Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-17 09:56:00
Qardaş ölkədəki doktorantımız:“Orada elə bilirlər ki, Azərbaycanda universitet yoxdur”-MÜSAHİBƏ  

Teymur Qasımlı: “Türkiyədə riyaziyyat elmi çox zəifdir. Bu sahədə Azərbaycan Türkiyəni üstələyir”

Teymur Qasımlı kimdir?

Müsahibin öz dilindən TƏQDİMATı: Mən Teymur Qasımlı Şahin oğlu 1988-ci ildə Göyçay  şəhərində anadan  olmuşam. 1994-cü ildə Göyçay şəhəri 2 saylı orta məktəbinin I sinfinə qəbul olmuş, 2005-ci ildə bitirmişəm.  Elə həmin ildə də Azərbaycan Beynəlxalq Universitetinin Tarix və ictimaiyyət fakültəsinə qəbul olmuşam.

Bir müddət müəllim kimi də çalışmışam. Daha sonra isə İstanbul Aydın Universitetində Sosial Elmlər İnstitutunda beynəlxalq münasibətlər və təhlükəzislik, terror  araşdırmaları üzrə magistr təhsili almışam.

AzEdu.az  Teymur Qasımlı ilə müsahibəni təqdim edir:

 -Teymur bəy, öncə  istərdik, təhsilinizi sonradan Türkiyədə davam etdirməyinizin səbəblərindən danışasınız... 

- Avropa və digər dövlətlərlə müqayisədə Türkiyə universitetlərində təhsil haqqı ucuzdur. Hətta Azərbaycanla müqayisədə Türkiyənin dövlət universitetlərində təhsil haqqı çox aşağıdır. Türkiyədə təhsil almağımın səbəblərindən biri də elmi dünyagörüşümü daha da təkmilləşdirməkdir. Həmçinin, Türkiyədə təhsil almağımın səbəbləri sırasında siyasi elmlər və beynəlxalq münasibətlər üzrə daha zəngin biliklər qazanmaqdır. Bu elmləri Türkiyədə öyrənmək üçün xeyli sayda kitablar və elmi məqalələr mövcuddur. Bundan başqa Türkiyə elmi simpoziumlarda, konfranslarda iştirak etmək üçün əlverişli məkandır.

Tələbələrin Türkiyədə təhsil aldıqları müddətdə müxtəlif siyasi beyin mərkəzlərində təcrübə keçmək şansları olur. Ən önəmlisi bu mərkəzlərdə Azərbaycana baxışı görmək və dünya siyasətini analiz etmək olur. Türkiyəyə gəldiyim gündən bu günə qədər on simpoziumda, yeddi konfrans, altı paneldə çıxış etmişəm. Onu da bildirim ki, 7 akademik elmi məqaləm var. Bundan başqa müxtəlif saytlarda yazılarım və şərhlərim dərc olunub. İstanbulda yayımlanan “Bozkır” jurnalında məqalələr yazıram. Hazırda isə İstanbul Universiteti Sosial Elmlər İnstitutunda  siyasi elmlər və beynəlxalq münasibətlər üzrə doktorantıyam.

-Türkiyədə magistr və doktorantura səviyyəsində təhsil üçün nələr tələb olunur? Universitetlərinə qəbul üçün hansı vacib mərhələlərdən keçmək lazımdır?  

-Azərbaycanla müqayisədə Türkiyədə magistr və  doktorantura səviyyəsinə qəbul olmaq biraz asandır. Ölkənin universitetlərinə qəbul  ildə iki dəfə keçirilir. Türkiyə universitetlərinə qəbul prosesi  yaz və qış fəslində olur. Bu ölkədə təhsil almaq istəyənlər seçdikləri universitetlərin saytına daxil olub, qəbul şərtləri ilə tanış ola bilərlər. Türkiyədə magistr səviyyəsində qəbul üçün ilk növbədə bakalavr diplomu, qiymət cədvəli, diplomun Türkiyədə tanınması haqqında sənəd, xarici pasport və digər sənədlər lazımdır. Bu sənədləri isə türk dilində olmalıdır. Türkiyənin universitetlərinə qəbul olmaq üçün xarici dil sertifikatı lazımdır. Onu da bildirim ki, Türkiyədə magistr səviyyəsinə qəbul olmaq üçün universitetlər çox zaman əcnəbi vətəndaşlardan xarici dil sertifikatı tələb etmir. Bu ölkədə magistr səviyyəsində təhsil almaq üçün yazılı imtahan və ya müəllimlərlə fərdi söhbət mərhələsini  keçmək lazımdır. Universitetlərə qəbul olanlar türk dilində olan sertifikatı təqdim etməlidirlər. Türk dilində sertifikatı olmayanlar isə müvafiq imtahandan uğurla keçməlidirlər. Daha sonra isə magistr səviyyəsində təhsil almaq mümkündür.  Türk dili imtahanından uğurla keçə bilməyənlər isə hazırlıq mərhələsində təhsil almalı olurlar.

Türkiyə universitetlərində dərslərə başlamadan öncə dərs seçimi edilir.

Bu ölkənin  universitetlərində magistr səviyyəsində təhsil iki ildir. Magistr səviyyəsinə qəbul olanlara bir il dərs keçirilir. Tələbələr növbəti bir il ərzində isə elmi iş yazmalı olurlar. Diplom işini yazmaq üçün səkkiz  dərs və bir seminar almaq lazımdır. Daha sonra isə tələbələrin elmi rəhbəri təyin olunur. Elmi iş üçün tələbələr özləri mövzu seçirlər. Daha sonra elmi rəhbər tərəfindən diplom işi qəbul olunur. Tələbələrin diplom işi qəbul olunduqdan sonra müdafiə etməlidirlər. Onu da bildirim ki, diplom işi jüri qarşısında müdafiə edilir. Jüri üzvləri tələbələrin elmi işini qəbul etdikdən sonra onlar məzun olurlar. Onu da diqqətə çatdırım ki, tam məzun olmaq üçün hər hansı bir jurnalda elmi məqaləniz çap olunmalıdır. Elmi  simpoziumlarda iştirak edənlərin orada məqaləsi çap olunubsa onu təqdim edə bilərlər.

Türkiyədə doktorantura səviyyəsinə qəbul olmaq üçün hər bir universitetin qəbul qaydaları var. Doktorantura səviyyəsinə qəbul olmaq üçün ilk növbədə bakalavr və magistr diplomu lazımdır. Türkiyədə doktorantura səviyyəsinə qəbul olmaq üçün mütləq xarici dil imtahanında topladığın balı təsdiq edən sənəd əsas şərtdir. Bəzi universitetlər əcnəbi vətəndaşlardan xarici dil sənədi istəmir. Qəbul olmaq üçün yazılı imtahan və ya müəllimlərlə fərdi söhbət mərhələsini  keçmək lazımdır. Daha sonra doktorantura səviyyəsində təhsil almaq mümkündür. Dərs mərhələsi keçdikdən sonra, elmi rəhbər  seçilir. Elmi iş yazmaq üçün müəllim heyəti təyin olunur. Tələbələr jüri qarşısında  yazılı və fərdi imtahan verirlər. Jüri heyəti tələbələrin nəticələri qəbul edərsə elmi işinin üzərində işləmək lazımdır. Daha sonra isə doktorluq işi  yazılır.

 -Bir müddət müəllimlik fəaliyyəti ilə məşğul olmusunuz. Bəs nəyə görə müəllimlik peşəsini sona qədər davam etdirmədiniz?

-Hər bir insanın həyatında müxtəlif iş mərhələləri var. Müxtəlif alimlər, yazıçılar şairlər həyatlarının bir hissəsində müəllim işləyiblər. Mən 2011-ci ilin 1-dekabrından Göyçay rayon təhsil şöbəsinin Çaxırlı kənd tam orta məktəbində tarix fənni tədris etmişəm. Fəxr edirəm ki, müəllim işləmişəm. Müəllim işləməyimdən də heç vaxt peşman deyiləm. Kənd həyatında müəllim kimi fəaliyyət göstərmək maraqlıdır. Müəllim işlədiyim müddətdə çox yaxşı insanları tanımışam. Ən önəmlisi şagirdlərə tarix fənnini sevdirmişəm. 2015-ci ildə müəllimlik peşəsindən ayrılmışam. Ayrılmağım səbəbi elmlə məşğul olmaq, həyatda yeni uğurlar əldə etmək idi. Elmlə məşğul olmaq üçün  magistr və doktorantura səviyyəsində təhsili almağı hədəf seçdim. Buna görə də Türkiyə Respublikasının İstanbul şəhərinə getdim. Bu günə qədər  şagirdlərim məni axtarır, hal-əhvalımı soruşurlar. Bu da məni çox sevindirir. Düşünürəm ki,  müəllimlik fəaliyyətimdə ən böyük uğurumdur. Deməli, yaxşı müəllim olmuşam.

