XƏBƏRLƏR

23.10.2019 13:30
Susma, mənimlə danış!...  

Sus, ayıbdı!

Sus, soruşmaq olmaz!

Böyük deyibsə, get əməl elə və sus!..

Bəlkə də bu bir ideologiyanın, sovetlərin bizə gətirdiyi onlarla uğursuz mirasdan biridir. Uzun illər bizə susmağı öyrətdilər. İçimizdə “gizlənməyi” aşıladılar. Qorxunu-susmaq, səssizliyə transfer etdilər, sonra da xarakterimiz, təhtəlşürümuza oturtdular. Əslində, sistemini belə qurmuşdular SSRİ adlı dövlətin. Hər kəsi susduraraq, hamıya səsini kəsməsini əmr edərək idarə etmək.

Sonra bu sistemdən gələn ideolojinin xırda bir detalı bir az da ailə ənənəsinə çevrildi. Bəlkə də uzun illərin vərdişi kimi, genimizə “oturdu”. Uzun müddət ailələrimizdə susmaq tərbiyəsi verildi bizə. İndi biz də övladlarımıza susmağı təklif edirik. Onun min bir bəla gətirməsinə rəğmən, səsi çıxdımı, sus deyirik uşaqlara.

Zaman keçir, susmaq həm də, ənənə halını alır. Susursansa elə bilirlər, hər şeyə dözmək və susmaq sənin vəzifə borcundur. Sən hər şeydən razısan. Hər şey əladır. Əslində kimsə anlamır ki, susmağın özü də etirazın bir fomasıdır, bir az məsələnin mənəvi-fəlsəfi tərəfini düşünəndə. Yəni, təxminən belə anlaşılır böyük susqunluqların hamısı, mən susuram, susuram ki, mənimlə danış! Bir dəfə də susmağımın, susqunluğumun səbəbini öyrənməyə cəhd elə! 

***

Bu gün susqunluq, fikirlərini ifadə edə bilməmək bir qədər də ictimai problem həddinə çatıb. Bu daha çox yetkinlik yaşında uşaqlarda özünü göstərir. Özünü ifadədə problem yaşayırlar.  Daha çox dalana dirənmiş təsiri bağışlayırlar. Bu diqqət çəkən keyfiyyətlərinə görə bəzən də azyaşlılar arasında intihar hallarına rast gəlinir. Əslində, onların istədiyi çox şey deyil. Onlar bircə şey istəyir, məktəbdə müəllim qədər evdə valideyn də onlarla danışsın. Axı telefondan, sosial şəbəkələrdən, dolanışıq üçün qazanmaqdan gündə bir saat uzaqlaşıb, ayrılıb, onları dinləmək olar, bu mümkündür.

Biz dinləməli, bölüşməli, dərdləşməli, məsləhət verməli, yol göstərməliyik. Biz dərdləşməyi bacarmalıyıq. Onlar sual verirsə, “sonra”, “vaxtım yoxdur”, “indi alınmır”, get o yana”, “gözlə”, “bəsdir”, “çox danışma” və sair kimi bir yeniyetmənin inciyəcəyi fikirləri söyləməyək. Bizə ən vacib olan bizimkilərdir. Bizim balalar! Onlar niyə dava elədi? Haqq tapdaladımı? Haqqa girdimi? Nə qədər vicdanlı davrandı? Necə ədalətli olmaq lazımdır? Nə olar, nə olmaz?, Niyə olar, niyə olmaz? kimi sualların cavabını mütləq verməliyik. Vaxt olmasa da, gözləyə bilməsəniz də, yorulsanız da, o, çox danışsa da, sonra gec olmasın deyə, mütləq uşaqları dinləyin, onlarla danışın...

Əgər hələ də sonra deyə düşünən varsa, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “mənimlə danış” adlı sosial çarxına baxsın. Gecə-gündüz başında oturduğu sosial şəbəkələr üzərindən. Onların sizdən başqa heç nəyə ehtiyacı yoxdur, əziz valideynlər! Bunu anlayacaqsınız o çarxdan və dərhal bütün şəbəkələrdəki yaşıl işıqlar bozaracaq. Sizin evinizdəki”bozluq” lap elə çox parlaq və işıqlı yaşıl olacaq...

Jalə Mütəllimova

 

İlin gənc müəllimi-Müraciət formu