XƏBƏRLƏR

28.10.2019 16:00
Pozneri mat edən Arzu: “Mən həm də universitetdə dərs deyirəm, professor köməkçisiyəm”  

“Rusiyanın “tanınmış jurnalisti” Vladimir Poznerin iştirak etdiyi mühazirə  çox darıxdırıcı keçirdi. Hər kəs mühazirədən çox maraqlı və yeni məlumatlar gözləyirdi. Amma heç nə gözlənilən kimi olunmadı. Çünki, Poznerin fikirləri köhnə və geridə qalmış idi”

Bu sözləri AzEdu.az-a ABŞ-ın Kaliforniya ştatında rusiyalı  telejurnalist, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Poznerlə təşkil edilən görüş zamanı verdiyi sualla onu çətin vəziyyətə salan azərbaycanlı gənc Arzu Məmmədova deyib.

Arzu Məmmədova 1992-ci ildə Bakı şəhərində anadan olub. Əslən qarabağlıdır. Moskvada böyüyüb və orada lisey bitirib. Daha sonra isə Moskva Dövlət Universitetinin Bakı filialında təhsil alıb. O, bakalavr və magistratura təhsil səviyyəsini qırmızı diplomla bitirib. Hazırda isə ABŞ-ın “Middlebury İnstitute of İnternational Studies”da təhsilini davam etdirir. O,  rus, ingilis, ispan, türk dilini sərbəst bilir.

Arzu  bildirib ki, soyadı Məmmədova olsa da  insanların ona “Arzu Cahid” deyə  müraciət etməsini xoşlayır.

Arzu Cahidi  ABŞ-aparan səbəblər...

-ABŞ-da təhsil almağımın səbəbləri fərqlidir. Beynəlxalq arenada iş sahibi olmaq üçün Amerikada təhsil almağı hədəflədim. Hazırda isə 10 aydır ki, ABŞ-ın Koliforniya ştatında yaşayıram. Onu da bildirim ki, həm işləyib, həm də təhsil alıram. Hazırda 3 işdə çalışıram: həm institutda dərs deyirəm,  həm də bir neçə tələbənin layihəsinə kömək edirəm. Onu da bildirim ki, ABŞ universitetində  professorun da köməkçisiyəm.

“Bir ABŞ universitetində mühazirə”

-ABŞ-ın Kaliforniya ştatında “Middlebury Institute of International Studies” İnstitutunda  belə bir ənənə var ki, nüfuzlu şəxslər gəlib açıq mühazirələrdə iştirak edirlər. Rusiyalı telejurnalist, Vladimir Poznerin iştirak etdiyi mühazirədə  çox sayda   rus gəlmişdi. Həmçinin, postsovet ölkələrindən də gələnlər, eləcə də, hərbi müəllim və tələbələr çox idi.

 İnsanlara yuxu gətirən “ mühazirə”

-Rusiyanın “tanınmış jurnalisti”  Vladimir Poznerin iştirak etdiyi mühazirə  çox darıxdırıcı keçirdi. Mühazirədə  ancaq Sovet İttifaqından danışırdı. Pozner mühazirə zamanı çox geridə qalmış fikirlər səsləndirirdi. Onun mühazirəsi zamanı hətta mən belə əsnəyirdim. Mühazirədə iştirak edən insanlarla zarafatı da çox “yersiz” idi. Onun zarafatlarına heç kim gülmürdü.  

Mühazirədə hər kəs çox maraqlı  və yeni məlumatlar gözləyirdi. Amma heç nə gözlənilən kimi olmadı. Mühazirənin mövzusu  “ABŞ və Rusiya jurnalistikasının dəyişə siması” haqqında olsa da, Poznerin fikirləri  köhnə və geridəqalmış idi. Bir insan ki, faktı – Qarabağın Azərbaycana aidliyini - danırsa, onu jurnalist adlandırmaq olmaz.

...Və tanınmış “jurnalisti” çətin vəziyyətə salan sual...

-Poznerin mühazirədə çıxışını bitirəndən  sonra sual-cavab mərhələsi başladı. Daha sonra sualımı Poznerə ünvanladım. Amma o bildirdi ki, buradakıların heç birinin Qarabağ haqqında məlumatı yoxdur və Qarabağ burada heç kəsə maraqlı deyil. Ancaq bu, tamamilə yanlış idi. Çünki orada əyləşənlərin  99%-nin Qarabağ hadisələri ilə bağlı məlumatı var idi. Pozner sözümü yarımçıq kəsmək istəsə də, fikrimi sona qədər səsləndirdim. Ona Qarabağın Azərbaycan torpağı olduğunu, əslən qarabağlı olduğumu bildirdim. Bildirdim ki, Ermənistan Dağlıq Qarabağı işğal edib. Hətta bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri də var. Heç bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanımır. Mən ona bildirdim ki, siz Ermənistanı dəstəkləməklə qadın və uşaq qatillərini alqışlayırsınız və bununla da minlərlə azərbaycanlıya, məcburi köçkünlərə, o cümlədən mənə və ailəmə qarşı ayrı-seçkilik edirsiniz. Sual verdim ki, “Söz azadlığı ilə nifrət hissi arasındakı xətt haradan keçir?".  Ancaq o, sualdan yayınmağa çalışdı və  Qarabağ mövzusunun auditoriyaya maraqlı olmadığını bildirdi. Mühazirəni dinləyənlər siyasi arenada olan şəxslər,  müasir siyasətdən anlayışı olan tələbə və müəllimlər olub.

Tədbirdən sonrakı təəssüratlar...

-Rusiyalı telejurnalistə sual verdiyim zaman  həyəcanlı deyildim. Amma Poznerə ünvanlanan sualda “Heç bir ölkə Qarabağı müstəqil dövlət kimi tanımır” deyəndə qəribə hisslər keçirdim.  “Müstəqil” sözünü dediyim zaman səsim əsdi. Özümdə özümə sual verdim ki, səsim niyə belə əsdi?...

Görüşdən sonra mühazirədə iştirak edənlər mənə yaxınlaşaraq Poznerin səhv dediyini, Qarabağ münaqişəsi barədə məlumatları olduqlarını bildirdilər və mənə dəstək oldular. Hətta hərbi sahədən dərs deyən müəllim də mənə yaxınlaşaraq dedi ki, verdiyin sual çox maraqlı idi. Müəllim onu da mənə bildirdi ki, verdiyim sualdan sonra hər hansı problemin yaranacağını düşündüm. Hətta onu da dedi ki, yeganə insansan ki, gündəmdə olan sualı Poznerə verdin və cəsarətin üçün çox sağol. O da Belarus-Rusiya haqqında sual vermək istəyirdi. Ancaq ehtiyat etdiyi üçün vermədi. Orada Gürcüstandan olan tələbələr də çox idi, onlardan da sual verən olmadı. Düzünü deyim ki, mən əvvəldən erməni tələbələrdən də sual, hər hansısa addım gözləyirdim. Amma olmadı.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu