Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-25 15:35:41
İxtisas təhsilini İngiltərədə 4 diplomla bitirəcək İlhamə - “Xanımlar cəmiyyət qınağından qorxmasınlar” - Müsahibə

İlhamə Qasımzadə: “Qızlar öz hüquqlarını bilmədən, gender bərabərliyindən xəbərsiz böyüyürlər. Cəmiyyətin qınaq obyektinə çevriləcəkləri üçün sosial fəaliyyətlərdə iştirak etməkdən çəkinirlər. Amma cəmiyyətdəki “mentalitet” dediyimiz ənənəni pozmaq öz-üzərimizə düşən vəzifədir. Bunun üçün isə qızlar ilk növbədə öz hüquq və azadlıqlarını bilməli, daha sonra isə onları tələb etməlidirlər”.

AzEdu.az-ın növbəti müsahibi Böyük Britaniyanın York Universitetində təhsil alan İlhamə Qasımzadədir.

Müsahibmizin öz dilindən TƏQDİMATı: -Mən İlhamə Qasımzadə 1994-cü ildə Bakı şəhərində anadan olmuşam. 2012-ci ildə 238 nömrəli orta məktəbi fərqlənmə ilə bitirmişəm. Elə həmin il Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisasına qəbul olmuşam. Qəbul imtahanında topladığım yüksək bala görə prezident təqaüdünə layiq görülmüşəm. 2016-2018-ci illərdə Azərbaycan İqtisad Universitetinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura səviyyəsində təhsil almışam. Bakalavr və magistratura səviyyəsində təhsil aldığım müddətdə sosial-ictimai layihələrdə fəal iştirak etmişəm. 2015-2018-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında beynəlxalq əlaqələr üzrə katib vəzifəsində çalışmışam.

Təqdimata ƏLAVƏ: -İlhamə Qasımzadə  30-dan çox beynəlxalq layihədə və 20-dən çox ölkədə vətənimizi təmsil edib. 2016-cı ildə Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Avropa İttifaqı Şərq Qonşuları” layihəsi çərçivəsində “Gənc Avropa Səfiri” seçilib. 2017-2018-ci illərdə həmin layihənin Azərbaycan üzrə koordinatoru olub. Hazırda da həmin şəbəkədə fəaliyyətini davam etdirir.

İlhamə Qasımzadə 2018-ci ildə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycandan gənc təmsilçi olaraq seçilib. Gənclər siyasətində aktiv fəaliyyətinə görə 2018-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” mükafatına layiq görülüb.

İlhamə Qasımzadə hazırda isə Böyük Britaniyanın York Universitetində Avropa ictimai siyasəti ixtisası üzrə magistr səviyyəsində təhsil alır.

Tanışlıqdan sonrakı sözardı... İlhamənin xaricdə təhsil almasının səbəbləri...

-Uşaqlıqdan bəri əlimdən gələnin ən yaxşısını etməyə öyrəşmişəm. Hər zaman yeniliyə və öyrənməyə can atmışam. Məşhur filosofun dediyi kimi öyrəndikcə hər zaman bilmədiyim nə qədər şeyin olduğunun fərqində olmuşam. Azərbaycanda bakalavr səviyyəsində oxuduğum müddətdə müəllimlərimdən bəziləri xaricdə təhsil təcrübələrini paylaşanda bunlar mənə xəyal kimi gəlirdi. Xəyallarıma baxmayaraq magistratura təhsilimi Azərbaycanda oxumağı seçdim. Magistratura səviyyəsində oxuduğum müddətdə həm də işləməyə başlamışdım. Gənclər sektorunda fəaliyyət göstərdiyim üçün xarici tədbirlərdə tez-tez iştirak edirdim. Orada tanış olduğum insanlar, qazandığım təcrübə, aldığım məlumatlar sayəsində təhsilimi daha da təkmilləşdirməli olduğumu başa düşdüm. Ailəm, ətrafımdakı dəyərli insanlar (xüsusi ilə həyatımı birləşdirəcəyim şəxs, o cümlədən magistratura səviyyəsində dərs aldığım Nazim müəllim) məni bu prosesdə çox dəstəklədilər. Beləliklə, bəzi təqaüd proqramlarına müraciət etməyə qərar verdim. Daha sonra “Erasmus Mundus” tədris proqramlarından birinə müraciət etdim. Onu da bildirim ki, nüfuz və təqaüd baxımdan “Erasmus Mundus” yaxşı proqramdır.   Əlavə olaraq bildirim ki, eyni zamanda Türkiyə Burslarının doktorantura səviyyəsinə və İtaliyanın “Invest your talent in Italy” təqaüdünə də müraciət etdim. Xoşbəxtlikdən müraciət etdiyim hər üç proqrama qəbul ola bildim. Mənfi və müsbət tərəflərini ölçdükdən sonra  təhsil aldığım “Mundus Mapp” proqramında oxumağa qərar verdim.

-“Erasmus Mundus” proqramı çərçivəsində xaricdə təqaüdlə təhsil alırsınız. İstərdik, “Erasmus Mundus”un nə olduğunu, bu haqda necə öyrəndiyinizi, hansı tələblərə uyğun olmaq lazım olduğunu oxucularımızla bölüşəsiniz.

-Hazırda təhsil aldığım “Erasmus+” proqramı haqqında geniş məlumata sahib idim. Çalışdığım təşkilatdakı fəaliyyətimin bir hissəsi “Erasmus+” gənclik layihələri olduğundan, təhsil proqramlarına da bələd idim. “Erasmus Mundus” Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Erasmus+” (2014-2020) proqramının bir hissəsidir.  Bu proqram 3 hissədən ibarətdir: Təhsil, gənclik və idman. “Erasmus Mundus” proqramın məhz təhsil bölməsinə daxildir. “Erasmus Mundus Joint Master Degree” bakalavr səviyyəsini bitirmiş gənclərə öz təhsillərini müxtəlif Avropa ölkələrində təqaüdlə davam etdirmək imkanı verir. Avropada yerləşən universitetlər konsortsium yaradaraq “Erasmus Mundus” çərçivəsində qrant müsabiqələrinə müraciət edir. Qrant qazanan ixtisas proqramları saytda yerləşdirilir. Gənclər o siyahıdan onlara maraqlı, ixtisasına daha yaxın olan proqrama müraciət edə bilərlər. Həmin siyahı ilə bu link vasitəsi ilə tanış olmaq olar.  https://eacea.ec.europa.eu/erasmus-plus/emjmd-catalogue_en

Hər bir proqramın öz saytı var. Proqramlar üzrə məlumat almaq istəyən şəxslər sadəcə proqramın üzərinə klikləyərək sayta keçid ala bilərlər. Onu da bildirim ki, hər bir ixtisas proqramının tələbləri var. Adətən, ingilis dili səviyyəsini təsdiq edən sertifikat IELTS, TOEFL, universitet diplomu və ya transkript, tövsiyə məktubu tələb olunur.  Gənclər arasında ən çox soruşulan suallar qəbul olunan minimum IELTS balı və akademik göstəricilərin (GPA) əhəmiyyəti ilə bağlıdır. Qeyd etdiyim kimi, bu tələblər ixtisas proqramına görə dəyişə bilər. Təcrübəmdən deyə bilərəm ki, dil səviyyəsi minimum B2 (IELTS 6.5) və yüksək akademik göstəricilər (məsələn deyək 85+) tələb olunur. Ancaq burada başqa dəstəkləyici faktorlar da var. Məsələn, iş təcrübəsi, sosial fəaliyyət, beynəlxalq təcrübə, motivasiya və s. Bir gəncin qəbul olma şansı sadəcə öz göstəricilərindən deyil, proqrama müraciət edən digər namizədlərin göstəricilərindən də asılıdır. Çünki “Erasmus Mundus” bütün dünyadan müraciətlər qəbul edir və müraciətçilər hər kriteriyaya görə müqayisə olunur. Yəni, Ekvadordan müraciət edən bir gəncin göstəriciləri, motivasiyası, təcrübəsi səndən daha çoxdursa, böyük ehtimal o seçiləcək. Məni bir məsələ təəccübləndirdi ki, indiyə kimi “Erasmus Mundus Master in Public Policy”  proqramında azərbaycanlı tələbə seçilməyib. Bu proqrama seçilən ilk azərbaycanlı olmaq bir tərəfdən məndə fəxr hissi oyadır. Amma digər tərəfdən isə gələcək tələbələrə işıq tutmaq məni sevindirir.

-“Erasmus Mundus”un üstünlükləri nələrdir? Proqram çərçivəsində oxuduğunuz müddətdə harada qalır və qidalanarsınız? Bu xərcləri hansı tərəf ödəyir?   

