XƏBƏRLƏR

23.10.2019 12:17
“Akif Əlizadə Azərbaycan iqtisadiyyatına heç bir xeyir verməyib” – Sərdar Cəlaloğlu  

“6 il ərzində bu insanın hansı keyfiyyətinə görə prezident olduğu sual altındadır”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, Sərdar Cəlaloğlu deyib.

O, Akif Əlizadənin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən istefa verməsi ilə bağlı fikirlərini bölüşüb:

“Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik etdiyi dövrdə ölkəmizdə elm tənəzzülə uğrayıb. Həmçinin, AMEA-da keçirilən seçkilər saxtalaşdırılıb. O, Azərbaycan elminə çox böyük ziyan vurub. Parlaq elmi zəkası olmadığı üçün  elmə xəyanət edib. Akif Əlizadə öncədən bu vəzifəni öz üzərinə götürməməli idi. Onun sayəsində AMEA-nın elmi institutlarının heç biri böyük elmi potensiala sahib ola bilmədi.

Həsən Əliyev, Yusif Məmmədəliyev kimi şəxslər AMEA-nın prezidenti olub və Azərbaycan elmini dünyada yüksək səviyyədə tanıdıblar. Həmin şəxslər elmdə avtoritet olublar. Bu şəxsin elmdə nə fəaliyyəti olub, nə də Azərbaycanda güclü fundamental elmi nəaliyyətlərə imza ata bilib. O, Azərbaycan iqtisadiyyatına heç bir xeyir verməyib. Akif Əlizadə perspektivi olmayan şəxsləri Azərbaycan elminə gətirməklə onun daha da korlanmasına yol açıb.

Nobelə iş göndərdiyim zaman Akif Əlizadəyə müraciət etdim. Nəzəriyyəmin bir sürətini ona verdim. O zaman gördüm ki, həmin insanın müasir elmdən xəbəri yoxdur. Avropada və dünyanın bir çox ölkələrində aparılan fundamental elmi yeniliklər bu insanı maraqlandırmır. Nəyinki həmin şəxs elmlər akademiyasının prezidenti olmalı, hətta insitutların birində direktor belə təyin edilməməlidir.

Azərbaycan Milli Elmlər Akademiyasına yeni seçiləcək prezident ədalətli yolla seçilməli və elmin inkişafında uğurlu işlərə imza atmalıdır. Həmin şəxs alimlər tərəfindən hamının etimadını qazanan, ləyaqəti və şəxsiyyəti yerində olan, elmin məsuliyyətini yüksək səviyyədə dərk edən olmalıdır. Yeni prezident  düzgün seçki yolu ilə AMEA-ya gətirilməlidir. Saxta yolla seçilən şəxs heç vaxt həqiqi şəkildə vəzifəsini yerinə yetirə bilməyəcək. Namizədlər çox olmalı və onların şəxsi nəaliyyətləri geniş şəkildə araşdırılmalıdır. Həmçinin, onlar AMEA-nın həqiqi üzvü olmalı və müasir elmin tələbinə cavab verməlidirlər”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin istefa ərizəsi artıq qəbul olunub.

Şükufə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu