XƏBƏRLƏR

22.10.2019 21:23
Gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olundu

Oktyabrın 22-də Xırdalandakı Heydər Əliyev Mərkəzində AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin bir qrup üzvünün Yeni Azərbaycan Partiyası Abşeron Rayon Təşkilatı Gənclər Birliyinin nümayəndələri ilə görüşü olub.

AzEdu.az xəbər verir ki, Abşeron YAP Gənclər Birliyinin sədri Elnur Mirzəyev görüşdə çıxış edərək rayonda gənclər sahəsində aparılan islahatlardan və onların əhəmiyyətindən danışıb.

Abşeron Rayon Təhsil Şöbəsinin nümayəndəsi Elmira İsmayılova rayonda fəaliyyət göstərən məktəblərin şagirdlərinin builki uğurları, o cümlədən yerli və beynəlxalq müsabiqələrdə əldə etdikləri yüksək nəticələr barədə məlumat verib.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxışında təmsil etdiyi qurumda son illər aparılan siyasətdən, ümumtəhsil müəssisələri ilə qurulmuş sıx əlaqələrdən, xüsusilə AMEA-da magistratura təhsili sahəsində qısa zamanda əldə olmuş yüksək nəticələrdən, gənc alimlərin elmi-innovativ ideyalarının reallaşdırılması üçün Yüksək Texnologiyalar Parkındakı (YTP) mövcud imkanlardan danışıb.

AMEA Rəyasət Heyətinin nəzdində fəaliyyət göstərən Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) aparılan və ölkə üçün böyük əhəmiyyət kəsb edən tədqiqatlar barədə məlumat verən SETM-in laboratoriya müdiri, fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov perspektivli kadrlarla, o cümlədən gənclərlə əməkdaşlığın zəruriliyini vurğulayıb.

Görüşdə, həmçinin rayonun təhsil ocaqlarının müasir düşüncəli gənclərinin AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ilə koordinasiyalı fəaliyyətinin, həmçinin YTP-yə və SETM-ə mütəmadi olaraq elmi ekskursiyaların təşkili, eləcə də birgə elmi seminarların keçirilməsi ilə bağlı planlar müzakirə edilib.

İlin gənc müəllimi-Müraciət formu