XƏBƏRLƏR

25.10.2019 17:35
Azərbaycanlı gənclər dövlət xətti ilə daha çox bu ölkələrdə təhsil alırlar - RƏSMİ SİYAHI  

Ötən tədris ilində 751 azərbaycanlı dövlət xətti ilə xarici ölkə universitetlərində təhsil alıb.

AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar  Dövlət  Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub.

Göstəricilərə görə, 2018-2019-cu tədris ilində ən çox azərbaycanlı Türkiyədə təhsil alıb. Ötən tədris ilində onların sayı 243-ə çatıb.

Say çoxluğuna görə növbəti sırada 184 nəfərlə Rusiya, 98 nəfərlə Almaniya gəlir. Bundan əlavə, dövlət xətti ilə Böyük Britaniyada 52, Kanadada 48, Çində 46 həmvətənimiz təhsil alır. Bu azərbaycanlılardan 17-i Belarus, 5-i Ukrayna, 11-i ABŞ, 6-ı Fransa, 8-i Niderlandda oxuyur. Ötən tədris ilində 8 azərbaycanlı Niderlanda, 3-ü isə Sinqapurda təhsil alıb.

Macarıstan, Koreya Respublikası, İsveçrə, Estoniya kimi ölkələrin hərəsində isə dövlət xətti ilə 1 tələbə təhsil alıb.

Xarici ölkələrdə təhsil alan Azərbaycan vətəndaşlarının statistikasına diqqət etdikdə məlum olur ki, ötən illərlə müqayisədə MDB-yә üzv olan ölkәlәrdә təhsil alan azərbaycanlıların sayı azalıb. Ötən tədris ilində MDB ölkələrində 206,  2017 – 2018-ci ildə isə 241 həmvətənimiz təhsil alıb. Əvvəlki il isə onların sayı 267 olub.

Qeyd edək ki, statistika xarici universitetlərdə məhz dövlət xətti ilə oxuyan azərbaycanlıları əhatə edir.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu