Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-17 14:37:00
“Ödənişli təhsil alan tələbələrə dəstək mexanizmləri hazırlanır” - Nazir

"Mövcud qanunvericiliyə əsasən, ali təhsil müəssisələrinin fəaliyyəti təhsil haqqının hesabına təşkil edilir. Bu təhsil haqqı iki cür formalaşdırılır".

AzEdu.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir deyib ki, dövlət büdcəsindən təhsil alanların təhsil haqqı dövlət tərəfindən ödənilir. Son bir il ərzində dövlət hesabına təhsil alan tələbələrin sayında ciddi artım baş verib:

"2019-cu ildə bu tələbələrin sayı 66 faiz artıb. Lakin ödənişli təhsil alan tələbələrin ödədiyi təhsil haqları ali məktəblərin gəlirlərinin böyük hissəsini təşkil edir. Buna görə də ali məktəblər təhsil haqlarından asılı vəziyyətdədirlər. Təhsil Nazirliyi olaraq ali məktəblərə tövsiyə etmişik ki, təhsil haqqı ödənişlərini dərs ili başlayan zaman bir dəfəyə deyil, hissə-hissə ödənilməsinə baxsınlar. Əminəm ki, əksər ali məktəblər məhz bu formada iş qurublar".

Nazir bildirib ki, hazırda ödənişli təhsil alan tələbələrə müxtəlif dəstək mexanizmləri müzakirə edilir. Nazir eyni zamanda təhsil krediti məsələsinə də toxunub. Onun sözlərinə görə, təhsil kreditləri bu mexanizmlərdən yalnız biridir, amma yeganə dəstək mexanizmi deyil:

"Əlavə dəstək mexanizmləri üzərində iş gedir, hesablamalar aparılır, konkret olaraq hansı formada dəstək mexanizmləri olacaqsa, bu barədə növbəti aylarda daha geniş məlumat veriləcək".

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları