Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-18 11:30:00
“Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib  

Oktyabrın 18-də Dənizkənarı Milli Parkda “Sərhədsiz diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin fəaliyyəti çərçivəsində Bakı Avropa Liseyinin təşəbbüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının, həmçinin Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Yaşıl dalğa” ekoloji hərəkatının ikinci aksiyası keçirilib.

AzEdu.az xəbər verir ki, Azərbaycanın endemik bitkilərinin qorunmasını təbliğ edən aksiyanın məqsədi bəşəriyyətin gələcək inkişafının qayğısına qalmaq və qlobal ekosistemin tarazlaşdırılmasının bərpası estafetini qəbul edəcək gənc nəslin diqqətini ətraf aləmin bugünkü problemlərinə yönəltməkdir.

Tədbirdə Bakı Avropa Liseyinin, Müasir Təhsil Kompleksinin, Bakı şəhərinin 6 və 132-134 nömrəli orta məktəblərinin 200-dən çox şagirdi iştirak edib. Məktəblilərin bir hissəsinin Dənizkənarı Milli Parkda ölkəmizin endemik florasına aid çəkdikləri rəsmlər sərgilənib. Aksiya iştirakçılarının digər qismi Azərbaycanın “Qırmızı Kitabı”na salınan və digər endemik bitki tinglərini mütəxəssislərin köməyilə Dənizkənarı Milli Parkda xüsusi ayrılmış sahədə əkiblər.