-“Erasmus Mundus” ixtisas proqramları rəqabət mühitində maliyyələşdirildiyi üçün ən yaxşı ixtisaslar və  universitetlər seçilirlər. Bu proqramda bir təhsillə minimum 2 diplom qazana bilərsiniz, yəni ikili dərəcə verir. Məsələn, mənim ixtisas proqramımda bitirdikdə 4 diplom alacağım qeyd olunub. Belə ki, keçən il oxuduğum Mərkəzi Avropa Universiteti (CEU) ABŞ və Macarıstan akreditasiyasına sahib olduğu üçün 2 diplomla təltif olunacam. Hazırda təhsil aldığım York Universitetinin və eyni zamanda 2 ali məktəbin təhsilini birləşdirən “Erasmus Mundus” magistr diplomunu əldə edəcəm. “Erasmus Mundus” proqramı inkişafda olan ölkələrdən qalib olan tələbələrə təqaüd verir. Təqaüddən əlavə tələbələrin universitet xərcləri də “Erasmus Mundus” tərəfindən ödənilir. Qeyri-Avropa dövlətlərindən gələn tələbələr adətən aylıq 1000 avro dəyərində təqaüd alır. Yol xərcləri də ayrılıqda ödənilir. Tələbələrə verilən aylıq təqaüd ilə öz büdcələrini idarə edə bilərlər. Yəni bütün yaşayış, qida, daxili nəqliyyat və s. bu təqaüdə daxildir. Təqaüdü təhsil aldığınız universitet ödəyir, bu da “Erasmus Mundus” çərçivəsində aldıqları qrant sayəsində mümkün olur. Bildiyim qədəriylə “Erasmus Mundus” təqaüdü Avropada verilən ən yüksək təqaüdlərdən biridir. Digər proqramlardan “Erasmus Mundus” ona görə fərqlənir ki, burada tələbələr universitet və təqaüdə birlikdə müraciət edirlər. Bu isə müraciət prosesini asanlaşdırır.

-York Universitetinə müraciət zamanı hansı sənədlər tələb olunurdu?

-Tələb olunan sənədlər: İngilis dili sertifikatı (IELTS və ya  TOEFL), universitet diplomu və ya transkripti, tövsiyə məktublarıdır. (2 ədəd və 1-i akademik olmaq şərti ilə) Həmçinin, yaşadığınız yeri təsdiq edən sənəd (məsələn, şəxsiyyət vəsiqəsi), CV, motivasiya məktubu və 30 avro dəyərində müraciət haqqı da tələb olunur.

-İlhamə,  indi isə Azərbaycan təhsilindən də danışaq. Səncə, hazırda təhsilimiz hansı səviyyədədir?

-Son zamanlar təhsil sistemində aparılan islahatlar təqdirəlayiqdir. Ancaq bu bir reallıqdır ki, təhsil sistemimiz hələ çox inkişaf etməlidir. Hazırda özəl lisey və dövlət məktəbləri arasında keyfiyyət fərqi həddindən artıq çoxdur. Ali məktəblərə qəbul olmaq üçün tətbiq olunan mərkəzləşdirilmiş test sistemi tələbələrə bilik, tənqidi təhlil bacarıqları deyil, sadəcə əzbərçilik öyrədir. Əslində, düşünürəm ki, təhsildəki problemlər ümumən, sosial sistemdən qaynaqlanır. Bu problemlər arasında  korrupsiya, ibtidai və orta məktəb müəllimlərin əməkhaqqılarının aşağı olmasını qeyd etmək lazımdır. Hazırda müəllimlərin rifah səviyyəsini nəzərə alaraq bir çox bacarıqlı tələbə öz karyerasını müəllimlik üzərinə qurmaq istəmir. Bu da təbii ki, təhsilin keyfiyyətinə birbaşa təsir edir. Problemlər sırasında, həmçinin, formal təhsil sisteminin tələbəyə qazandırdığı bilik və bacarıqlarla əmək bazarı tələbləri arasındakı uyğunsuzluq da qeyd olunmalıdır. Məsələn, əmək bazarında daha çox praktik bilik və bacarıqlar tələb olunduğu halda məktəb və universitetlərdə daha çox nəzəri biliklər öyrədilir. Əlbəttə ki, nəzəriyyə çox önəmlidir, sadəcə, nəzəriyyə və təcrübə arasında tarazlığı tapmaq fikrimcə əhəmiyyətlidir. Son qeyd etdiyim problem bir çox ölkələrdə mövcuddur və həlli üçün müxtəlif siyasətlər qəbul olunub. Ümidvaram, bu addımları ölkəmizdə də görəcəyik. Bu problemlər həll oluna bilər, ancaq sistematik yanaşma, güclü tədqiqat və monitorinq şərtdir. Düşünürəm ki, təhsil sahəsində öndə gedən ölkələrdən nümunə götürməli, ancaq onları mövcud şəraitə uyğunlaşdırmalıyıq.

