Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-20 13:16:00
Autizmli uşaqlara dəstək proqramı

Autizm müasir dövrümüzdə tez-tez təsadüf olunan problem kimi özünəqa­pan­ma, real həyatdan uzaqlaşma, sosial münasibətlərdən yayınmalarla təzahür edir.

Autizm 3 yaşından əvvəl başlamaqla ömür boyu davam edən, sosial münasibətlərə və ün­siy­yətə ziyan vuran, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beynin in­ki­şa­fını məhdudlaşdıran problemdir. Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qaliblərindən biri də Neftçala rayon İ.Babayev adına tam orta məktəbin psixoloqu T.Elmirin həyata keçirdiyi “Autizmli uşaqlara dəstək proqramı” layihəsidir. Layihənin məqsədi Neftçala rayon ərazisində autizm spektr pozuntularına malik olan uşaqları aşkarlamaq autizmin spektr pozuntularının təzahür xüsusiy­yət­­lə­rini öyrənmək, on­lar­la psixodi­aq­nostik və psixokorreksiya işi təşkil edərək müsbət dəyişmələrə nail olmaqdır. Qeyd edək ki, autizm erkən yaş dövründə başlayan, həyat boyu davam edən sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyropsixiatrik bir pozuntudur.

Layihənin ilk ayı ərzində müraciət edən autizmli xəstələrin qeydiyyatı aparılmış və autizmli uşaqların ilkin psixoloji-diaqnostik qiymətləndirilməsi keçirilmişdir. İlkin qiymətləndirmələrdə müxtəlif psixoloji pozuntulara malik 40-a yaxın sağlamlıq imkanları məhdud uşaq iştirak etmişdir. Autizmdən əziyyət çəkən uşaqların autizm səviyyəsinin müəyyən etmək üçün ilkin diaqnostik qiymətləndirmə keçirilmişdir. PEP-R testini istifadə etməklə təqlid, qavrama, əl-göz koordinasiyası, kiçik motorika, böyük motorika, koqnitiv və şifahi olmaq üzrə 7 sahədə inkişaf qiymətləndirilməsi aparılmışdır. Hər inkişaf sahəsində edə bildiyi, edə bilmədiyi və qismən edə bildiyi ( öyrənməyə hazır olduğu) bacarıqlar müəyyən edilmişdir. Diaqnostik qiymətləndirmələri peşəkar psxoloq-mütəxəssislər həyata keçirmişdir.  Layihənin ilk ayı ərzində həmin uşaqlar içərisində 16 autizmin müxtəlif spektr pozuntularına malik uşaq aşkarlanmış və ilkin diaqnostikadan sonra məşğələlərə cəlb edilmişdir. Müraciətlər növbəlilik prinsipinə əsalanaraq indi də davam edir. Autizmli uşaqlarla psixoloji, loqopedik, fizioterapiya məşğələləri iki psixoloq, bir loqoped, bir fizioterapist tərəfindən keçirilir. Saglamlıq imkanları məhdud uşaqların valideynləri ilə söhbətlər keçirilmiş, məlumatlar toplanmışdır. Çünki, ailə uşağın inkişafında və təhsilində ən təsirli rolu olan faktorlardan biridir. Buna görə də, normal və ya qüsurlu olsun hər uşağın daxilində böyüyüb inkişaf edə biləcəyi, bəzi qayda və rolları yaşayaraq öyrənə biləcəyi ailə mühiti içində olmaq ehtiyacı vardır. Bunların xaricində, ailələrin bu problemlərlə mübarizə aparması zamanı yaşadıqları psixoloji narahatçılıqlar da ən böyük problemlər arasındadır.

Aparılan psixoloji məşğələlərdə autistik uşaqlara ən çox tətbiq edilən ABA davranış terapiyasından istifadə edilmişdir.  Bu metod uşağın davranışlarını və bu davranışları ilə əlaqəli ətraf mühitin xüsusiyyətlərini obyektiv olaraq analiz etməyə şərait yaradır. Autistik uşaqlar hər inkişaf sahəsində fərqli səviyyələrdədir. Vacib olan hər inkişaf səviyyəsində olan  öncəlikləri müəyyən etməkdir. Uşağın ilkin tələbatlarının təmin edəcək sahələrdə malik olduğu bacarıqlar hədəf kimi seçilməlidir.

Autizmli uşaqlara qazandırılmaq istənən bacarıqlar uşağın bütün həyatını əhatə edir. Dr. Çetin Özbeyin fikirlərinə görə pedaqoq tərəfindən aparılan davranış təlimi, evdə ailə tərəfindən davam etdirilməlidir. Bəzi valideynlərin xüsusilə anaların autizmli uşaqlarına həddən artıq kömək edərək uşağı başqasından asılı bir həyat tərzinə apardığını vurğulamaq lazımdır. Lazımından artıq kömək uşağı passivləşdirir və öz şəxsi intuisiyalarını azaldır. Sosial münasibətləri və ünsiyyəti qaydasında olan bir uşaq belə həddindən artıq kömək alarsa passiv hala gələ bilər. Əvvəlcə anasının həddən artıq köməyi ilə asılı həyat tərzini mənimsəyən uşaq gələcəkdə anasının yerinə qoyacağı bir başqa şəxsi axtarar. Autizmə sahib biri üçün bu çox vacib neqativ bir xüsusiyyətdir. Autizm fenomeni daxilində asılılıq və bağlılığı daşıyan bir fenomendir. Bundan əlavə valideynlərin də bu bağlılıq və asılılığı artırmağı yanlış olar. Uşaq gələcəkdə asılılığını davam etdirə biləcəyi bir şəxs tapa bilməyəcəyi üçün asılı həyat tərzində mümkün olduğu qədər erkən yaşda xilas olmaq, autistik uşaqların baxımından həyati bir önəmə sahibdir.

 Uşaq tədris xaricindəki zamanının böyük qismini evdə keçirir. Bəziləri bu zamanı televiziya izləyərək, digərləri isə kompyuter arxasında sərf edir. Televiziya və kompyuter oyunları əsasən autizmli uşaqların marağını cəlb etməz. Buna görə də, bu uşaqların özlərinin edə biləcəkləri heç bir fəallıq olmadığı zaman, şiddətli formada mövcud stereotiplərini və takıntılarını davam etdirər. Bu səbəbdən, ailə üzvləri müalicə xaricindəki zamanlarda uşaqların özləri ilə tək başına qalmağına icazə verilməməlidir. Həm ev daxilində, həm də ev xaricində yaxşı vaxt keçirəcəyi və istəyərək iştirak edəcəyi mühitlər və aktivliklər yaratmaq lazımdır.

Həkim və valideynlərin Autizm Spektr Pozuntusu və digər inkişaf problemlərinin erkən simptomlarını ayırd etməsi həyatı əhəmiyyətə sahibdir. Düzgün izlənilməsi şəraitində ünsiyyət, sosial və motor bacarıqlarında hər hansı bir gecikmənin ilkin simptomları asanlıqla ayırd edilə bilər.