Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-23 16:26:00
Yorulmaz tələbə, universitetdə baş müəllim,  AMEA-da şöbə müdiri -  Akademik Ramiz Mehdiyevin təhsil yolu

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı sərəncam imzalayıb.

AzEdu.az xəbər verir ki, sərəncama əsasən, Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib

Ramiz Mehdiyev və təhsil yolu

Ramiz Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində anadan olub. O, 1957-ci ildə - 19 yaşında Bakı Dənizçilik məktəbini bitirir və "Xəzər neftdonanma" idarəsinin gəmilərində maşinist işləyib.

Dörd ildən sonra, 1961-ci ildə gəmi maşinisti işləyən Ramiz Mehdiyev ali təhsil almaq üçün sənədlərini o zaman bolşevik S.Kirovun adını daşıyan Azərbaycan Dövlət Unversitetinə verir və tarix fakültəsinə qəbul olur. Tələbəlik zamanı ictimai fəallığı diqqətdən kənarda qalmır. Fəal komsomolçu, ali məktəbin ictimai həyatında aktiv olan tələbə Ramizin bu səyləri rəhbərliyin diqqətini çəkir. O dövr üçün böyük uğur sayılacaq karyera sıçrayışı edir. 1965-ci ildə unversitetin beşinci kurs tələbəsi olan Ramiz Mehdiyev Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinə (LKGİ MK)  tələbə şöbəsinə təlimatçı vəzifəsinə irəli sürülür.

 Perspektivli komsomol işçisi və elm adamı…

1965-ci ildə ali təhsilini başa vuran Ramiz Mehdiyev artıq ictimi-siyasi iş təcrübəsi ilə LKGİ-də nüfuz qazana bilir. Gənc komsomolçunun təlimatçı vəzifəsində apardığı iş qaneedici olduğundan onu daha irəli çəkməyə qərar verilir.   Ramiz Mehdiyev 1965-1967-ci illərdə Naxçıvan komsovol vilayət komitəsinin ikinci katibi işləyir. Perspektivli komsomol işçisi Naxçıvanda komsomolda karyerasını başa vuraraq elm sahəsinə üz tutur. Nikita Xruşşovun SSRİ-də başladığı “kimyalaşma” kampaniyasının ən qızğın çağında R.Mehdiyev fəlsəfə ilə məşğul olmağı qərara alır. O, 1968-ci ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına qəbul olub. Ramiz Mehdiyev 10 ilə yaxın Rusiyanın ən elitar elm ocağında elm sahəsində işləyib.

Ramiz Mehdiyevin pedaqoji fəaliyyəti…

1977-ci ildə Moskva Dövlət Universitetinin elmi şurasının iclasında fəlsəfə elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyasını müdafiə edir. Bundan sonra R.Mehdiyev vətənə, Azərbaycana qayıdıb. 1972-ci ildə vaxtilə oxuduğu ali məktəbdə işə düzəlib. ADU-nun “Elmi kommunizm” kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyib.

Kommunist Partiyasının üzvü olan R.Mehdiyev yaxşı kadr kimi tezliklə partiya rəhbərliyinin diqqətini cəlb edir. Mərhum Heydər Əliyevin birinci katib olduğu Kommunist Partiyasının Mərkəzi Komitəsi Ramiz Mehdiyevin elmi fəaliyyətini partiya işinə cəlb etmək qərarına gəlir.

O, 1974-cü ildə Azərbaycan KP MK-nın aparatında təbliğat-təşviqat şöbəsinə mühazirəçi qismində cəlb olunur. Buradakı fəaliyyəti ilə etimad qazanan Mehdiyev iki il sonra, 1976-cı ildə Azər.KP MK-nın elm və təhsil müəssisələri şöbəsinə müdir təsdiq olunub.