“Azərbaycanda məntiq elmi zəifdir”

“Müəllimlik ixtisası üzrə təhsil alan tələbələr müəllim olmaq istəmir. Pedaqoji ixtisaslarda oxuyanlar düşünür ki, yaxşı iş tapa bilərlər”

-Müəllimlik ixtisasını bitirən tələbələrin əksəriyyəti işə qəbul üçün hazırlıq kurslarına müraciət edib, hazırlaşırlar. Sizcə, bu nədən irəli gəlir? 

-Müxtəlif səbəbləri var. Çünki müəllimlik ixtisası üzrə təhsil alan tələbə   müəllim olmaq istəmir. Pedaqoji ixtisaslarda oxuyanlar düşünür ki, yaxşı iş tapa bilərlər. Ona görə də ixtisasını yaxşı mənimsəmirlər.

Müəllim işləmək üçün isə MİQ müsabiqəsindən uğurla keçmək lazımdır.  MİQ müsabiqəsində uğurla keçə bilməyənlər məcbur qalıb, hazırlıq kurslarına müraciət edirlər. Universitetlərdə keçirilən dərslər işə qəbul imtahanında təqdim olunan suallarla uyğun gəlmir. MİQ müsabiqəsinin test mərhələsində məntiqdən də suallar salınır. Azərbaycanda məntiq elmi zəifdir. Məktəb və universitetlərdə məntiq dərsləri keçirilmir. Sözün düzü, eşitməmişəm ki, kimsə müəllim olmaq üçün hazırlıq kurslarına müraciət etsin. Amma dövlət qulluğuna qəbul olmaq  üçün müəllim yanında hazırlaşan insanları tanıyıram.

“Türkiyəlilər elə bilirlər ki, Azərbaycanda universitet yoxdur”

 -Sizcə, gənclərimizin Türkiyədə oxuması Azərbaycan təhsilinə nə qazandırır?

-Gənclərimizin xaricdə oxuması Azərbaycan təhsilinə heç nə qazandırmır. Təhsil haqqı üçün milyonlarla pul xarici universitetlərə sərf olunur. Amma qazancı Türkiyədə təhsil alan tələbələr əldə edə bilər. Əgər o da yaxşı oxuyub üzərində işləsə... Türkiyədə tibb sahəsi üzrə oxuyanlar Azərbaycan təhsilinə dəstək olmağa çalışırlar. Ona görə də bizlər Azərbaycan təhsil sistemində yeniliklər etməliyik. Türkiyəlilər elə bilirlər ki, Azərbaycanda universitet yoxdur. Halbuki onlar səhv düşünürlər. Çünki Türkiyə universitetlərində kifayət qədər azərbaycanlı alim işləyir. Alimlərimiz əsasən riyaziyyat, musiqi, bəstəkarlıq digər sahələr üzrə fəaliyyət göstərirlər.

 Türkiyə universitetlərindəki konservatoriyaları azərbaycanlı bəstəkar, musiqişünas alimlər yaradıb. Türkiyədə riyaziyyat elmi çox zəifdir. Bu sahədə azərbaycanlı alimlər üstünlük təşkil edirlər. Hətta Türkiyədə şahmat oyunu demək olar ki, yoxdur. Azərbaycanlı müəllimlər şahmat üzrə türkiyəlilərə dərs deyir. Hətta şahmat öyrənmək üçün kitablar da yazılır.     

-İstərdik, Azərbaycan və Türkiyə təhsil sistemini müqayisə edərdiniz...

-Azərbaycanla müqayisədə Türkiyənin təhsil sistemi yaxşıdır. Amma Avropa və ABŞ təhsil sistemi ilə müqayisə etdikdə əskikləri görmək mümkündür. Türkiyədə universitetlərin muxtariyyəti var. Bu muxtariyyəti universitetlərə Türkiyə Respublikasının ikinci prezidenti İsmət İnönü tərəfindən verilib. Universitetlərdə dərs deyən alimlərin akademik azadlıqları var. Müəllimlərin araşdırma aparmaq istədiyi mövzuya uyğun dərs demək hüququ var. Ümumiyyətlə,  yaxşı   təhsil almaq insanın özündən asılıdır. İnsan dayanmadan öz üzərində işləməli, kitab oxumalı yeni biliklər öyrənməlidir. Məsələn, mən Azərbaycan təhsil sistemində yetişmiş insanam. Bakalavr təhsili Azərbaycanda alıb,  müəllim işləmişəm. Demək istədiyim odur ki, öz üzərimdə işləyib, kitablar oxumuşam. Ona görə də Türkiyəyə təhsil üçün gedəndə hazır getmişəm. Sadəcə magistr və doktorantura səviyyəsində yeni biliklər, kitablar oxudum.  Ümumiyyətlə, oxumaq istəyənə təhsil sistemi, universitet fərqi yoxdur. Sadəcə təhsil almaq üçün şərait və yeniliklər lazımdır.

