XƏBƏRLƏR

19.10.2019 15:10
Əsl müəllimlər bir-birlərini dəstəkləyirlər

Arzu Quliyeva: “Mən şagirdlərimi öz övladlarım qədər sevirəm”

Arzu Quliyeva 1966-cı ildə İmişli rayonunda anadan olub. Orta təhsilini 1973-83-cü illərdə İmişli şəhər 1 nömrəli tam orta məktəbdə alıb. 1988-ci ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini bitirib. Həmin ildən Çaxırlı kənd F.Quliyev adına tam orta məktəbdə pedaqoji fəaliyyət göstərir. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 59 bal toplayıb.  İmişli Rayon Təhsil Şöbəsi və çalışdığı məktəb rəhbərliyi tərəfindən gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətə görə diplom və “təşəkkürnamə”lərlə təltif olunub. Metodik Kabinet tərəfindən iş təcrübəsi öyrənilib və yayılıb.

 - Arzu xanım, karyeranızdan razısınızmı?

- Bəli. Heç vaxt karyeramda uğur qazanmağı qarşıma məqsəd qoymamışam. Çünki  karyera, bəlkə də, bir növ şəxsi keyfiyyətlərin cəmidir  və yüksəlmək üçün  böyük bir istəkdir. Fikrimcə, “müvəffəqiyyət” anlayışı bir qədər başqadır. İstəyirəm ki, dərs keçdiyim şagirdlər onlara tədris etdiyim fənnin  aktuallığını başa düşsünlər və hətta məktəb divarlarından kənarda belə bu aktuallığı saxlasınlar. Təbii ki, bunun üçün əlimdən gələni edirəm.

 - Nə vaxtsa özünüzü tamamilə fərqli bir fəaliyyət sahəsində göstərmək istəyirsinizmi?

-Yəqin ki, bu istəklər yorğunluq anlarımda olub.  Elə “pik” vəziyyətlər olur ki, həmin anlarda öz-özünə sual verirsən: “bütün bunlar mənim nəyimə lazımdır?”. Amma cavabı anında da hazır olur: axı bu sənin həyatının mənasıdır.

 Başqa bir sahədə özümü axtarmaq üçün heç bir səbəbim, heç bir fikrim yoxdur.

 - Sizin şagirdləriniz arasında yalnız oxumağa yönəlmiş uşaqlar üstünlük təşkil edir, yoxsa, onların arasında qeyri-adi və xarizmatik uşaqlar var?

- Hesab edirəm ki, öyrənməyə yönəlmiş uşaqlarda da xüsusi bir xarizma var. Belə uşaqların ciddi bir məqsədi olur - bilik əldə etmək və bundan sonra da həyatını bu yol üstündə qurmaq. Şagirdlər arasında tamamilə fərqli uşaqlar var. Amma bu, birinin digərindən daha yaxşı və pis olduğu anlamını yaratmır.

 - Şagirdlərinizdən öyrənəcəyiniz bir şey varmı?

- Bəli! Bu, onlarda olan müasirlik və hərəkətlilik, onların bu gün həyatda rahatlıqla irəli addımlamalarıdır! Bəzən bunları özümdə hiss etmirəm. Mən tez-tez “dünənki gün” barəsində təhlillər aparıram. Bu  barədə çox düşünürəm və bu qənaətə gəlirəm ki, yaşadıqlarımıza diqqəti yönəltmədən ancaq irəli getmək lazımdır.

 - Pedaqoji fəaliyyətinizdə sizin  yaddaqalan dərsiniz olubmu?

- Bəli, belə bir dərs olub. Biz bir dəfə bəzi suallara cavab axtarmaq qarşısında qalmışdıq. Hansı ki, bu suallar, hətta orta məktəb proqramlarında, dərsliklərdə belə yox idi. Bunun həlli üçün uşaqlara standart esselər deyil (inşalar), özləri tərəfindən bizim axtardığımız suallara cavab olaraq müxtəlif mövzularda mini-tədqiqatlar aparmağı tapşırdıq. Bu böyük və maraqlı iş, həqiqətən, mənə həyat üçün dərs kimi göründü. Mən öz işimin, peşəmin əhəmiyyətini onda başa düşdüm.

 - Şagirdlər nəyi bilmirlər və nəyi onlara öyrədə bilmisiniz?

- Bir çoxlarına qələmi düzgün tutmağı, rus dilində məktublar yazmağı, heca və sözləri oxumağı, daha təmkinli və səbirli olmağı, ümumi davranış qaydalarına riayət etməyi və komanda ilə işləməyi öyrətmişəm. Ancaq fikrimcə, bu, mənim əziyyətim deyil, burda valideynlərin də böyük əməyi var.

