Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-19 10:47:00
İstedadlı alim, böyük müəllim, xeyirxah insan

Tədqiqatçı alim yeni arxeoloji, epiqrafik abidələri aşkarlayaraq elmi dövriyyəyə daxil edib 

Azərbaycan tarix elminin görkəmli nümayəndəsi, tanınmış ziyalı Hacıfəxrəddin Səfərli yüksək mənəviyyatı, vətənpərvərliyi, xeyirxahlığı, eyni zamanda əqidəliliyi, prinsipiallığı və əzmkarlığı ilə  tanınan ziyalıdır. AMEA Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi kimi ömrünün  40 ildən artıq dövrünü Azərbaycan elminin, təhsilinin  inkişafına həsr etmişdir.  O, 70 illik ömür yolunda vətən tariximizin ən problemli və aktual məsələlərinin obyektiv həllində  səylər göstərmiş, yüzlərlə gəncin maariflənməsində, vətəndaş kimi formalaşmasında  yaxından iştirak etmişdir. Hacıfəxrəddin Yəhya oğlu Səfərli 29 sentyabr 1949-cu ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olub, 1955-1966-cı illərdə Cəhri kənd orta məktəbində təhsil almışdır. 1967-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının  tarix fakültəsinə qəbul olub, 1971-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir. Elə həmin ildən də Cəhri kənd orta məktəbinə tarix müəllimi təyin olunaraq qısa müddətdə  tədris prosesində uğurlar qazanır, şagird və müəllim yoldaşlarının sevimlisinə çevrilir. Hələ ali təhsil aldığı  illərdə Tələbə Elmi Cəmiyyətində müxtəlif tarixi mövzularla  aktiv iştirakı ilə tanınan Hacıfəxrəddin müəllimin elmi-tədqiqat işinə olan marağı onun 1979-cu ildə Azərbaycan MEA-nın Naxçıvan Elmi Mərkəzində elmi işçi kimi çalışmasına səbəb olur.

Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərindən ilham alan Hacıfəxrəddin  müəllimin tarix elmini və onun metodologiyasını dərindən bilməsi, eyni zamanda, yüksək intellekt, zəka və məntiqə malik olması sayəsində Azərbaycan tarixşünaslığında orta əsr  mədəniyyətimizlə  bağlı öyrənilməmiş, təhrif edilmiş bir çox məsələyə aydınlıq gətirilmiş, mühüm tarixi sənəd və faktlar aşkar edilmişdir. Elmi tədqiqatlarında son dərəcə dəqiqliyi ilə seçilən Fəxrəddin müəllim bir alim kimi, araşdırdığı tarixi hadisələri dərindən təhlil edərək mühüm elmi nəticələr əldə etməyə müvəffəq olmuşdur. Onun əsərləri ardıcıllığı, faktoloji materialın zənginliyi, sadə dillə izah və şərh edilməsilə seçilir.

Hacıfəxrəddin Səfərli uzun illərdir ki, tarix və mədəniyyətimizdə xüsusi yeri olan epiqrafik abidələrimizlə bağlı tədqiqatlar aparır. İslamın yayıldığı zamanlardan meydana gələn müxtəlif təyinatlı tarixi-memarlıq nümunələrimizin ictimaiyyətə bəlli olmayan tərəflərini öyrənir, bununla bağlı monoqrafiya, kitablar və məqalələr hazırlayıb elmi ictimaiyyətə və  geniş oxucu kütləsinə çatdırır.

Naxçıvan Muxtar Respublikası ərazisində günümüzədək gəlib çatan bir sıra türk-islam mədəniyyət nümunələri, o cümlədən məscidlər, mədrəsələr, türbələr, imamzadələr, körpülər, karvansaralar, qalalar, hamamlar, mülki tikintilər, buzxanalar müəllif tərəfindən tədqiq olunaraq elmi dövriyyəyə daxil edilmişdir. Eyni zamanda, tarixi-memarlıq nümunələrinin inşa edilmə və bərpa olunma tarixi ilə yanaşı, tədqiqatçı tərəfindən bu abidələri inşa edən bəzi memarlar barəsində də ümumi məlumatların verilməsi araşdırmanın elmi dolğunluğunu şərtləndirmişdir.

“Naxçıvan MSSR-in ərəb-fars dilli kitabələri tarixi mədəniyyət abidələri kimi (XVI-XIX əsrlər)” adlı namizədlik dissertasiyası üzərində çalışan alim vətən tariximizin ən aktual və gərəkli bir sahəsinin tədqiqinə həsr olunmuş bu tədqiqat əsərini tamamlayaraq 1987-ci ildə uğurla müdafiə etmiş və tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Hələ dissertasiya mövzusu üzərində tədqiqat apararkən o, demək olar ki, Naxçıvanın ən ucqar yaşayış məskənlərinə  səfərlər edərək yeni maddi-mədəniyyət abidələrinin aşkar edilməsinə və tədqiq edilməsinə nail olmuşdur.  Qısa müddət ərzində yüksək elmi tədqiqat bacarığı nümayiş etdirən və yeni elmi müddəaları ilə qəbul olunmuş alim, Naxçıvan Regional Elmi Mərkəzinin “Arxeologiya və etnoqrafiya” şöbəsində böyük elmi işçi və şöbə müdiri vəzifələrinə yüksələ bilmişdir.

“Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər” mövzusunda doktorluq dissertasiyası üzərində işləyən yorulmaz alimin bu elmi tədqiqat işində tarix elminə gətirdiyi yeni elmi dəlillər, maddi-mədəniyyət nümunələri əsasında Naxçıvan tarixinin orta əsrlər dövrünün sosial-siyasi, dini, mədəni, iqtisadi həyatının obyektiv mənzərəsi öz yüksək elmi həllini tapa bilmişdir. Tədqiqat zamanı indiyədək tarix elminə məlum olmayan yeni arxeoloji, epiqrafik abidələr aşkarlanaraq elmi dövriyyəyə daxil edilmiş, bugünədək haqqında pərakəndə fikirlər səslənən  abidələr isə yeni elmi yanaşma üsulları ilə tədqiqata cəlb olunmuşdur. Tarix elminin ən mühüm sahələrindən olan, lakin o qədər də tədqiqatçısı olmayan, ağır zəhmət tələb edən,  epiqrafika sahəsində öz elmi dəst-xətti ilə seçilən alimin tədqiqat sahəsi həm də çox mühüm strateji əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, tarixi düşmənlərimiz olan ermənilər Naxçıvana olan ərazi iddialarını dünyanın müxtəlif ölkələrində saxtakarlıqla səsləndirib, bu ərazilərdə erməni qəbirüstü abidələrinin üstünlük təşkil etməsi  iddiaları ilə beynəlxalq ictimaiyyətin diqqətini çaşdırmaq istəyirlər. Bu baxımdan, ərəb, fars dillərinə yaxından bələd olan Hacıfəxrəddin müəllimin Naxçıvanın müxtəlif bölgələrindən aşkar edərək elmi dövriyyəyə daxil etdiyi orta əsrlər dövrünə aid olan yüzlərlə müsəlman kitabələri fikrimizcə erməni iddialarına ən layiqli elmi cavab kimi qiymətləndirilməlidir. Epiqrafik abidələrin dili ilə orta əsrlər Naxçıvan tarixinin müxtəlif problemlərinə dair irəli sürülmüş yeni elmi fikirlər bütövlükdə Naxçıvan tarixinin öyrənilməsinə xidmət edən sanballı tədqiqat əsərləridir. Alim sadəcə epiqrafik abidələri oxumaqla tədqiqata cəlb etməmiş, həm də Naxçıvanın orta əsrlər dövründə sosial-siyasi vəziyyəti, ticarət əlaqələri, mədəniyyəti, ideoloji məsələlərini  bütövlükdə öyrənmişdir.

Tarixçi alimin müsəlman epiqrafik abidələri haqqında  topladığı materiallarda inşaat və xatirə kitabələri tarixinə də nəzər salınır, inşaat kitabələrindən tarixi-memarlıq abidələrinin təyinatı, inşa tarixi, sifarişçisi, memarı haqqında ətraflı məlumat verilir. Qəbiristanlıqlarda tədqiq olunan məzarüstü kitabələrin məlumatları əsasında həmin məzarlıqların mənsub olduqları bir sıra yaşayış məskənlərinin tarixi  təyin olunub elmi dövriyyəyə daxil edilmişdir. Kitabələrin köməkliyi ilə çoxlu  yaşayış məntəqəsinin adları da dəqiqləşdirilmişdir.

Beləliklə, Hacıfəxrəddin Səfərlinin gərgin elmi fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisindəki epiqrafik abidələr ilk dəfə olaraq sistemli şəkildə tədqiq olunmuşdur. 600-dən artıq epiqrafik abidə qeydə alınmış, onların estampları, fotosu, ölçüsü götürülmüş, mətnləri oxunaraq Azərbaycan dilinə tərcümə edilmişdir. Kitabələrin əksəriyyəti ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmişdir. Bu kitabələrdəki məlumatlar Azərbaycanın orta əsrlər dövrü tarix və mədəniyyətinin öyrənilməsində tarixi mənbəyə çevrilmişdir. Tədqiqatlar nəticəsində orta əsrlər zamanı Naxçıvanda yaşamış çoxlu görkəmli şəxsiyyətlərin, o cümlədən dövlət xadimlərinin, sənətkarların, alimlərin və s. adları, qəbirlərinin yeri, vəfat tarixləri müəyyənləşdirilmiş, bir sıra yaşayış yerlərinin, memarlıq abidələrinin və s. dövrü müəyyən edilmişdir. Həmçinin, kitabələrin məlumatları əsasında orta əsrlər zamanı Naxçıvanda fəaliyyət göstərən sufiliklə bağlı mərkəzlər öyrənilmişdir. Məlum olmuşdur ki, Naxçıvanda Səfəviyyə, Bektaşiyyə, Hürifiyyə, Nöqtəviyyə, Qələndəriyyə və s. sufi təriqətlərinə mənsub xanəgahlar fəaliyyət göstərmişdir.

H.Səfərli 600-ə yaxın  elmi və elmi-kütləvi əsərin, o cümlədən 30-dan artıq kitab, monoqrafiya,  dərs vəsaiti, metodik vəsait və dərs proqramının, 300-dən artıq elmi məqalənin və tezisin müəllifidir. Həmçinin, çoxlu ümumiləşdirici əsərin, o cümlədən 2 cildlik “Naxçıvan ensiklopediyası”nın, Azərbaycan və ingilis dillərində buraxılmış “Naxçıvan abidələri ensiklopediyası”nın, “Naxçıvan tarixi atlası”nın, 3 cildlik “Naxçıvan tarixi”nin, “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik Atlasın əsas müəlliflərindən biridir. Bir sıra beynəlxalq (Türkiyə, Bolqarıstan, Rusiya, İran, Azərbaycan) və respublika miqyaslı simpozium və konfranslarda iştirak və məruzələrlə çıxış etmişdir. Bir sıra kitab, monoqrafiya, dissertasiya və avtoreferatlara rəy vermiş, kitab və monoqrafiyalara redaktorluq etmişdir. Fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarına opponent olmuş, onun rəhbərliyi ilə  bir neçə fəlsəfə doktoru hazırlanmışdır.

H.Səfərli 1995-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent və nəhayət, 2006-cı ildən isə professor kimi səmərəli fəaliyyəti  ilə yanaşı,  bir ziyalı və ictimaiyyətçi  kimi də yüksək etimad qazanmışdır. Onun pedaqoji, təşkilatçılıq və idarəçilik keyfiyyətləri sayəsində yüzlərlə gənc  bu gün cəmiyyətimizdə layiqli yer tutmuş və ölkənin siyasi, ictimai, elmi həyatında fəal  iştirak  etməkdədir.  30 iyun 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Hacıfəxrəddin müəllim eyni zamanda  2002-2007-ci illərdə Naxçıvan Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmiş, əməkdaşların  sosial hüquqlarının müdafiəsi, ittifaq üzvlərinə  göstərdiyi diqqət və qayğı ilə kollektivin dərin hörmətini qazana bilmişdir.

Hacıfəxrəddin Səfərlinin əməyi dəfələrlə ölkə Prezidenti, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, AMEA və Naxçıvan Dövlət Universitetinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, o, bir sıra fəxri fərman və mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar Elm Xadimi” fəxri adı (2015) verilmişdir. 2015-ci ildə hazırladığı “Tarixi mənbələrdə Nuh peyğəmbər” kitabına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə pul mükafatına layiq görülmüşdür.

H.Səfərli uğulu elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, respublikamızın ictimai-siyasi həyatında və idarəçilik sistemində fəallığı ilə seçilmişdir.  2010-2015-ci illərdə IV çağırış Naxçıvan MR Ali Məclisinin deputatı, Ali Məclisin “Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsi”nin sədri olmuşdur. 2015-ci ilin noyabrından V çağırış Naxçıvan MR Ali Məclisinin deputatı, Ali Məclisin “Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsi”nin sədridir. YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının və YAP Naxçıvan şəhər təşkilatının şura üzvüdür.

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin üzvü, AMEA Naxçıvan Bölməsində 3 ixtisas üzrə fəaliyyət göstərən doktorluq Dissertasiya Şurasının sədr müavini, AMEA Naxçıvan Bölməsi “Xəbərlər”inin baş redaktorunun müavini, Naxçıvan Müəllimlər İnstitutu “Xəbərləri”nin və “Naxçıvan” Universiteti “Elmi Əsərləri”nin redaksiya heyətinin üzvüdür .

Hacıfəxrəddin  müəllim gözəl və qayğıkeş ailə başçısıdır. O, öz zəngin daxili aləmi və yüksək mənəviyyatı ilə övladlarına hər kəs üçün müqəddəs və ülvi hiss olan Vətən sevgisi - Azərbaycan sevgisini, vətənpərvərlik və dövlətçiliyə sədaqət duyğusunu aşılamış və cəmiyyətimiz üçün  ləyaqətli vətəndaşlar  yetişdirmişdir.

Tükənməz səbri, sözü ilə əməlinin vəhdəti, əqidə bütövlüyü, məslək saflığı, haqqa-ədalətə sonsuz inamı, nəhayət, ziyalı adını, intellekt səviyyəsini qoruyub saxlaya bilməsi xislətinə xas olan mənəvi təmizliyi onu təkcə tələbələrin deyil, eyni zamanda iş yoldaşlarının, bütün kollektivin istəkli, mehriban, xeyirxah məsləhətçisinə çevirmişdir. İnanırıq ki, görkəmli tarixçi alim hələ uzun illər cəmiyyətimizin  inkişafına daha böyük töhfələr bəxş edəcəkdir.

Yubilyarı 70 yaşının tamam olması münasibətilə təbrik edir, uzun ömür, cansağlığı və elmi fəaliyyətində yeni uğurlar arzulayırıq. ("Azərbaycan müəllimi" qəzeti)

Elbrus İSAYEV,
Naxçıvan Müəllimlər İnstitutunun rektoru