Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-25 15:12:00
Emosional intellektdən məhrum olunan şagirdlər – Valideynlər onları necə məhv edirlər?

"Emosional intellekt” anlayışı leksikona daxil olandan sonra kütləvi "şöhrət" qazandı. Araşdırmalara görə emosional intellekti yüksək olan insanlar uğurlarına görə məntiqi inkişaf edənləri üstələyirlər.

 Bəs, emosional intellekt nədir?

Emosional intellekt- davranışlarımızı tənzimləməyimizə, sosial çətinliklərdə mövqeyimizi seçməyimizə və müsbət nəticəli şəxsi qərarlarımızı verməyə təsir göstərir. 

Özünüdərk, özünüidarə, sosial məlumatlılıq, ünsiyyəti idarəetmə və s. komponentləri özündə birləşdirir. Emosional intellekt bir çox tənqidi vərdişin əsasıdır; o, sizin hər gün nə söylədiyinizə və nə danışmağınıza təsir göstərir.

Emosional və rasional “beyin” arasındakı  qarşılıqlı əlaqələr emosional intellektin mənbəyidir.  

Hadisələrə ilk növbədə duyğularla reaksiya verilir.  Baş verənlərə tənqidi yanaşmaqla emosional intellekti yüksəltmək mümkündür.

Məktəblərimizdə şagirdlərin akademik göstəriciləri, başqa sözlə İQ səviyyəsinə diqqət göstərildiyi kimi emosional intellektinin inkişafına nə dərəcədə əhəmiyyət verilir?

148 nömrəli Ağdam məktəbinin direktoru Rəşad Tağıyev mövzu ilə bağlı açıqlamasında bildirib ki,  bu gün məktəblərimizdə emosional intellekti lazımı səviyyədə olan şagird çox təəssüf ki, azdır:

“Bu problem  təkcə məktəbdən yox, həm də valideyndən qaynaqlanır.  Şagird adicə bir mağazaya gedib özünə ayaqqabı seçimi edə bilmir, yaxud da “bu mənim xoşuma gəlmədi”, “ayağıma dardır” və s. deyə  bilmir. Təbii ki, şagirdin bu qədər özünə qapalı olmasının səbəbi ailədə  onun həddindən artıq sıxılması ilə bağlıdır. Həddindən artıq sərbəstlik də müsbət nəticə verməyə bilər, amma hər halda  şagirdə məktəbdə və ailədə lazımı dərəcədə sərbəstlik  verilməlidir”.

Onun sözlərinə görə məktəbdaxili imtahanlarda akademik göstəricisi aşağı olan şagird emosional intellekti baxımdan  digərlərindən fərqlənir:

“Şagirdin summativ qiymətlərdə nəticəsi ürəkaçan olmasa da, həmin şagirdin liderlik, təşkilatçılıq  idarəçilik qabiliyyəti var. Bu gün ali məktəblərə qəbul akademik göstəricilərdən asılı olduğu üçün şagirdin digər keyfiyyətlərinə o qədər də əhəmiyyət verilmir. Məktəblərimizdə elə yaradıcı şagirdlər var ki, onlardan hər hansı bir ideyanı alıb, o istiqamətdə işlər görülsə,  böyük nailiyyət qazanılar.  Məhz buna görə də qəbul imtahanlarında əl qabiliyyəti, yaradıcılıq işləri, layihələr və s. nəzərə alınmaqla  həmin şagirdləri bir növ aşkarlamaq və inkişaf etdirmək olar. Məsələn, öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, 13 illik iş fəaliyyətimdə eyni qaydada gördüyüm bir işi şagirdlərimdən bəziləri daha səmərəli üsulla həll ediblər. Bu,  o demək deyil ki, şagird müəllimdən çox bilir. Sadəcə, onun səmərəli yaradıcı üsul tapmaq qabiliyyəti var”.

Direktor qeyd edib ki, şagird və valideynlərin çoxu yaddaşa əsaslanan təhsilə üstünlük verir. Materialları oxuyub əzbərlədikləri üçün  onun  tətbiqində  çətinlik çəkirlər:

“Məktəblərdə şagirdin bacarıqlarına, yaradıcı fəaliyyətinə xidmət edilən işlər nə qədər görülsə də, ali məktəbə qəbul üçün yenə də akademik göstəricilər lazım olur. Burada belə bir paradoksluq yaranır.

Şagirdlərin qeyri adi-istedadi olsa belə, onların bu istedada görə ali məktəbə qəbul olmaq şansı yoxdur.  Məktəb psixoloqu şagirdlərlə söhbət apararaq onların arzularını, maraqlarını öyrənir. Onların çoxu şablon olaraq bir ixtisas sahibi olacağını deyir. Məsələn, mən bir neçə dəfə həkim olacağını deyən şagirdin dərslərində iştirak etdim. Onun biliyi qənaətbəxş deyildi.  Bu biliklə o, Azərbaycan Tibb Universitetinin tələbəsi ola bilməz. Amma əminəm ki, bu arzu, istək onu mütəxəssis kimi formalaşdıra bilər. Xarici ölkələrdə isə belə deyil.

Akademik göstəricilər daha çox universitetlərə qəbul olduqdan  sonra nəzərə alınır.  Orada ali məktəbə qəbul olmaq,  diplom almaqdan daha asandır”.

