XƏBƏRLƏR

19.10.2019 15:29
Müstəqillik günü memarların yaradıcılıq sərgisində

Yeni Azərbaycan Partiyası (YAP) və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə 18 oktyabr-Dövlət Müstəqillik Gününə həsr olunmuş “Gənc memarların yaradıcılıq sərgisi” keçirilib.

Hakim partiyanın mərkəzi qərargahında təşkil olunan sərgidə millət vəkilləri, tanınmış ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında tarixi qayıdışı olmasaydı, ölkəmiz tamamilə başqa tarix yaşayacaqdı. Onun sözlərinə görə, hazırda Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan daha da inkişaf edir, müasirləşir, dünya ölkələri arasındakı mövqeyi güclənir.

 BMU-nun rektoru, professor Havar Məmmədov müstəqilliyin ilk illərində yaşanan proseslərə toxunaraq bildirib ki, Azərbaycan yenidən öz müstəqilliyini itirmək, parçalanmaq təhlükəsi ilə üzləşmişdi:”Xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasından sonra dövlətçiliyimiz xilas oldu. Ulu Öndərin siyasi iradəsi, qətiyyəti və müdrikliyi nəticəsində Azərbaycanın müstəqilliyi əbədi və dönməz xarakter aldı. 2003-cü ilin prezident seçkilərində xalqın etimadını qazanan Prezident İlham Əliyevin davam etdirdiyi siyasət Azərbaycan dövlətinin qüdrətinin daha da artmasına, dövlət müstəqilliyinin əbədilik qazanmasına gətirib çıxardı”.

 Daha sonra rektor bu kimi sərgilərin təşkilinin gənclər üçün böyük stimul olduğunu, bu gün ölkədə savadlı, gənc memarlara ehtiyac duyulduğunu deyib. O əlavə edib ki, sərgidə müəllimlərin və gənc memarların zəhməti nəticəsində əldə olunmuş nailiyyətlərin bir qismi öz əksini tapıb.

 Memarlıq və İnşaat kafedrasının müdiri, əməkdar memar, professor Sabir Orucov tədbir iştirakçılarını sərgi ilə tanış edib. Bildirilib ki, burada BMU tələbələrinin 40-a yaxın əl işi sərgilənir.

 Sonda sərgidə əl işləri nümayiş olunan tələbələrə sertifikatlar təqdim edilib.

(Azərbaycan müəllimi)

İlin gənc müəllimi-Müraciət formu