Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-23 22:51:00
Milyarder NASA-nın Ay missiyası üçün "milli komanda" yaradıb

"Blue origin" kosmik şirkətinin təsisçisi milyarder Ceff Bezos ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) Aya missiyanı həyata keçirəcək "Artemis" proqramı çərçivəsində üç veteran aerokosmik şirkətindən ibarət "milli komanda" formalaşdığını bəyan edib.

AzEdu.az  Azərtac-a istinadən bildirir ki, ABŞ-ın "Draper", "Lockheed Martin" və "Northrop Grumman" şirkətləri də 2024-cü ildə Yerin təbii peykinə göndəriləcək pilotlu missiyada iştirak etmək üçün "Blue origin"ə qoşulacaqlar.

Vaşinqtonda keçirilən 70-ci Beynəlxalq Astronavtika Konqresində çıxış edən Bezos bildirib ki, bu "milli komanda ABŞ-ın milli maraqları üçün" yaradılıb. Onun sözlərinə görə, "Blue origin" astronavtları Ayın səthinə çatdıracaq kommersiya kosmik aparatını hazırlamaq üçün əsas işlərin görülməsinə başlayıb. Bezos əlavə edib ki, Yerin təbii peykinin səthinə enmə əməliyyatında onun şirkətinin yeni robot aparatı - "Blue Moon"dan istifadə ediləcək, "Lockheed Martin" isə astronavtları Ayın orbitindəki kosmik gəmiyə qaytaracaq qurğu üzərində işləyir. Həmin şirkət NASA-nın "Orion" gəmisinin kapsulunu da hazırlayıb.

Milyarder bildirib ki, gələcəkdə Marsın səthinə enmə əməliyyatı zamanı astronavtlarını həyatda qalmasını təmin edəcək qurğu da "Lockheed Martin" şirkəti tərəfindən hazırlanacaq. Ayın səthində enmə zamanı element transferi əməliyyatı aparacaq aparat isə "Northrop Grumman" şirkəti tərəfindən təmin ediləcək. Bu şirkət vaxtilə NASA-nın "Apollon" missiyasında Ay modulunu hazırlayıb. Yerin təbii peykində astronavtlara bələdçiliyi və naviqasiyanı yerinə yetirəcək cihaz üçüncü şirkət - "Draper" tərəfindən təqdim olunacaq. Hazırda ən müasir texnologiyalar üzərində işləyən bu şirkət də vaxtilə "Apollon" missiyasında iştirak edib.

Bezos ümidvar olduğunu bildirib ki, qarşıdakı beş ildə Aya pilotlu missiyaya tam hazırlıq işlərinin başa çatdırılması üçün tərəfdaşlar öz öhdəliklərini yerinə yetirəcəklər. "Bu, bizim Aya yenidən və tez bir zamanda qayıtmağımız üçün yeganə məqbul variantdır", -deyə milyarder vurğulayıb. O əlavə edib ki, hazırda "Blue origin" kosmosa turist səfərləri təşkil etmək məqsədilə Florida ştatındakı Kanaveral burnunda "New Shepard" suborbital kosmik gəmisinin də sınaqlarını keçirir.