Psixoloq Elmir Tağıyev  isə bildirib ki,  emosional  intellektin formalaşmasında ailənin rolunu xüsusilə vurğulayıb:

“ Sərbəst düşünmək, nəyin düz, nəyin səhv olduğuna qərar vermək məktəblilərdə uşaqlıqdan yaranır. Məktəbdə psixoloqlar, müəllimlər  sadəcə bu qabiliyyətləri inkişaf etdirirlər. Psixoloq şagirdlərə müəyyən tapşırıqlar verərək, yaxud testlər vasitəsilə onlara özünü tanımasına, özünüdərkinə yardım edir. Bəzi məntiqi oyunlar var ki, burada səhv və ya düz etmək əhəmiyyətli deyil. Sadəcə şagirdlərdə sərbəst düşünmək,  qərar vermək, problemdən çıxış yollarını inkişaf etdirmək vacibdir.

O qeyd edib ki, günümüzdə şagirdlərin əksəriyyəti ixtisasını valideynin arzularına əsasən seçir:

“Düzdür, valideyn öz övladını istiqamətləndirə bilər.  Amma ona öz fikrini hökmən yeritmək yanlış addımdır.  Adətən, özləri seçim etmədiklərinə görə uğursuzluqlarının səbəbini də özlərində axtarmırlar. Problem yaranan kimi övlad-valideyn arasında” sən elədin”, “məni bu günə qoyan sənsən” kimi  mühakimələr  başlayır”.

Psixoloq vurğulayıb ki, şəhər məktəblərinə nisbətən rayon məktəblərində emosional intellekt səviyyəsi çox aşağıdır:

“Mənə elə gəlir ki, rayonlarda valideynlər daha sərt, hökmlü qərarlar verirlər. “Mən nə deyirəm, o olmalıdır” fikri həddi-büluğa çatmamış uşaqlara yeridilir. Valideynin fikrincə uşaq qərar  versə belə, səhv olacaq. Ona görə bu şans onlara verilmir. Bu da Sovet psixologiyasına əsaslanır. Bu gün yaşından asılı olmayaraq hər kəsə subyekt- obyekt kimi yox, subyekt-subyekt kimi yanaşmaq lazımdır. Valideynlərə, müəllimlərə təklif edərdim ki, uşaqlara şəxsiyyət kimi yanaşıb, onların hisslərinə hörmət etməyi bacarsınlar”.

Lənkəran şəhər Xarici dillər təmayül gimnaziyanın ədəbiyyat müəllimi Nərmin Mahmudova  açıqlamasında şagirdlərin bacarıqlarını, maraqlarını daimi diqqət mərkəzində saxladığını deyib. O bildirib ki, bu məqsədlə o, yaradıcılıq fəaliyyətinə daha çox üstünlük verir:

“Müxtəlif rəsm, şeir müsabiqələri təşkil etməklə şagirdlərə emosional hisslərini daha çox ifadə etmək üçün şərait yaradıram. Məsələn, məktəbdə təşkil etdiyim Nəsimi yaradıcılığına aid sərgidə şagirdlərin gözəl  əl işləri nümayiş olunurdu. Onlar mənim kimi yanaşmırlar. Özlərinin fərqli düşüncələri, fərqli baxış tərzi var. Məlumdur ki, qəzəl janrı, Nəsimi fəlsəfəsi azyaşlı məktəbli üçün ağırdır. Amma onlarda hiss etmək və onu  başqalarına ötürmək elə güclüdür ki, müəllimlərin özünə də təəccüblü gəlir”.

O qeyd edib ki, bu gün şagirdlərin seçim etmək bacarıqlarının formalaşmasında dərsliklər, kurikulum proqramları da effektiv təsirə malikdir:

“Dərsliklər çoxu bir-biri ilə inteqrasiya olunmuş formada hazırlanıb və mövzu müxtəlifliyi var. Şagird istədiyi tapşırığı seçib işləməkdə sərbəstdir. Məsələn, bir mövzunu tədris edəndə mənim müsbət obraz kimi qələmə verdiyim sürət şagirdin baxışında mənfi ola bilər. “Qaraca qız” nağılında Baba obrazını müsbət obraz adlandırsaq da, şagird onunla razı olmadığını, onun mənfi keyfiyyətlərinin olduğunu deyir və fikrini əsaslandırmağı bacarır. Qaraca qızın əvəzinə onun Ağca xanıma kömək etməli olduğunu vurğulayır. Çünki  Qaraca qızdan fərqli olaraq baba artıq ömrünün çoxunu yaşamışdır. 

Şagirdlər bu qədər dərin düşünə bilir və biz onun düşüncələrinə “səhvdir”, “düz demirsən” deyib öz fikrimizi yeritməyə çalışmırıq. Əks halda  bu anti-pedaqoji haldır”.

Fənn müəllimi onu da vurğulayıb ki, şagirdlərin bir-biri, eləcə də başqaları ilə ünsiyyəti  əvvəlki dövrlərə nisbətən inkişaf edib:

“  Şagirdlərin dinləmə, hadisələrə reaksiya vermə mədəniyyəti formalaşıb. Əvvəl şagird öz fikrini ifadə etməyə çəkinirdi. Müasir dövrdə isə onlar fikir söyləməkdə sərbəstdirlər. Müəllim-şagird, şagird-şagird, eləcə də valideyn-müəllim arasında qarşılıqlı hörmətə əsaslanan münasibət var”.

“İndi valideynlərin əksəriyyəti övladlarının maraqlarını nəzərə almağa çalışırlar. Sinfimdə bir şagirdin valideynləri istəyirdi ki, o, iqtisadiyyatçı olsun. Amma şagird özü rəssamlığa daha çox maraq göstərdiyi üçün valideyn də onunla razılaşmağa məcbur olub. Valideyn övladının istəyinə nəinki qarşı çıxmır, hətta ona dəstək olmağa çalışır”-deyə N.Məmmədova əlavə edib.

Ayşə Müseyib