XƏBƏRLƏR

22.10.2019 12:05
Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm”

Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm”

Vəliyev Oruc Mansur oğlu 4 dekabr 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dizə kəndində anadan olub. Dizə kənd tam orta məktəbini bitirib. 2019/2020-ci tədris ilində III ixtisas qrupu üzrə 633 bal toplayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq” ixtisasına daxil olub. O, 2019/2020-ci tədris ilində Akademiyaya “Hüquqşünaslıq” ixtisası üzrə ən yüksək bal toplayaraq qəbul olan tələbədir. Oruc Vəliyev suallarımızı cavablandırıb.   

Oruc, orta məktəb illərində ən çox marağınız olan fənn hansı idi?

Orta məktəb illərində ən çox marağım olan fənn “Tarix” fənni idi. Həm “Ümumi tarix”, həm də “Azərbaycan tarixi” fənlərini digər fənlərə nəzərən daha həvəslə öyrənirdim və araşdırmalar aparırdım.

Hansısa bilik yarışında və ya olimpiadada uğurlarınız olubmu?

2018-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda keçirilən “Azərbaycan dili” üzrə fənn olimpiadasında birinci yerə, Naxçıvan Muxtar Respublikası üzrə olimpiadada üçüncü yerə çıxdım. Həmçinin Naxçıvanda keçirilən "Xəmsə" bilik yarışlarında təmsil olunduğum komanda birinci və ikinci yerləri tutub.

Ali məktəb seçimində kimsə sizə istiqamət verib, yoxsa ozünüz qərar vermisiz?

Ali məktəb seçimimdə tarix müəllimim Turan Novruzovun rolu olub. Müəllimim mənə Akademiyada olan yüksək tədris səviyyəsi ilə əlaqədar məhz bu ali təhsil müəssisəsini seçməyi tövsiyə edib. Təbii ki, mən də valideynlərimlə məsləhətləşdikdən sonra Akademiyanı seçdim. Düzgün seçim etdiyimə əminəm və heç də peşman deyiləm.

Gömrük Akademiyası xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Burada fiziki sağlamlıq da vacibdir. İdmanla məşğul olmusunuzmu?

Məktəb dövründə dərslərlə əlaqədar olaraq idmanla az məşğul olurdum. Lakin Akademiyaya qəbul olduqdan sonra mütəmadi olaraq idmanla məşğul olmağa başlamışam.

Akademiyada tələbə həyatı, buradakı təhsil sizi qane edirmi? 

Akademiyada tələbə həyatı və təhsil çox yaxşıdır. Hər cəhətdən məni qane edir. Hər şey rəhbərlik tərəfindən yüksək səviyyədə təşkil olunub.

Sizə uğurlar arzulayırıq.

İlin gənc müəllimi-Müraciət formu