Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-24 15:07:00
“Akif Əlizadə ilə AMEA əməkdaşları arasında ciddi uçurum yaranmışdı” – Etibar Əliyev  

“Akif Əlizadə özündən əvvəlki prezidentlərlə müqayisədə ciddi islahatlara imza ata bilmədi”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Etibar Əliyev söyləyib.

O, AMEA prezidenti postundan ayrılan Akif Əlizadənin rəhbərlik  fəaliyyətini bu cür qiymətləndirib:

“Akif Əlizadənin fəaliyyəti dövründə çox lazımsız elmi adlar təsis olunub. Bunlara misal olaraq, “AMEA-nın professoru”, “AMEA-nın dosenti”ni göstərmək olar. Bunlar çox uğursuz layihələr idi. Akif Əlizadənin AMEA-ya rəhbərlik etdiyi dövrdə o, əməkdaşlar üçün əlçatmaz oldu. AMEA-nın hər hansı işçisinin onun qəbuluna düşməsi olduqca müşkül məsələ idi. Mən AMEA-nın Fəlsəfə İnstitutunun böyük elmi işçisi kimi ona iki dəfə teleqram göndərmişəm. Onun məni qəbul etməyə vaxtı olmadı. Mən gördüm ki, Akif Əlizadə tək məni yox, bir çox işçiləri qəbul etmir. Aşağı dərəcəli elmi işçilər  üçün o, həddindən artıq əlçatmaz idi. Mən düşünürəm ki, bunun özü yaxşı hal deyil.

AMEA-da elmin inkişafına gəldikdə isə bu sahədə  irəliləyiş özünü göstərmədi. AMEA-da islahatlar aparılmalı və institutların elmi fəaliyyətlərinin tam şəkildə cəmlənməsi təmin olunmalıdır. Əksər institut direktorları yaşlı nəslin nümayəndələridir. Akif müəllimin gənc  və orta yaşlı nəsil ilə işləməyə meyili yox idi.O, daha çox yaşlı nəsillə ünsiyyətdə olmağı sevirdi. Yaşlı nəsil isə  müasir elmin tələblərinə cavab verən tədqiqatlarla məşğul olmağa meyilli deyil.

Mən Akif müəllimə can sağlığı arzulayıram.Bununla yanaşı, AMEA-nın institutlarında ciddi inkişaf özünü göstərmədi. İnstitutların əməkdaşlarının elmi əsərlərinin çapı, onların xarici ölkələrə ezamiyyəsi məsələlərində ögey münasibət özünü göstərdi. Mən düşünürəm ki, yaşlı nəslin bir dövrü var və bu dövr bitdi. İndi AMEA yenilənməlidir.İnstitutlarda  isə ciddi islahatlar aparılmalıdır”.

Etibar Əliyev özünün feysbuk profilində  isə AMEA-nın bundan sonrakı fəaliyyət istiqamətləri barəsində bunları yazıb:

Ramiz Mehdiyevin AMEA-da aparacağı ən mühüm islahat Əməhaqlaraının yüksəldilməsi ilə bağlı ola bilər. Elmi işçilərin əməkhaqları çox aşağıdır. AMEA-nın İnstitutlarının yerinə yetirdikləri işlərin sifarişçiləri olmalıdır. Təəsüflər olsun ki, indiyə qədər aparılan tədqiqatlar, yazılan monoqrafiyaların demək olar ki, tətbiqi yoxdur. Bunlarla yanaşı alimlərə sərbəstlik verilməli, AMEA-nın kitabxanasından tutmuş, otaqların kompütüer və digər İKT alətləri ilə təminatına şərait yaradılmaqla infrastruktur gücləndirilməlidir. Aspirantlara düşən mənzillərin AMEA-nın yüksək vəzifəli məmurları tərəfindən zəbt olunması məsələsi həllini tapmalıdır. AMEA-nın əməkdaşlarının xarici ölkələrdə stajkeşmələri və tədqiqatlar aparmaları geniş vüsət almalıdır. Bu qurumun İşlər idarəsinin fəaliyyəti ciddi yoxlanılmalıdır. AMEA-nın institutları ölkədə dissertasiya alveri ilə məşğul olan "ocaqlara" çevriliblər. Plagiatlığın həddi-hüdudu yoxdur. Bunların qarşısı ciddi şəkildə alınmalıdır. Akif Əlizadənin gətirdiyi traybalizm ciddi özgələşmə yaradıb. Əlizadə ilə əməkdaşlar arasında kəskin uçurum yaradılmışdı. Bu amillər tədqiqat mühitinə ciddi zərbə vurub və böhranı daha da dərinləşdirib. Düşünürəm ki, bütün bu problemlər AMEA-nın nüfuzuna xələl gətirib və bu səbəblərdən qurum vaxtaşırı olaraq tənqidlərə məruz qalıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları