XƏBƏRLƏR

15.10.2019 15:19
DİM dərsliklərdəki səhvlərlə bağlı nə kimi tədbirlər görür? –Şöbə müdiri danışır  

“Əksər vaxtlarda yuxarı sinif dərsliklərində siniflər üzrə seçilmiş standartların yaş xüsusiyyətlərinə uyğun gəlməməsi kimi hallar aşkarlanır. Dərsliklərdə bəzi hallarda verilən materiallar qoyulmuş standartın təlim nəticəsinə uyğun gəlmir”.

Bu sözləri Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva AzEdu.az-a açıqlamasında deyib.

O, orta təhsil müəssisələrində istifadədə olan dərsliklərin monitorinqi məsələsinə aydınlıq gətirib:

“1992-ci ildən sistemli şəkildə dərsliklərin monitorinqini aparmaq mümkün deyildi. İmtahanlar tədrislə bağlı olduğu üçün imtahan materiallarının hazırlamasına dəvət olunan ekspertlər qapalı şəraitdə dərsliklərə baxırdılar. Əgər dərsliklərdə səhvlər, uyğunsuzluq aşkar olunardısa, qəbul proqramı hazırlananda nəzərə alınırdı.

1995-ci ildən elmi-metodiki seminarlar fəaliyyətə başladı. Dərsliklərin müzakirəsi həmin seminarlarda aparıldı. Seminarların təşkil olunmasında məqsəd qəbul proqramının, imtahan modelinin hazırlanması idi. Çünki biz imtahanda şagirddən səhv olan fakt haqqında soruşmamalıyıq. Dərsliklərlə bağlı ən çox səhvlər Biologiya, Tarix fənnləri üzrə aşkar olunurdu. Qeydə alınan uyğunsuzluqlar “Abituriyent” jurnalında dərc olunurdu və şagirdlər bilirdilər ki, bu səhvlərdən imtahanda istifadə edilməyəcək.Uyğunsuzluqları Təhsil Nazriliyinə təqdim edirdik ki, dərsliklərin nəşrində bunu nəzərə alsınlar”.

Afiqə Batıyeva bildirib ki,2012-ci ildə Cənab Prezidentin fərmanı ilə dərsliklərin monitorinqi məsələsi rəsmi olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə olundu:

“Prosesi həyata keçirmək üçün ilkin olaraq beynəlxalq təcrübəni öyrəndik. Rusiya, Qazaxıstan, Türkiyə və Avropa ölkələrində ezamiyyətdə olduq və onların təcrübəsiylə tanış olduq. Dərsliklərin hansı standartlar əsasında monitorinq edilməsi üçün ilkin meyarlar hazırladıq. Beləliklə, əsas parametrlər müəyyənləşdirildi.

Seminarlarda bu sahədə təcrübəsi olan ekspertləri seçdik və baza yaratdıq. Seminarlar vasitəsilə bütün pedaqoji cəmiyyətə müraciət elədik. Kimin dərsliklər barədə nə qədər qeydi varsa, yaratdığımız elektron poçt ünvanına göndərə bilərdilər. Bir ay ərzində müxtəlif fənlərdən 10 minlərlə təklif və qeydlər daxil oldu. Araşdırmalar nəticəsində səhvlər, uyğunsuzluqlar müəyyənləşdirildi. Seminarları açıq müzakirəyə çıxardıq. Seminarlarda dərslik müəllifləri, Təhsil Nazirliyinin işçiləri, müstəqil ekspertlər, müəllimlər iştirak edirdilər. Bu müzakirələrin hamısı internet vasitəsilə canlı yayımla bütün respublikaya nümayiş etdirildi”.

Afiqə Batıyevanın sözlərinə görə, DİM tərəfindən 2013-cü ildə dərslik portalı yaradılıb:

“Dərsliklər dərslik siyasətinə əsasən 4 ildən bir tam tirajla çap olunur. Materiallarda uyğunsuzluq ola-ola, 4 il gözləmək lazım idi. Bu səbəbdən portal yaradıldı və bütün yekun rəylər Nazirliyə göndərilməklə yanaşı, portalda da yerləşdirilidi. Müəllimlərə müraciət elədik ki, portal vasitəsilə rəylərlə tanış ola bilərsiniz. Çünki rəylərdə təkcə səhvlər yox, onların doğru variantları və aradan qaldırılma yolları da qeyd olunub. Beləliklə, portal müəllimlər üçün sosial şəbəkə oldu. İradlar olduqca bizə bildirildi və operativ şəkildə ekspertlər tərəfindən cavablandırıldı. Portal hələ də işləyir. Bu müddət ərzində 4 milyona yaxın baxış var.

2016-ci  ildə TQDK Prezidentin fərmanı ilə Dövlət İmtahan Mərkəzi adlandırıldı və Nizamnaməmiz tamamilə dəyişdi. Yeni nizamnaməyə görə, dərslikərin monitorinqi Təhsil Nazirliyinin sifarişi əsasında həyata keçirildi. 2016-cı ildən bugünə qədər Təhsil Nazirliyi dərsliklərin nəşrəqədərki maketlərini bizə təqdim edir. Mənə elə gəlir ki, bu daha faydalıdır. Əvvəllər istifadədə olan dərsliklər barədə fikir bildirirdik, hazırda isə monitorinq nəşrəqədər aparılır. İlkin olaraq həmin dərsliyin fənn kurikulumunun standartlarına uyğunluğu məsələsinə baxılır”.

Şöbə müdiri eyni zamanda qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən monitorinqi DİM-ə həvalə olunan dərsliklərdə müəllifin adı göstərilmir və bunlar kodlaşdırılmış nəşrlər olur:

“Bizdə də bu iş qapalı şəraitdə aparılır. Müəllimlərə qiymətləndirmə meyarları təqdim olunur və müəyyən saat verilir. Bir maketi 3 ekspert yoxlayır. Parametlər üzrə yoxlandıqdan sonra yekun rəy hazırlanır. Yekun rəyin monitorinq rəyindən fərqi odur ki, burda qiymətləndirmə üçün ballar verilir. Lazım olanı balı toplayan dərsliklər də olur, toplamayan da.Həmin materialları Məleykə xanımın imzası və müşaiət məktubu ilə Təhsil Nazirliyinə təqdim edirik. Bütün proseslər müqavilə əsasında həyata keçirilir. Dərsliklər çap olunanda bizim göstərdiyimiz əksər təkliflər nəzərə alınır. Lakin müəllifin iradları qəbul etmədiyi hallar da olur. Bu tədris ilində istifadəyə verilən dərsliklərin təkmilləşdirilmiş maketlərinin yoxlanılmasında iştirak etmişik.

Əksər vaxtlarda yuxarı sinif dərsliklərində siniflər üzrə seçilmiş standartların yaş xüsusiyyətlərinə uyğun gəlməməsi kimi hallar aşkarlanır. Dərsliklərdə bəzi hallarda verilən materiallar qoyulmuş standartın təlim nəticəsinə uyğun gəlmir.Bəzi hallarda verilən tapşırıqların və məzmumun çətin olması kimi məsələlərlə də qarşılaşırıq. İldən-ilə təkmilləşmələr aparıldıqca bunlar nəzərə alınır. Bir çox hallarda tapşırıqlar nəzəri biliklərin yoxlanılmasına yönəlmiş olduğundan təklif edirdik ki, dərsliklərdə praktiki tapşırıqların sayı artırılsın. Yeni nəşrlər çap olunduqca bütün bunlara fikir verilir”.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu