XƏBƏRLƏR

21.10.2019 13:15
NASA-nın alimi Bakı Mühəndislik Universitetində mühazirə oxuyub    

ABŞ Dövlət Departamentinin “Natiqlər proqramı” layihəsi çərçivəsində NASA-nı təmsil edən Kornell Universitetinin planetar elmlər üzrə doktoru, Virciniya Universitetinin Astronomiya kafedrasının dosenti Ann Verbişer və ABŞ səfirliyinin Maarifləndirici Proqramlar üzrə Direktoru Aydan Əsgərova Bakı Mühəndislik Universitetində (BMU) olublar.

AzEdu.az xəbər verir ki, qonaqlarla görüşən BMU-nun rektoru, professor Havar Məmmədov bu günlərdə müstəqilliyinin 28-ci ildönümünü qeyd edən Azərbaycanın gənc dövlət kimi əldə etdiyi nailiyyətlərdən bəhs edib. Rektor vurğulayıb ki, ulu öndər Heydər Əliyevin gələcək nəsillərə ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin etmək üçün qoyub getdiyi zəngin irsin, siyasi məktəbin Prezident İlham Əliyev tərəfindən məharətlə davam etdirilməsi nəticəsində Azərbaycan qısa müddətdə böyük inkişaf yolu keçib. Hazırda Azərbaycan özünün siyasi, iqtisadi qüdrətinə, strateji mövqeyinə, inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır. Bu inkişaf Azərbaycanda kosmik sənayedən də yan keçməyib. Azərbaycanın gənc ölkə olmasına baxmayaraq dünyanın kosmik ailəsinə daxil olduğunu vurğulayan rektor artıq üç peykimizin (“Azerspace-1”, “Azersky”, “Azerspace-2”) orbitə çıxarıldığını, bunun həm innovasiya, həm də biznes baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Rektor qonaqlara BMU haqqında da ətraflı məlumat verib. Bildirib ki, mühəndislik, iqtisadiyyat və pedaqoji ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirən BMU xarici universitetlərlə yanaşı, beynəlxalq şirkətlərlə də əməkdaşlığa xüsusi önəm verir.

Planetar elmlər üzrə doktor, dosent Ann Verbişer ölkəmizin gənc müstəqil dövlət kimi dünyanın kosmik ailəsinin üzvünə çevrilməsinin böyük nailiyyət olduğunu vurğulayıb. O, Bakıya səfərinin məqsədi, “Azərkosmos”da və digər qurumlarda keçirdiyi görüşlər haqqında məlumat verib. Qonaq eyni zamanda, BMU ilə əməkdaşlıq imkanlarından da bəhs edib.

Daha sonra NASA-nı təmsil edən doktor Ann Verbişer BMU-nun tələbələri ilə görüşüb. BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov qonaq haqqında təqdimatının ardınca Ann Verbişer tələbələrə mühazirə oxuyub. Onun virtual kosmos səyahəti, yeni üfüq planetləri və Pluton planetinin yaranması haqqında fikirləri maraqla qarşılanıb.

İlin gənc müəllimi-Müraciət formu