XƏBƏRLƏR

15.10.2019 14:07
 "Valideynləri məktəblərə cəlb etmək çətinləşib" - Məhəbbət Vəliyev

"Əvvəlki dövrlərlə müqayisədə valideynləri məktəblərə cəlb etmək çətinləşib. Bunun da obyektiv və subyektiv səbəbləri var". 

AzEdu.az məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, valideynlər bəzən prioritetləri düzgün müəyyənləşdirə bilmirlər:

"Valideynləri tədris prosesinə cəlb etməklə onların uşaqlarına olan münasibətini köklü şəkildə dəyişə bilərik. Bu mənada məktəblərdən yeni yanaşmalar və modellər gözləyirik. Amma valideyni yalnız valideyn iclasına çağırmaqla iş bitmir. Yaxud da məktəbdə hər hansı bayram tədbiri keçirəndə uşağının səhnədə necə çıxış etməsinə baxmaq üçün çağırmaq lazım deyil. Bu gün valideynlər daha ciddi məsələlər üçün məktəbə gəlməlidir. Onların diqqətinə müasir dövrün tələbləri çatdırılmalıdır".

M. Vəliyeva bildirib ki, bəzən valideynlərin övladlarının ixtisas seçimlərinə müdaxiləsini görürük: "Valideynlər əgər müasir dövrün tələblərini, gələcəkdə əmək bazarında ehtiyacları bilsələr, təhsilə münasibətləri də dəyişəcək".

Nazir müavini eyni zamanda qeyd edib ki, təəssüf ki, bu gün hələ də bəzi məktəblərin sinif otaqlarında elektron lövhə sadəcə lövhə kimi istifadə olunur:

"Halbuki lövhə böyük imkanlar daşıyıcısıdır. Bunu həm direktor bilməlidir, həm də valideynlərin diqqətinə çatdırmaq lazımdır. Bu gün valideynlər övladı evə gələndə "aç gündəliyini, baxım neçə qiymət almısan?" sualını verməməlidir. Valideyn başa düşməlidir ki, qiymətdən vacib onun uşağının dərs zamanı yiyələndiyi bilik və bacarığın səriştəsidir".

İlin gənc müəllimi-Müraciət formu