Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-28 12:07:00
Təhsildə İrlandiya təcrübəsi öyrənilir

Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, İqtisadiyyat və Maliyyə nazirliklərinin əməkdaşlarının yer aldığı nümayəndə heyəti İrlandiyanın Dublin şəhərinə işgüzar səfər edib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən  AzEdu.az-a bildirilib ki, səfəri məqsədi təhsil sistemində dövlət-özəl tərəfdaşlığının təşkili və idarə edilməsi sahəsində İrlandiya təcrübəsi ilə tanışlıq, mütərəqqi təcrübənin Azərbaycanda tətbiqi imkanlarını öyrənməkdir.

Səfər zamanı Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Peşə Təhsili və Təlimi Agentliyi (SOLAS), Milli Təlim Fondu, Təhsil və Təlim İdarəsi, Maliyyə üzrə Milli İnkişaf Agentliyi, Skillnet, Kvalifikasiya Qurumu, dövlət-özəl tərəfdaşlığı layihələrinə texniki məsləhət xidməti göstərən “Turner & Townsend” şirkəti, dövlət-özəl tərəfdaşlığı layihələrinin idarə edilməsi üzrə ixtisaslaşmış “PARIO” şirkətinin nümayəndələri və rəhbərləri ilə görüşlər keçirilib. Görüşlər zamanı İrlandiyanın təhsil sistemi araşdırılıb, dövlət-özəl tərəfdaşlığı layihələrinin hazırlanması və idarə edilməsi öyrənilib, maliyyələşdirmə mexanizmləri və iş yerində təlim mexanizmi nəzərdən keçirilib.

Dörd gün davam edən təlim səfərində nümayəndə heyəti dövlət-özəl tərəfdaşlığı çərçivəsində fəaliyyət göstərən “Athboy” məktəbi və “Baldoyel” təlim mərkəzinə də gediblər.

Təlim səfəri Avropa İttifaqının maliyyələşdirdiyi “Dövlət-özəl sektor tərəfdaşlığı vasitəsilə təhsil sektoruna davamlı maliyyə resurslarının cəlb olunması” layihəsi çərçivəsində həyata keçirilib.