-Azərbaycan universitetləri ilə oxuduğun ali təhsil müəssisələrinin tələbə həyatı arasında hansı fərqləri müşahidə etmisən?

-Ən önəmli fərqlərdən biri tələbəyə yanaşmadır. Tələbə dərslərdə passiv deyil, proaktiv iştirakçı olaraq dəyərləndirilir. Tələbənin akademik mövzulara fikri çox yüksək qiymətləndirilir. Onu anladım ki, bizə hər zaman məsələnin bir tərəfi təqdim edilirdi. Azərbaycanda oxduğum müddətdə müəllim nə deyirdisə, tələbə onun mütləq fikir kimi qəbul edir və tənqidi yanaşmırdı. Əslində bizdə bəzən  elə yanaşma olur ki, tələbə müəllimin dediyi hər fikirlə razı olmalıdır. Beləliklə, tənqidi təhlil bacarıqlarımız yaranmadan məhv olur. Digər fərqlərdən biri aktiv kampus həyatı və tələbələr üçün yaradılan imkanlardır. Avropada universitetlərdə çox sayda tələbə cəmiyyətləri olur. Universitet tərəfindən maliyyə dəstəyi olsa da cəmiyyətlər tamamilə müstəqil olaraq tələbələr tərəfindən idarə olunur. Universitet idarəçiliyində tələbələrin sözünə çox diqqət yetirilir. Tələbələr üçün yaradılan imkanlara nümunə olaraq deyə bilərəm ki, Mərkəzi Avropa Universitetində tədqiqat və konfrans təqaüdü imkanları mövcuddur. Hətta tələbələr, yarımştatlı akademik işlərdə çalışa bilərlər. Burada kitabxanada olan vəsaitlər və tələbəyə verilən diqqət daha çoxdur. Məsələn, bütün tələbələr mərkəzləşdirilmiş sistem vasitəsi ilə ödənişli onlayn jurnallari, məqalələri ödənişsiz olaraq əldə edə bilir. Həmçinin, ilk ağlıma gələn fərqlərdən biri akademik işə verilən dəyərdir. Burada plagiat etmək akademik cinayət sayılır və proqramdan çıxarılmağa qədər cəzaları var. York Unversitetində qiymətləndirmə üçün imtahan yerinə daha çox araşdırma işi, məqalələr yazırıq. Bu səbəbdən, bir il ərzində akademik fikir müəllifliyinin nə qədər əhəmiyyətli olduğunu anladım.

-Macarıstanın Mərkəzi Avropa Universitetində təhsil almısan. Hazırda isə Böyük Britaniyanın York Universitetində oxuyursan. Səncə hansı ölkədə təhsil almaq daha sərfəli və perspektivlik baxımdan əlverişlidir?

-Seçdiyim proqram elədir ki, 2 universitet bir-birini tamamlayır. Hər universitetin özünəməxsus güclü tərəfləri var. Birləşmiş Krallığın təhsil sisteminin keyfiyyəti hamıya məlumdur. Ancaq bir məsələ var ki,  Mərkəzi Avropa Universiteti ABŞ ali təhsil müəssisəsidir. Sadəcə, məkan baxımdan Macarıstanda yerləşir. Mərkəzi Avropa Universitetində təhsil aldığımız müddətdə daha çox praktik biliklər öyrənirdik. Hazırda 1 neçə həftədir ki, York Universitetində təhsil alıram. Ancaq mənə elə gəlir ki, burada nəzəriyyəyə daha çox önəm verilir. Gəldiyimiz gündən bəri, qrup yoldaşlarımla Mərkəzi Avropa Universiteti  ilə York Universitetini müqayisə edirik. Nəticədə isə Mərkəzi Avropa Universitetinin təhsilini daha çox bəyənirik. Bu 2 universitetdən birində təhsil almaq istəyən gənclər ilk növbədə oxuyacağı ixtisas üzrə universitetin reytinqinə, tədris metoduna, məzunların işlə təmin olunma səviyyəsinə və s. diqqət yetirməlidir. Sərfəlilik məsələsinə gəldikdə, xərc-keyfiyyət analizinə görə Mərkəzi Avropa Universiteti daha öndədir.

