XƏBƏRLƏR

21.10.2019 09:46
“Bu fənnin ləğvi müəllimlərin dərs yükünə də mənfi təsir göstərdi” – Vacib predmet

“Orta məktəb proqramından rəsmxətt fənnini çıxarmaq çox böyük pedaqoji səhvdir.  Gələcəyin memarı, mühəndisi kimi yetişən şagird  rəsmxəttin əsaslarını, əlifbasını bilməlidir”.

Bunu AzEdu.az-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin  Təsviri incəsənət kafedrasının müdiri  professor  Elturan  Avalov deyib. O bildirib ki, ana dili, riyaziyyat fənni kimi rəsmxətt də həyati əhəmiyyətli fənndir:

“Əvvəllər orta məktəblərdə  rəsmxətt və təsviri incəsənət  ayrıca bir fənn kimi tədris olunurdu.  Ali məktəblərdə texniki istiqamətdə təhsil alan tələbələr çətinlik çəkmirdilər.  Amma indi birinci kursa yeni qəbul olmuş abituriyentin  cüzi səviyyədə bazası yoxdur, çox zəifdilər.  Ona görə də biz onlara bu fənləri sıfırdan öyrətməyə məcbur oluruq.  Bu, belə olmalı deyil. Öyrənmə prosesi məktəbdən başlanmalıdır”.

Onun sözlərinə görə  texniki ixtisasların hamısında rəsmxətt vacibdir. Xaricə inteqrasiya etmək üçün də memarlıq, mühəndislik çox əlverişli peşədir. Məhz bu səbəbdən, texniki bacarıqlar orta məktəbdə diqqət göstərilməlidir:

“Məktəb çağında şagirdlərə istər rəsmxətt, istərsə də digər  fənlərə aid ilkin bilikləri öyrətmək daha asan olur. Çünki azyaşlı şagirdin götürmə qabiliyyəti də yaxşı olur. Ali məktəb zamanında isə bu, bir az qəlizləşir. Bu məsələlərə 16-17 yaşlarından başlamaq olmaz, uşaqlıqdan öyrədilməlidir”.

S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının təsviri  incəsənət müəllimi Sədaqət Abbasova  bildirib ki,  rəsmxəttin proqramdan çıxarılması təkcə təsviri incəsənətə deyil, texniki yönümlü bütün fənlərə təsir göstərir:

“Digər fənn müəllimləri də şikayət edir ki, şagird bir düz xətti də çəkə bilmir. Rəsmxəttə aid mövzular  təsviri incəsənət və texnologiyanın  proqramına daxil edilib. Amma  cəmi iki-üç tədris materialı ilə kifayətlənib.  Şagirdin dəqiqliyi,  əl qabiliyyəti çox aşağı salınıb. Rəsmxətt fənni  rəsm bacarıqlarını  da gücləndirirdi. İndi şagird birtərəfli inkişaf edir. Əvvəl 100 faiz nəticə əldə etdiyimiz halda, indi şagird buna 50 faiz  nail ola bilir.  Xarici ölkələrdə də çertyoj sənətinə xüsusi önəm verilir”.

O bildirib ki,  rəsmxətin ləğv edilməsi müəllimlərin dərs yükünə də mənfi təsir göstərdi:

“Mənim fənn müəllimi kimi dərs yüküm qənaətbəxşdir. Amma ümumilikdə bu fənnin çıxarılması ümumi dərs yükünün aşağı düşməsinə, müəllimlərin  maaşının azalmasına səbəb oldu”.

Ayşə Müseyib

İlin gənc müəllimi-Müraciət formu