 Mən həmişə şagirdlərimə öz imkanlarını göstərməyə, oxumağa həvəsləndirməyə, bacardıqlarını və bacarıqlarını göstərməyə dəstək vermişəm.  Bacarıqlarını təkrar-təkrar, səbirlə və diqqətlə həyata keçirməyə həmişə kömək olmuşam. Bu isə sınaq və təkrarlama üsuludur. Bu işdə həmişə valideynlərin köməyini hiss etmişəm. Bu cür ikitərəfli iş ən effektli işdir. Axı dərsə ayrılan vaxt ən yaxşı nəticələr əldə etmək üçün kifayət etmir. Şadam ki, ev tapşırıqlarının həllində isə qeyd etdiyim üsulla nail ola bilmişəm. Ümumiyyətlə, təhsilalma, təhsilvermə mövzusunda uşaqlar və valideynlərlə rabitəlilik maraqlı və faydalıdır.

 - Rus dilində əldə edilmiş səviyyəni möhkəmləndirmək üçün uşaqlara nə tövsiyə edərdiniz?

- Audio nağıllara qulaq assınlar, kitab oxusunlar, rus dilində leksik oyunlar oynasınlar. Bu işdə mənim ən çox xoşuma gələn “Bu nədir?” və “Mən nə düşünürəm?” oyunlarıdır. Müəllimlərə də tövsiyəm odur ki, dərslərində bu oyunlardan tez-tez istifadə etsinlər.

 - Sizin həyat deviziniz necədir?

- Heç vaxt heç nədən peşman olmayın, utanmayın! Hər kəs öz həyatı ilə bu həyatda parlaqdır. Özünüzü və ətrafınızdakılar üçün bir “ləzzət” tapmağa çalışın! Optimist olmaq və dünyaya xoş duyğularla baxmaq lazımdır.

 - Həyatda ən çox nədən yorulursunuz?

- Fiziki baxımdan, bəzən vaxtın azlığından, işlərin çoxluğundan və onların öhdəsindən gələ bilməməkdən. Amma  zehni yüklənmədən mən heç vaxt yorulmamışam və iş prosesindən bezməmişəm! Mən işimi sevirəm, yanımda olan insanları sevirəm və “həyatdan yoruluram” deyə, düşünmürəm! Həyatdan yorulmaq olmaz, onu sevmək lazımdır!

 - Bu gün müəllimlər arasında rəqabət varmı?

- Düşünürəm ki, əsl müəllimlər arasında yox! Rəqabət yox, dəstək var! Deyərdim, müəllimlik peşəsi peşələrin ən çətinidir. Buna görə də bu sahədə çalışanların əməyinə böyük bir heyranlıq var. Əsl müəllimlər  bir-birləri ilə rəqabət aparmırlar, onlar həmişə bir-birlərini dəstəkləyirlər.

 - Siz orta məktəbdə oxuyanda necə şagird olmusunuz?

- Məktəbdə  nümunəvi  şagirdlərdən olmuşam. Amma indi başa düşürəm ki, yuxarı siniflərə qədər mənim bilik səviyyəm orta olub. Onda hər şeyi öyrənirdim, mənə maraqsız görünən mövzularla dərindən maraqlanmırdım.

 Məktəbin ictimai işlərini isə doğma işim  hesab edirdim.

 İdeal gününüz hansıdır? 

- Şənbə günü. Bu  gün işdən evə gələndə başa düşürəm ki, nəhayət ki, istirahət üçün boş bir gün olacaq və bu isə həftə əvvəlindən gözlənilən gündür. Mən başqa işləri yerinə yetirmək imkanı haqqında xəyal etməyə başlayıram. Lakin növbəti günün bazar günü olması bu imkanı həyata keçirməyə imkan vermir. Mənim üçün şənbə gününün axşamı ən ideal vaxtdır desəm, yanılmaram.

 - Əgər gələcəyinizi bilmək imkanınız olsaydı, buna qərar verərdiniz?

- Əlbəttə, yox! Heç bir halda!  Gələcək haqqında, səni nələrin gözlədiyi barəsində fikirləşmək olar.  Lakin gələcək haqqında bəzi şeyləri bilib və bu belə olacaq, başqa cür yox, deyib yaşamaq olmaz. Fikrimcə, belə halda həyatın mənası itir.

 - Şagirdlərinizə yeni dərs ilində nə arzulayırsınız?

- Mən şagirdlərimi öz övladlarım qədər sevirəm. Odur ki, övladlarıma arzuladıqlarımı onlara arzulayıram.

 Vilayət ƏLİYEV,

İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

İlin gənc müəllimi-Müraciət formu