Təklif: “Dövlət universitetlərində təhsil haqqı ləğv olunmalıdır”

-Yeniliklər dedikdə nələri nəzərdə tutursunuz? 

-Azərbaycanda fəaliyyət göstərən universitetlərə muxtariyyət verilməlidir. Universitetlərdə dərs deyən müəllimlərə akademik azadlıq verilməsi vacibdir. Müəllimlərin əməkhaqqıları yüksək olmalıdır. Tələbələrə akademik seçim etmək üçün azadlıq verilməlidir. Tələbələrə müxtəlif mövzulara uyğun olaraq araşdırma aparmaq üçün dəstək verilməlidir. Universitetlərin dərs vəsaitləri və dərs proqramları yenilənməlidir. Dövlət universitetlərində təhsil haqqı ləğv olunmalıdır. Magistr və doktorantura səviyyəsinə qəbul prosesi asanlaşdırılmalıdır. Doktorantura (PHD) müdafiə mərhələsində bitdikdən sonra birbaşa elmlər doktoru dərəcəsi verilməlidir.

-Sizcə, Türkiyədə hansı sahələr üzrə təhsil almaq gənclərimiz üçün daha faydalı olar bilər?

-Gənclərimizin Türkiyə və digər ölkələrdə tarix, din və hərb sahəsi üzrə təhsil almağının əleyhinəyəm. Çünki, heç olmasa tarix elminin bakalavrını Azərbaycanda oxumaq lazımdır. Daha sonra isə magistr, doktorantura təhsilini xaricdə oxumaq lazımdır. Çünki, gənclər ilk növbədə öz tarixini bilməlidirlər. Xarici universitetlərdə tarix ixtisası üzrə bakalavr səviyyəsində  təhsil alanların öz tarixi haqqında məlumatı olmur.

Çünki xarici universitetlərdə tarix ixtisası üzrə oxuyanlar ilk növbədə təhsil aldıqları ölkənin tarixini keçirlər. Bakalavr, magistr və doktorantura səviyyəsini xarici ölkələrdə bitirmiş azərbaycanlı tanıyırdım. Onun Azərbaycan tarixi haqqında məlumatı yox idi. Həmçinin, Azərbaycan tarixi haqqında çox aşağı fikirlər söyləyirdi. Bəlkə istəsəydi Azərbaycan tarixini öyrənə bilərdi.  Amma tələbə istəsə belə akademik yanaşma ortaya qoya bilməz. Xarici ölkədə tarix üzrə təhsil alanların əksəriyyəti bilmədən və ya bilərəkdən Azərbaycan tarixi haqqında səhv məntiqsiz və tarixi mənbələrə uyğun gəlməyən fikirlər deyirlər. Türkiyədə tarix üzrə təhsil alan azərbaycanlılardan çox xahiş edirəm ki, tarixi mənbələrə uyğun gəlməyən yalan fikirlər deməsinlər. Ümumiyyətlə, Türkiyə və dünyanın digər ölkələrində yaşayan həmyerlilərimiz Azərbaycan dövlətinin etnik kökü haqqında, dini mənsubiyyəti, siyasi, tarixi, mədəniyyəti ilə bağlı səhv  məlumatları əcnəbilərə verməsinlər.

Türkiyədə oxumaq istəyənlərə tövsiyəm odur ki, tibb, turizm mühəndislik sahələri üzrə təhsil alsınlar. Bundan başqa Türkiyədə təhsil alan tələbələrə məsləhət edirəm ki, Türkiyədə baş verən siyasi proseslərə qarışmasınlar. Tələbələrimiz siyasi partiyaların əlində  alət olmasınlar. Onlar dini təriqətlərdən uzaq dursunlar.  Tələbələrimiz xarici universitetlərdə oxuduqları müddətdə ancaq öz təhsili və  işləriylə məşğul olsunlar. 

Günel Yaşarqızı
Müəllifin digər yazıları