XƏBƏRLƏR

20.10.2019 11:33
Təhsil ocağının tarixi möhtəşəm araşdırmalarda

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) "Bakı Dövlət Universitetinin tarixi" kitabının təqdimatını keçirib.

AzEdu.az xəbər verir ki, kitab Elm Tarixi İnstitutunun Elmi Şurasının qərarına əsasən, çap olunub.

Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəyli Azərbaycanda Avropa tipli ilk ali təhsil ocağının – Bakı Dövlət Universitetinin şərəfli tarixinə nəzər salıb. Universitetin yaranmasını Azərbaycan Xalq Cümhuriyyətinin şanlı ilklərindən biri kimi səciyyələndirən M.Seyidbəyli kitabın AXC-nin və BDU-nun 100-cü ildönümünə layiqli töhfə olduğunu vurğulayıb.

O, nəşrdə arxiv materiallarına geniş yer verildiyini, yeni faktlarla zəngin, BDU-nun tarixini tam əks etdirən araşdırmanın Elm Tarixi İnstitutunun fəaliyyətində təqdirəlayiq işlərdən biri olduğunu söyləyib.  

Sonra kitabın müəlliflərindən tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov çıxış edərək, kitabın yazılma zərurəti və tədqiqat prosesi haqqında məlumat verib. Müəllif kitabda BDU-nun keçdiyi inkişaf mərhələləri: Universitetin yaradılması ilə bağlı AXC hökumətinin atdığı addımlar, təhsil ocağının 1920-ci il aprel işğalından sonrakı fəaliyyəti, pedaqoji kadr hazırlığı, SSRİ-nin dağılması ərəfəsində Azərbaycanda gedən ictimai-siyasi proseslərdə ali məktəbin tələbə və müəllim kollektivinin iştirakı, 1989-cu ildə Azərbaycan ziyalılarının tələbi ilə universitetin tarixi adının bərpa olunması və digər məsələlərin, eləcə də 1990-cı ildən müasir dövrə kimi BDU-nun fəaliyyətinin ilk dəfə arxiv sənədləri əsasında araşdırılaraq oxuculara təqdim olunduğunu bildirib.

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli Elm Tarixi İnstitutunun fəaliyyətə başladığı qısa müddət ərzində gerçəkləşdirdiyi önəmli layihələrdən danışaraq, "Bakı Dövlət Universitetinin tarixi" kitabını İnstitutun növbəti uğurlarından və “ilk” lərindən biri kimi xarakterizə edib. Kitabın xüsusi həssaslıqla qələmə alındığını, dolğun xronologiya əsasında tərtib edildiyini vurğulayan D.Əzimli BDU-nun keşməkeşli tarixinə ayna tutan əsərin möhtəşəm bir araşdırma olduğunu diqqətə çatdırıb. (Azərbaycan müəllimi)

İlin gənc müəllimi-Müraciət formu