Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-27 11:48:00
Qrant möcüzələri – robot mərkəzi yaradan müəllimlər

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib layihələrin bir çoxunun icrasına artıq başlanıb.

 AzEdu.az xəbər verir ki, müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

Müsabiqə 6 mövzunu – təhsilin idarəedilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi - əhatə edir.

Qeyd edək ki, Şəmkir rayon Nizami Gəncəvi adına tam orta məktəbin Riyaziyyat və İnformatika müəllimi Çiçək Xəlilli Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində “Robototexnika mərkəzi” layihəsi ilə qalib olub.

 O bildirib ki, robototexnikaya olan marağı universitet illərindən formalaşıb: 

“Mən bu layihəni uzun zamandır ki, həyata keçirmək istəyirdim. Lakin fürsət tapa bilmirdim. Qrant müsabiqəni gördükdən sonra düşündüm ki, bu fürsətdən yararlanmaq lazımdır. Mən “İstedadlı müəllim” müsabiqəsində informatika müəllimi kimi 3-cü yerə layiq görüldüm. Bu da qrant müsabiqəyə həvəsimi daha da artırdı. Layihəni hazırlayıb, təqdim etdim. Təhsil Nazirliyi layihəni həyata keçirmək üçün müəyyən büdcə ayırdı.

Şəmkir robototexnika mərkəzi adlı yer formalaşdırmışıq. Bura şagirdlər üçün çox maraqlıdır. Valideynlər üçün isə həddindən artıq fərqli məkandı. Hətta onlar gəlib övladlarının dərslərini də izləyirlər. Gənc informatika müəllimləri də gəlib tədris prosesi ilə tanış olurlar. Ümid edirəm ki, dekabr ayına qədər layihəni tam şəkildə formalaşdıra bilərik. Layihə düşündüyümdən də daha çox nəticə verir. Sonda ən çox aktivlik göstərən şagirdlərin gələcəkdə yaxşı təhsil almaları üçün şərait yaradılacaq. Biz ayrılan büdcəyə uyğun olaraq iki robot dəsti ala bilmişik. İki qrupumuz var və 20 şagird üçün nəzərdə tutulub. Hər qrupda 10 şagird fəaliyyət göstərir. Hər robot dərsində 5 şagird qrup formasında robot hazırlayır. Onlar əvvəlcə robotların kodlarını yazırlar. Sonra isə robotu düzəldərək, ona müxtəlif əmrlər verirlər. Şagirdlər robototexnikanı müəllimlərdən daha yaxşı qavrayırlar. Biz belə bu dərəcədə olacağını düşünmürdük. Onların yaşı azı olduğu üçün qavrama qabiliyyətləri də daha yüksəkdir. Dekabr ayına qədər robotun hərəkəti üçün əmrlər yazacağıq. Şəmkir ərazisində bu layihəni bütün məktəblərdə tətbiq etməyi düşünürəm. Təlimçilərimlə bərabər komanda şəklində ən azı 3 məktəbdə robototexnika mərkəzi yaratmağı düşünürəm”. (TED.az)