XƏBƏRLƏR

22.10.2019 14:20
Bakı Mühəndislik Universitetində BDU-nun 100 illik yubileyi qeyd olunub

Bakı Mühəndislik Universitetində (BMU) Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti kimi dəyərləndirdiyi BDU-nun keçdiyi tarixi yola nəzər salıb. Rektor vurğulayıb ki, universitetin inkişafında yeni keyfiyyət mərhələsi ümummilli lider, BDU-nun tarix fakültəsinin məzunu Heydər Əliyevin adı və fəaliyyəti ilə birbaşa bağlıdır. Sovet rejiminin tətbiq etdiyi bütün qadağalara rəgmən, məhz Ulu Öndərin səyi nəticəsində 1969-cu il noyabrın 1-də universitetin yaradılmasının 50 illik yubileyi qeyd olunub. Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin şəxsən tədbirdə iştirak etməsi inqilabi bir hadisə idi. Bu addım BDU-nun həyatında yeni bir başlanğıcın, milli-mənəvi dirçəlişin əsasını qoydu. Sonrakı dönəmlərdə BDU-nun inkişafı ilə bağlı ulu öndər Heydər Əliyevin verdiyi digər mühüm qərarlara da toxunan H.Məmmədov Prezident İlham Əliyevin davam etdirdiyi diqqət və qayğı nəticəsində universitetin uğurlarının zənginləşdiyini, maddi-texniki bazasının gücləndiyini vurğulayıb. Hazırda BDU ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsində də önəmli rola malikdir və  universitet təhsilin inkişafında, ölkədə maarifçiliyin, elmin tərəqqisində, milli ideologiyanın formalaşmasında fəal iştirak edir.

BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə bütün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan universitetin, hazırda Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olduğunu bildirib.  Azərbaycan xalqının və dövlətinin həyata keçirdiyi mühüm tarixi hadisələrdən birinin, BDU-nun yaradılmasının olduğunu qeyd edən prorektor Ulu Öndər Heydər Əliyevin, bu universitetin inkişafındakı tarixi xidmətlərini vurğulayıb. A.Kazımzadə Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından bəhs edərək, ali təhsil ocağının yubiley tədbirlərinin davam etdiyini, indiyə qədər ölkəmizdə, eləcə də ölkə hüdudlarından kənarda yubileyin qeyd edildiyini bildirib. Prorektor çıxışında həmçinin, BMU-nun gənc universitet olmasına baxmayaraq, qısa müddətdə fəxr olunası nailiyyətlər əldə etdiyini, ali təhsil ocaqları arasında özünə layiqli yer tutduğunu fikirlərinə əlavə edib, belə bir tədbirin təşkilinə görə təşəkkürünü bildirib.

BDU-nun Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov çıxışında universitetin keçdiyi 100 illik yola nəzər salıb, mühüm tarixi faktları diqqətə çatdırıb.

Daha sonra BMU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Akif Hüseynli, Riyaziyyat kafedrasının müdiri, dosent Rakib Əfəndiyev Azərbaycan elminin bugünkü vəziyyəti, qarşıda duran problemlər və məzunu olduqları BDU haqqında xoş təəssüratlarını bölüşüblər.

Tədbirin sonunda yubiley münasibətilə BDU rəhbərliyini və tədbir iştirakçılarını təbrik edən rektor H.Məmmədov müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağı olan bu unversitetin bundan sonra da milli kadr hazırlığında, elmin, xüsusilə Azərbaycan dilinin qorunub saxlanmasında və inkişafında müstəsna rol oynayacağına əminliyini vurğulayıb.

 

İlin gənc müəllimi-Müraciət formu