Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-21 13:30:00
Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının təqdimatları davam edir  

Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün təqdimatları davam edir.

Nazirlikdən AzEdu.az-a bildirilib ki, növbəti təqdimat oktyabrın 22-də Azərbaycan Dillər Universitetində keçiriləcək.

“Bir” tələbə-könüllü proqramının indiyədək 27 ali və orta ixtisas təhsili müəssisəsində təqdimatları keçirilib. Təqdimatlarda ümumilikdə 4000-dən çox birinci kurs tələbələri iştirak edib və onların proqramın yaratdığı imkanlar, qazandırdığı təcrübələr haqqında sualları cavablandırılıb.

Proqram ölkəmizin 10 şəhərində yerləşən 40 ali və orta təhsil müəssisəsini əhatə edir. “Bir” tələbə-könüllü olmaq tələbələrə beynəlxalq idman yarışlarında və dövlət tədbirlərində yaxından iştirak etməyə geniş şərait yaradır. Bundan başqa, könüllü olmaq tələbəlik həyatını rəngarəng və faydalı keçirməyə, karyera imkanlarını genişlədirməyə, şəxsi inkişafı təmin etməyə, eləcə də komanda ruhunu formalaşdıran kollektiv oyunlarda yeni dostlar qazanmağa imkan verir.

Ümumilikdə 23 mindən artıq könüllü üzvü olan proqram Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran, Quba, Göyçay, Mingəçevir, Şamaxıda keçirilmiş 500-dən çox müxtəlif səviyyəli tədbirləri müşayiət edib, bir sıra tədbir və aksiyaları təşkil edib. Könüllüləri vahid məlumat bazasında birləşdirən və 2015-ci ilin dekabrından fəaliyyət göstərən proqram Azərbaycanda könüllülük fəaliyyətinin istiqamətləndirilməsinə kömək edir.