-Aktiv fəaliyyətinə görə “İlin gənci” mükafatına layiq görülmüsən. Bəs Böyük Britaniyada təhsildən başqa beynəlxalq sərgilərdə, konfranslarda iştirak edirsənmi?   

-Böyük Britaniyaya 1 neçə həftədir ki, gəlmişəm. Elə buna görə də beynəlxalq sərgi və konfranslarda iştirak etmək şansım olmayıb. York şəhərində fəal axtarışlarıma baxmayaraq hələ ki, azərbaycanlı tələbə ilə qarşılaşmamışam. Bəlkə də hazırda bu universitetdə təhsil alan yeganə tələbə mənəm. Hazırda York universitetində türk dövlətləri tələbələrini bir araya toplayan cəmiyyət qurmaq istəyirik. Bu istiqamətdə fəaliyyətlərə başlamışıq.

Macarıstanda olduğum müddətdə 3 beynəlxalq layihədə iştirak etmişəm. Bunlardan 2-si Avropa Birliyinin Şərq Tərəfdaşlığı təşəbbüsü ilə bağlıdır. Qeyd edim ki, üzərində işlədiyim magistratura dissertasiyası da məhz bu mövzu ətrafındadır. İstər ixtisasımdan, istərsə də ölkəmizin yerləşdiyi geosiyasi məkan baxımdan bu istiqamətdə akademik və sosial fəaliyyətimi davam etdirmək istəyirəm.

-Böyük Britaniyada əcnəbi tələbələrə iş izni verilirmi?

-Təhsil aldığımız müddətində tələbələrə 20 saata qədər iş izni  verilib. Ümumilikdə, tələbələr universiteti bitirdikdən sonra Böyük Britaniyada   qalmaqda çətinlik çəkirlər. Çünki, iş tapmaq üçün bir neçə ay vaxtları olur və çox zaman uğursuzluqla nəticələnir. Hazırda tələbələrə təhsillərini bitirdikdən sonra iş tapmaq üçün müəyyən  zaman verilməsini nəzərdə tutan yeni qanun layihəsi üzərində çalışırlar. Bu qanun layihəsi qəbul olunarsa, 2021-ci il məzunlarından başlayaraq tətbiq olunacaq. Mənə təhsilimi bitirdikdən sonra təxminən 8 ay ölkədə qalmaq icazəsi verilib. Hazırda ölkə Avropa İttifaqından çıxma prosesində olduğu üçün burada karyera qurmaq məsələsini düşünmürəm. Ancaq təbii ki, həyatın bizə nələr gətirəcəyini bilmirik.

Gənclərimizin xaricdə təhsil almaqlarının səbəbləri...

-Gənclərimizin xaricdə təhsil almasının bir çox səbəbləri ola bilər. Ağlıma ilk gələn səbəb təhsil sistemimizdəki çatışmazlıqlardır. Xaricdə oxuyan dostlarımdan xarici universitetin üstün cəhətlərini eşidən gənclərin çox eyni təcrübəni yaşamaq istəyir. Başqa bir səbəb isə, gənclərin müstəqil yaşamaq və ya öz ayaqları üzərində durduğunu ailəsinə göstərmək istəyidir.

 “Təhsil hər qapının açarıdır”

-Müsahibənizi oxuyan həmyaşıdlara, xüsusilə xanımlara nə məsləhət görərsiniz?

-Ən vacib məsləhətim odur ki, heç bir zaman sınamaqdan, uğursuzluğa uğramaqdan qorxmasınlar. Aldığımız hər uğursuz cavab özümüzü inkişaf etdirməyə və növbəti uğurlarımızı qazanmağa hazırlayan vasitədir. Hər zaman yeni imkanlar araşdırmaqdan əl çəkməsinlər. Xüsusilə xanımlarımıza məsləhətim odur ki, cəmiyyət qınağından, “kim nə deyər” deyə düşünərək öz xəyallarından, istəklərindən, xüsusən təhsildən əl çəkməsinlər. Unutmayaq ki, təhsil hər qapının açarıdır...

Günel Yaşarqızı
Müəllifin digər yazıları