XƏBƏRLƏR

20.10.2019 14:38
Summativ qiymətləndirmədə iştirak etməyən şagirdin aqibəti necə olur? – Aktual

Yeni qiymətləndirmə qaydaları artıq çoxlarına məlumdur. Bu qaydalar yeni tətbiq olunanda əksər müəllimlər işlərinin artmasından gileylənir, bir qismi isə əksinə, summativ qiymətləndirmələrin şagirdi buraxılış imtahanına daha yaxşı hazırladığını iddia edirdilər.

Yeni qiymətləndirmə artıq aylardır, tətbiq olunduğuna görə, onu daha real və ədalətli dəyərləndirmək mümkündür.

Bir neçə ay ərzində summativ qiymətləndirmələrin xeyli müsbət tərəfləri üzə çıxdı. Amma aylardır, şagird və valideynləri narahat edən məqamlardan biri də hər hansı səbəbdən dərsdə iştirak edə bilməyən şagirdin kiçik summativ qiymətləndirmədən “0” alması və bunun məktəblinin illik qiymətləndirməsinə təsir göstərməsidir.

Sual:

-Övladım tez-tez xəstələnir. Amma dərslərini yaxşı oxuyur. Məktəbə getmədiyi günlərdə KSQ keçirilsə, necə olacaq?

Cavab:

-Burada heç bir problem yoxdur. Təhsilalanın üzrlü səbəbdən kiçik summativ qiymətləndirmənin hər hansı birində iştirak etməməsi yarımillik balların hesablanmasında nəzərə alınmır. Üzrlü səbəb dedikdə isə xəstəlik, bədbəxt və ya fövqəladə hadisə nəzərdə tutulur. Xəstəlik səbəbindən KSQ-də iştirak edə bilməyən şagird “0” bal yazılmaması üçün mütləq tibbi arayış təqdim etməlidir. Şagirdin iştirak etmədiyi KSQ növbəti KSQ keçirilənədək təşkil edilməlidir.

Qeyd edək ki, yeni qiymətləndirmə qaydalarına əsasən, I siniflərdə summativqiymətləndirmə nəzərdə  tutulmur. II-IV siniflərdə isə kiçik summativlər nəzərdə tutulsa da, böyük summativqiymətləndirmə aparılmır. 

Böyük summativ qiymətləndirmə yalnız V-XI siniflərdə keçirilir. BSQ-lər V-IX siniflərdə ümumi orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulmuş fənlərdən, X-XI siniflərdə isə tam orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulan fənlərdəndir.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu