XƏBƏRLƏR

18.10.2019 17:53
Gələn il bakalavriat və magistratura pillələri üzrə xərclərə bu qədər pul ayrılacaq  

2020-ci ildə təhsil xərcləri üçün ayrılan vəsaitin 507,8 milyon manatı və ya 16,1 faizi bu sahə üzrə müvafiq dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək.

AzEdu.az-ın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. 

Layihəyə əsasən, ayrılan vəsaitin 332,9 milyon manatı dövlət sifarişi ilə təhsil alan bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsili pillələri üzrə xərclərə (2019-cu il mart ayının 1-dən təqaüdlərin məbləğlərinin və təqaüd yerlərinin sayının, habelə tələbə qəbulu yerlərinin sayının artırılması ilə bağlı tələb olunan təhsil və təqaüd xərcləri, ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin təhsil haqqı xərcləri nəzərə alınmaqla) ayrılacaq.

Eyni zaman vəsaitin 46,3 milyon manatı dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının saxlanması ilə bağlı xərclərə, 22,6 milyon manatı təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclərə, 18,3 milyon manatı ümumtəhsil məktəbləri üzrə şagirdlərinin pulsuz dərsliklərlə təmin olunması və metodiki vəsaitlərin alınması ilə bağlı xərclərə, 8,0 milyon manatı “Birgə  Azərbaycan-Fransız Universiteti UFAZ” layihəsinin həyata keçirilməsi ilə bağlı xərclərə, 3,5 milyon manatı xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramının maliyyələşdirilməsi ilə bağlı xərclərə ayrılacaq.

Vəsaitin 1,6 milyon manatı “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası üzrə tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclərə, 1,0 milyon manatı təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsi ilə bağlı xərclərə, 7,5 milyon manatı ümumtəhsil məktəblərinin tədris laboratoriyalarına (fizika, kimya, biologiya) avadanlıqların alınması ilə bağlı xərclərə, 6,8 milyon manatı dövlət peşə təhsili müəssisələrində “Həyəcan” düyməsinin quraşdırılması və ona xidmətlə bağlı xərclərə, 8,5 milyon manatı Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması, orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı keçirilən imtahanlarda abituriyentlərin ilk dəfə iştirakı ilə bağlı xərclərə, 1,0 milyon manatı xarici ölkələrin ali təhsil və elmi tədqiqat müəssisələrində Azərbaycanşünaslıq və Xəzər hövzəsi regionu ilə bağlı tədqiqatların təşviqi ilə bağlı xərclərə ayrılacaq.

Bundan əlavə, vəsaitin 0,2 milyon manatı Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə bağlı xərclərə, 0,9 milyon manatı dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı üzrə tədbirlərin maliyyə təminatı ilə bağlı xərclərə, 0,3 milyon manatı gənc istedadlar üçün xüsusi təqaüdlərin verilməsi ilə bağlı xərclərə, 1,0 milyon manatı “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın maliyyə təminatı ilə bağlı xərclərə, 1,3 milyon manatı İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaları üçün təhsil qrantlarının verilməsi ilə bağlı xərclərə, 0,2 milyon manatı dövlət sifarişi əsasında intensiv yenidən ixtisaslaşdırma və qısamüddətli yenidənhazırlama proqramları üzrə qiyabi təhsil alan müdavimlərlə bağlı xərclərə və 45,9 milyon manatı digər təhsil proqram və tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclərə yönəldiləcək.

Qeyd edək ki, gələn il təhsil xərcləri üçün 3 milyard 155 milyon 800 min manat vəsait ayrılacaq.

İlin gənc müəllimi-Müraciət formu