XƏBƏRLƏR

22.10.2019 13:33
Daha bir universitetdə əməkhaqları artırıldı  

Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının əməkhaqları növbəti dəfə artırıldı.

AzEdu.az xəbər verir ki, univeritetdən bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursda sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir.

Dövlət başçısının rəhbərliyi ilə ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirilən işlərin miqyası gündən-günə genişlənir və bu tədbirlər özünü daha qabarıq şəkildə, günün tələblərindən irəli gələn forma və məzmunda göstərməyə başlayır. 2019-cu ilin əvvəlindən cənab Prezident tərəfindən əməkhaqqı, pensiya və müavinətlərin artırılması, şəhid ailələrinə kompensasiyaların verilməsi, əmanətlərin tam sığortalanması, özünüməşğulluq proqramının genişləndirilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində mühüm addımlar atılmışdır. İmzalanmış son fərman və sərəncamlar da məhz bu qəbildəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" 2019-cu il 14 fevral tarixli Sərəncamına əsasən doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlər artırılıb. Martın 1-dən tələbə təqaüdü yerlərinin sayı 16 000 vahid artırılıb. Bütün bunlar ölkə başçısının elmə, təhsilə və gənclərə göstərdiyi növbəti diqqət və qayğının bariz nümunəsidir.

Sevindirici haldır ki, əhalinin bütün təbəqələrini əhatə edən sosial islahatlar paketində təhsil işçiləri də xüsusi yer tutur. Yeni tədris ilindən dövlət sifarişi ilə təhsil alanların sayının və onlara ayrılan təhsil xərclərinin artırılması ilə bağlı verilən qərarlar bu islahatların tərkib hissəsidir. Bu qərara əsasən müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırılıb. Məhz bu yaradılan imkandan yararlanaraq, Sumqayıt Dövlət Universiteti Azərbaycan dövlətinin sosial siyasətini rəhbər tutaraq əməkdaşların maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə bütün əməkdaşların əməkhaqları orta hesabla 18,5 faiz artırılıb.

Cari ilin əvvəlində əməkdaşların əməkhaqları artırılıb. Təbii ki, yaradılan şərait və dövlət qayğısı təhsil işçilərini daha da ruhlandırır, öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir.

İlin gənc müəllimi-Müraciət formu