XƏBƏRLƏR

23.10.2019 10:35
Akif Əlizadəni Mir Möhsün ağaya nə bağlayır? – SABİQ PREZİDENTİN  PORTRETİ  

Bu gün AMEA prezidenti  akademik Akif Əlizadə vəzifəsindən istefa verib. 85 yaşlı akademik istefa ərizəsinin yazılmasında əsas səbəb kimi səhhətindəki problemləri göstərib:

AzEdu.az Akif Əlizadə ilə bağlı hazırladığı yazını təqdim edir:

O, 1934-cü ildə Bakıda, adlı-sanlı həkimlərin – Ağa Mehdi Əlizadə və Əfşan xanımın ailəsində dünyaya göz açıb. Bu ailə şəcərəsi ardıcıl olaraq həm mənəvi, həm də  fiziki sağlamlığın keşiyində durub. Bu səbəbdən də nəslin adlı-sanlı adamları ya ruhani, elm xadimi, ya da təbib olub.

Akif Əlizadənin ata babası Ağa Axund Əlizadə iki dəfə Şeyxülislam seçilən yeganə din xadimi idi. Belə ki, o, həm Cümhuriyyət, həm də Sosialist Azərbaycanı dövründə ölkənin ruhani başçısı olub. Şeyxülislam olmazdan əvvəl Bakı quberniyası Şiələr Məclisinin sədri olan alim barəsində çox maraqlı əhvalatlar xatırlanır. Onlardan biri də belədir: “Bir gün İranda dini konfransda Molla Ağaya reqlament üzrə 4 dəqiqə vaxt veriblər. O soruşub ki, ərəbcə danışım, ya farsca? Məəttəl qalıblar. İranın din xadimləri deyiblər farsca danışın, möhtərəm şeyx. Axund Əlizadə yüksək natiqlik məharəti, bəlağətlə, mahir ədəbi tələffüzlə 45 dəqiqə çıxış edib”.

Akademikin atası Ağa Mehdi Əlizadə özünü hörmətli bir ziyalı kimi tanıda bilir. Ağa Mehdinin həyat yoldaşı Əfşan xanım da onun kimi əsilli-nəcabətli bir xanım idi. O, Mir Möhsün ağanın bacısı qızıdır. Akademikin özü də hamının ruhuna indi də hörmət etdiyi Mir Möhsün ağanın bacısı nəvəsi olduğu üçün fəxr edib. Amma Əfşan xanım nə qədər mühafizəkar bir ailənin övladı olsa, Bakının ən ziyalı qadını kimi yetişə bilir.

Bu ailənin digər tanınan üzvü akademik A. Əlizadənin qardaşı Maqsud Əlizadədir. Onun digər qardaşı Məsud Əlizadə Azərbaycan SSR-də komsomol təşkilatının rəhbəri olub.

Orta məktəbi gümüş medalla bitirən gələcək AMEA prezidenti Azərbaycan Sənaye İnstitutunu bitirib. Bu, o vaxt üçün heç də sadə qərar deyildi, çünki ailədə tibb istiqaməti müəyyənedici idi, gümüş medal sahibi isə o dövrlərdə ölkənin istənilən ali məktəbinə müsabiqəsiz daxil olmaq hüququna malik idi. A. Əlizadə isə geologiyaya üstünlük verdi. Lakin tibb peşəsi ömrü boyu onun sevimli bir istiqaməti olaraq qaldı. Hələ ilk illərdən başlayaraq onun xarakterinin əsas cizgiləri uğursuzluqları dəf etməkdə mətinlik, qeyri-adi məqsədyönlülik, şəxsi intizam, bekarçılıq və nizamsızlığa qarşı dözümsüzlük formalaşmağa başladı.

Tələbə elmi cəmiyyətində fəal iştirakı, ciddi elmi işə həvəs göstərməsi ilə nəticələndi və sonralar seçdiyi bilik sahəsində yeni, hələ öyrənilməmiş məsələlərə can atması gələcək müqəddəratını müəyyən etdi. Məhz buna görə də institutu bitirərək neft mədənlərində quyuların tədqiqi üzrə texnik vəzifəsinin icrasına başlasa da, yenidən elmə qayıtdı.

1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edildi. İnstitut həmişəlik fəaliyyət məkanına çevrildi. Azərbaycanda geologiya elmi 60-70-ci illərdə özünün inkişaf zirvəsinə yüksəlmişdi. Bu zaman bir neçə geoloq nəslinin səyi nəticəsində regionun geoloji quruluşunun və təkamülünün əsas cizgiləri müəyyən edilmiş, Azərbaycan geoloqları tərəfindən uzun illər ərzində iqtisadiyyatın sabit inkişafını təmin edə biləcək neft və qaz, polimetal və filiz, qeyri-metal faydalı qazıntı yataqları kəşf olunmuşdu.

Ardıcıl olaraq əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə edən A. Əlizadə SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini olub.

A.Əlizadə “Şöhrət” və “Şərəf” ordenləri ilə mükafatlandırılıb.

İlin gənc müəllimi-Müraciət formu