİN-in nəzdində olduğunu nəzərə alaraq, XİN-in Kollegiyasının üzvü kimi fəaliyyətini davam etdirəcək.

Günel Yaşarqızı
Müəllifin digər yazıları