XƏBƏRLƏR

17.10.2019 14:11
Universitetdə aprel şəhidinin doğum günü qeyd olundu - FOTO

Azərbaycan Texniki Universitetində (AzTU) Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Əbdülməcid Axundovun doğum günü qeyd olunub.

AzEdu.az xəbər verir ki, AzTU-nun rektoru, professor Vilayət Vəliyev tədbirdə iştirak edən Şəhid valideynlərini salamlayıb.

“Siz elə bir övlad böyütmüsünüz ki, bütün Vətən onlarla fəxr edir”- deyən rektor Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olan qəhrəmanlar arasında universitetin 10 Milli Qəhrəmanı olduğunu, bütünlükdə AzTU-nun 50-dək tələbəsinin döyüşlərdə şəhid düşdüyünü bildirib.

AzTU-da vətənpərvərlik hissinin çox yüksək olduğunu vurğulayan Vilayət Vəliyev tələbələri şəhidlərimizin adına layiq olmağa, təhsildə yüksək nailiyyətlər əldə etməyə çağırıb.

Əbdülməcid Axundovun anası Ceyran Axundova oğlu ilə bağlı xatirələrini bölüşüb. ”Oğlumun Vətən uğrunda Şəhid olması nə qədər üzücü olsa da, qürurvericidir” - deyən Ceyran xanım anım tədbirini möhtəşəm qiymətləndirərək AzTU rəhbərliyinə səmimi təşəkkür edib.

Tədbirdə Gənc Mühəndislər İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Cəfərli “Elektrotexnika və energetika” fakültəsinin təhsildə fərqlənən, ictimai-fəal tələbəsi Bağırova Şəlaləyə Əbdülməcid Axundovun xatirəsinə təsis edilən  plaket və mükafatı təqdim edib. Şəhidin əziz xatirəsinə hörmət olaraq təsis edilən bu mükafat, hər il ənənəvi olaraq Ə. Axundovun doğum günü ərəfəsində, bir vaxtlar onun oxuduğu ixtisasda təhsil alan ən savadlı tələbəyə verilir.

Tədbirdə ssenari müəllifləri - Elşən Zeynallı və Xəqani Həşimovun  Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm ana Vətən” filmi nümayiş olunub. Şəhid valideynləri universitetdə şəhidlərin xatirəsinə həsr olunmuş “Milli Qəhrəmanlar və Şəhidlər Muzeyi”ni ziyarət ediblər.

Qeyd edək ki, hərb tariximizin şanlı səhifələrindən olan Aprel döyüşlərində qəhrəmancasına həlak olan şəhidlərimizdən dördü Azərbaycan Texniki Universitetinin məzunudur. Şəhidlərdən ikisi, Axundov Əbdülməcid və Mirzəyev Elvin “Elektrotexnika və energetika”, Orucov Müşfiq “Avtomatika və kompüter texnikası”, Quliyev Mahir isə “Radiotexnika və rabitə” fakültəsinin məzunudur. 

İlin gənc müəllimi-Müraciət formu