Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-18 10:00:00
Pənah Hüseyn: “Nəvələrimi məktəbə aparıb-gətirmək üçün gündə 1.80 manat pul xərclənir”-RUBRİKA  

AzEdu.az  “6+1” rubrikasını davam etdirir.  Rubrika əsnasında, portal əməkdaşlarının hər biri aktual saydıqları təhsil mövzulu suallarını müsahibə ünvanlayırlar.

Redaksiyanın təhsil məsələləri üzrə çalışan  6 əməkdaşı onları narahat edən sualları  hər dəfə altıncı şəxsə-müsahibə ünvanlayırlar... Yəni, 5+1 formatında qısa söhbət...

Rubrikamızın növbəti qonağı sabiq Baş Nazir Pənah Hüseyndir.

Mayıl Ağaxanov: Yeni tədris ilində məktəblilərdən ictimai nəqliyyatda ödəniş alınmaması məsələsi qaldırıldı. Həmin məsələnin tətbiqini nə dərəcədə mümkün və zəruri hesab edirsiniz? 

-Mənim iki nəvəm var. Onları məktəbə aparıb-gətirmək üçün gündə 1.80  pul xərclənir. Uşaqların dərsi fərqli növbə olduqda isə bu xərc ikiqat  artır. Aztəminatlı ailələr üçün bu kifayət qədər ciddi məsələdir. Bu problemin həlli müxtəlif formalarda  təklif olunur. Məsələn, Türkiyədə məktəb avtobusları var və ya şagirdlərə gediş-gəliş üçün aylıq kartlar verilir.

Bizdə muzeylərdə müsbət bir hal vardı. Həftədə bir dəfə muzeylər açıq qapı elan edirdilər. Bu böyüməkdə olan nəslin dünyagörüşündə  mühüm rol oynayırdı. Əlbəttə ki, tərbiyə işi birinci valideyndən başlanır. Lakin dövlət də təhsil və tərbiyədə fəal rol oynamalıdır.

Elmin Nuri: Vurğun Əyyubun ölümündən bir az keçəndən sonra sabiq Təhsil naziri  Firudin Cəlilov Azərbaycana  test üsulunu onun özünün gətirdiyini söylədi. Siz o zaman həmin prosesləri izləyirdiniz? Firudin Cəlilovun sözlərində nə dərəcə həqiqət var?

-Firudin Cəlilovun test üsulunun tətbiqində böyük xidmətləri var. Vurğun Əyyub da testin banisi adlandırılır. Bu fikirlərin onun ünvanına deyilməsində haqqı var. Amma Vurğun Əyyub öz yazılarında ifadə edirdi ki,  bu ideya olaraq bu üsulun Azərbaycana gətirilməsi sabiq prezident Əbülfəz Elçibəyə aiddir. Mən Firudin Cəlilovun sonrakı açıqlamalarında olan yanlış fikirlərə çox təəssüf etdim. Amma təbii ki, bu məsələdə onun da xidmətlərinin üstündən xətt çəkmək olmaz.

Şükufə Süleymanlı: Elmin populyarlaşdırılması istiqamətində hansı tədbirlər görülməlidir?

-Bu sistemli bir məsələdir. Azərbaycan dünya elminin  beynəlxalq, regional strukturlarından kənarda qala bilməz.  Keçmişdə SSRİ bir imperiya olduğu üçün dünyanın digər mərkəzlərindən təcrid olunsa da, tərkib dövlətlər arasında elm sahəsi qarşılıqlı inkişaf edirdi.  

Dünya elm mərkəzlərinə inteqrasiya edilməli,  azərbaycanlı mütəxəssislər qabaqcıl elm sahələrinə cəlb olunmalıdırlar. Şübhəsiz ki, ali təhsil müəssisələrimizdə- universitetlər, akademiyalarda bu sahənin təbliğatı genişləndirilməlidir.  Xalq, millət olaraq bizim elm potensialımız var. Bunu dünyanın qabaqcıl elm mərkəzlərindəki azərbaycanlı  alimlərimizin, tələbələrimizin əldə etdiyi böyük nailiyyətlər , bir sıra yeni kəşflərə imza atmaları sübut edir. Elmin inkişafına dair sənədlər çoxdur. Amma təəssüf ki, bunları reallaşdırmaq, ayrılan vəsaitlərdən səmərəli istifadə etmək lazımdır.

 Günel Yaşarqızı: Pedaqoji ixtisası bitirən məzunlar müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə əldə etmək üçün əlavə müəllim yanına hazırlığa gedir.  Buna səbəb nədir: zəif tədris, yoxsa, müəllimin öz hazırlıqsızlığı?

-Müəllimlərin işə qəbulunun testlə olmağı çox müsbət haldır. Müəllim kadr kimi daim biliyini artırmalı, oxumalı, öz üzərində çalışmalıdır.  Müəyyən mənada müəllimin hazırlığa getməsi universitetlərimizdəki təhsilin səviyyəsini də göstərir.  Digər  tərəfdən də informasiyalar yenilənir, dərsliklər təkmilləşir. Ona görə yenidən hazırlığa ehtiyac yaranır. Bu təkcə müəllimlərdə deyil. Məsələn, hüquqşünaslar hakim olmaq üçün digər mütəxəssislərin yanına hazırlığa gedir. Öz biliyini yeniləyir. Bundan başqa işə qəbulda ixtisasla əlavə digər məntiq, kurikulum kimi sahələrdən suallar salınır. Buna görə əlavə hazırlıq zəruri hal alır.

Nəzrin Rüstəmova: MİQ imtahanlarında müəllimlərin xarici dildən dinləmə bacarığı yoxlanılmadığı halda, şagirdlərin buraxılış imtahanlarında bu tətbiq olunur? Sizcə, bu nə dərəcə doğrudur?

-Elə öz təcrübəmdən deyə bilərəm ki, ingilis dilində bir mətni oxuyuram, yazıram. Amma danışmaqda çətinlik çəkirəm və ya danışanı çətin başa düşürəm. Ona görə  öyrənilən xarici dilin səslənməsinə şagirdləri alışdırmaq yaxşı üsuldur.    Müəllimin başqa keyfiyyətləri də dəyərləndirilir. Məncə, bu ikisi müqayisə olunmalı deyil.

Lamiyə Süleymanlı: İcarə haqqını müəllimlərdən tələb edərək pul yığan direktorun səs yazısı müzakirələrə səbəb oldu. Təhsil Nazirliyi buna müdaxilə etdi. Bəs, sizcə bu kimi neqativ hallara yol verilməməsi, məsələni bu qədər böyüməməsi üçün nələri tətbiq etməkdə fayda var?

-İstənilən halda müəllimdən, şagirddən, valideyndən pul yığılması yolverilməz haldır. Birdən-birə məktəb kollektivinə əmr verməklə bu hallar aradan qaldırılası deyil.  Daim bunun əleyhinə tədbirlər görülməlidir. Bu halları yaradan səbəbləri müəyyənləşdirmək, məsələyə konkret yanaşmaq lazımdır.

Ayşə Müseyib