1978-ci ildə isə Bakının ən böyük və strateji rayonu olan 26 Bakı komissarı (indiki Səbail) rayon Komitəsinin birinci katibi təyin edilib. İki il burada işlədikdən sonra Ramiz Mehdiyev yenidən Mərkəzi Komitəyə qayıdıb. 1980-cı ilin iyununda elm və təhsil şöbəsinə müdir təyin olunub. 1981-ci ilin yanvarında isə onu partiyanın ideoloji işinin təşkil edən ən mühüm posta - Azərbaycan KP MK-nin təşkilati-partiya işi şöbəsinə müdir təyin edilib.

1988-ci ildə SSRİ prezidenti Qorbaçovun Azərbaycana Əbdürrəhman Vəzirovun timsalında təyin etdiyi yeni rəhbərlik ölkədə kadr dəyişikikləri edir. Ramiz Mehdiyev Milli Elmlər Akademiyasına gəlir. 1988-ci ilin iyunundan AMEA İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnistitutuna şöbə müdiri işləyir.

1993-cü ildən fəlsəfə elmləri doktorudur.

1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Ramiz Mehdiyevi unutmur. Prezident 1994-cü ilin fevralında Ramiz Mehdiyevi Prezident Aparatının şöbə müdiri, 1995-ci ilin fevralında isə Prezident Aparatının rəhbəri təyin edir.

 Həqiqi dövlət müşaviri olan Ramiz müəllim 2001-ci ildə Nyu-York EA-nın üzvü seçilib.

 2007-ci ildə Milli Elmlər Akademiyasının həqiqi üzvü, akedemik seçilib.

17 aprel 2008-ci ildə 70 illik yubleyi ilə bağlı Prezident İlham Əliyevin fərmanı ilə "İstiqlal" ordeni ilə təltif edilib.

Akademik ordenin təqdimat mərasimində özünün bütün uğurlarına görə, mərhum Heydər Əliyevə borclu olduğunu deyib. “Ola bilsin, mən nadir insanlardan biriyəm ki, çox xoşbəxtəm. O mənada ki, birincisi, mən möhtərəm prezident Heydər Əliyevlə uzun illər çalışmışam və mənim bütün fəaliyyətimdə, ümumiyyətlə həyatımda Heydər Əliyevin rolu çox böyük olub. Demək olar ki, Heydər Əliyevin dövlətçilik təfəkkürü, dövlətçilik məktəbi, ümumiyyətlə prinsipləri, onun dünyaya baxışı – bütün bunlar mənim üçün böyük bir məktəb olub. Mən bu illər Heydər Əliyevin rəhbərliyi altında çalışmışam və bacardığımı etmişəm. Çalışmışam ki, onun etimadını doğruldum”-deyə akademik vurğulayıb.

Dünya miqyasında işıq üzü görən elmi əsərlər…

Ramiz Mehdiyevin çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 26 kitab, 250-dən çox məqalədir. Onun xaricdə çıxmış elmi əsərlərinin sayı 7 kitab, 81 məqalədir. Ramiz Mehdiyevin beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 39-dur. O, ölkənin modernləşmə və dayanıqlı inkişafının fəlsəfi konsepsiyasını işləmiş, dövlət ideologiyasının elmi-fəlsəfi əsaslarını hazırlayıb.

Ramiz Mehdiyevin elmi əsərlərinin adları isə aşağıdakılardır

 Azərbaycanın inkişaf  dialektikası. B., 2000;

Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi. B., 2001;

Azərbaycan: qloballaşma dövrünün tələbləri. B., 2005;

 Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə. B., 2006;

Vətəndaş cəmiyyətinə yol açan ideyalar. B., 2006;

Demokratiya yolunda: irs haqqında düşünərkən. B., 2008;

Yeni siyasət: inkişafa doğru., 2 cilddə. B., 2008;

“Azərbaycan – 2003-2008”: zaman haqqında düşünərkən. B., 2008;

Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix. Moskva, 2014;

Şah İsmayıl Səfəvi: Yazışmalar., B., 2014;

Şah İsmayıl Səfəvi: Hökmdarın və döyüşçünün portreti. B., 2014

 Ramiz Mehdiyev “İstiqlal”, “Şərəf”, “Şöhrət” ordeni Polşa Milli Təhlükəsizlik Bürosunun xatirə medalı ilə təltif olunub.

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları