XƏBƏRLƏR

15.10.2019 13:16
“İspanlar kimi dost görmədim, amma onlar da bizi ancaq “Formula-1”-ə görə tanıyırlar”- Tələbə xanım  

Güclü təhsil sisteminə malik ölkələrdən biri də İspaniya Krallığıdır. Bu  ölkədə təhsil dövlət tərəfindən və özəl fondlar hesabına maliyyələşdirilir.

Son zamanlar gənclər  İspaniyada təhsil almağa daha çox üstünlük verir. Maraqlıdır, görəsən,  tələbələrin İspaniyada ali təhsil alması Azərbaycan təhsilinə nə qazandırıb?

AzEdu.az bununla bağlı yazını təqdim edir:

“Azərbaycanın Avropa təhsil sistemindən öyrənəcəyi çox şey var. İspanların təhsil sistemini  öyrənib öz ölkəmdə də tətbiq etmək istəyirəm”.

Bu sözləri AzEdu.az-a İspaniyanın  Kordoba Universitetində təhsil alan Şəfəq Vəliyeva deyib:

Şəfəq Vəliyeva Kordoba Universitetində “Early childhood education” ixtisası üzrə magistr səviyyəsində təhsil alır. O, İspaniyada təhsil almağın səbəblərindən də danışıb:

“İspaniyada fərqli resurslardan məlumatlar əldə edirəm. Təhsil aldığım universitetin kitabxanası çox  zəngindir. Həmçinin, hər ay İngiltərədən "visiting professor” lar universitetimizə dəvət olunurlar. Onlarla 2 günlük “workshop”lar edirik. Fərqli tədqiqatçılar və onların araşdırmaları ilə tanış oluruq.  Universitet tərəfindən bizi tez-tez konfranslara digər təhsil müəssisələrinə aparırlar. Praktiki olaraq onları müşahidə edirik.

İspaniyadakı müəllimlərin dərsdə rahatlığını, mehribanlığını Azərbaycan təhsil sistemində də görmək istərdim. İspaniya universitetlərində elektron kitabxanalar zəngindir. Bu ölkədə tələbələrin rahatlığı üçün hər cür şərait yaradılıb”

“İspanlar ölkəmizi daha çox “Formula 1” yarışından tanıyır”.

Şəfəq Vəliyeva İspaniyada təhsil alan tələbələrə tətbiq edilən güzəştlərdən də söz açıb:

 “İspaniyada təhsil alan tələbələrə yetərincə güzəştlər tətbiq edilir. Məsələn, nəqliyyat ödənişi vətəndaşlar üçün 1.30 avrodur. Amma tələbələrə bu məbləğ 0.58 sentdir. Onu da bildirim ki, İspaniyada tarixi abidələrlə doludur. Tarixi abidələrə gəzmək bəzi tələbələr üçün ödənişsiz, bəzilərinə  isə 50% endirimlədir. İspaniyanın restoranlarında da tələbələrə endirimlər edilir.

İspaniyada təhsil alan tələbələrə iş izni verilir. Amma mən təqaüdlü təhsil aldığım üçün iş izni verilmir.

İspanların çoxu Azərbaycanı tanıyır. Hətta bəziləri də Bakıda olduqlarını bildirirlər.  Onu da bildirim ki, ispanlar ölkəmizi daha çox “Formula 1” yarışından tanıyır”.

Onun sözlərinə görə, Azərbaycanın Avropa təhsil sistemindən öyrənəcəyi çox şey var:

 “Təhsil aldığım universitetdə ən çox italyan, alman tələbələri oxuyur.  Onu da bildirim ki, ispanların çox fərqli və dadlı yeməkləri var.

İtaliyada bir tələbənin aylıq yaşayış xərcləri maksimum 500 avrodur. Onu da bildirim ki, ispanlar kimi səmimi və mehriban, ikinci bir xalq tanımıram. İspanlar əcnəbi vətəndaşlara kömək etməyi sevirlər. Demək olar ki, Avropanın bütün ölkəsindən dostlarım olub. Amma ispanlar kimisini görməmişəm.

Azərbaycanın Avropa təhsil sistemindən öyrənəcəyi çox şey var. İspanların təhsil sistemini  öyrənib öz ölkəmdə də tətbiq etmək istəyirəm. Çünki fərqli, rəngarəng və məhsuldar metodlarla keçirilən dərslər çox yaxşı nəticələrlə sonlana bilər”.

 Şəfəq gənclərimizin xarici ölkələrdə təhsil almaq istəməyinin səbəblərindən də söz açıb:

“Gənclərimiz Avropa və digər ölkələrdə tələbələr üçün yaxşı şərait və imkan yaradıldığını görürlər. Çünki Avropa ölkələrində tələbələrə təqaüd imkanı, gözəl təhsil, rəngarəng tələbə həyatı mövcuddur. Elə buna görə də, gənclərimiz xarici ölkələrdə təhsil almaq istəyirlər.  Həmçinin, ölkəmizdə olan təhsil sistemi gənclərimizi qane etmir. Çünki ölkəmizdə olan gənclər 4 və ya 5 illik tələbə həyatını  “çöpə atmış” kimi hiss edirlər. İstedadlı gənclər isə keyfiyyətli təhsil axtarışındadır”.   

 “Azərbaycanlı gənclərin xaricdə təhsil alması vacibdir”

Xaricdə təhsil üzrə ekspert, jurnalist Nəzərbəy Hacıağayev İspaniyada  təhsil almanın hansı səbəblərdən vacibliyini vurğulayıb:

Avropa və digər ölkələrin universitetlərində gənclərimizin təhsil alması müsbət haldır. Xüsusilə də gənclərimizin İspaniyada təhsil alması əlverişlidir. Ümumiyyətlə azərbaycanlı gənclərin xaricdə təhsil alması vacibdir. Çünki xaricdə təhsil alan gənc həmin ölkə təhsilinin müsbət keyfiyyətlərini mənimsəyir. Həmin gənc öz ölkəmizə gəldikdə isə  ixtisası üzrə töhfə verir. Xarici universiteti bitirmiş gənc təhsil aldığı sahənin ölkəmizdə inkişafına da köməyi  ola bilər. Eyni zamanda informasiya mübarizəsində diaspor fəaliyyətimizin gücləndirilməsi üçün xaricdə tələbələrimizin daha çox olmalıdır. Məlumdur ki, bütün dünyada aparıcı qüvvə gənclərdir. Və onların da avanqard hissəsi olan tələbələrdir. Bu avanqard kəsimin formalaşmasında universitetin böyük rolu var. Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında xarici universitetlərin akt, konfrans zallarında tələbələrimizin həyata keçirdiyi tədbirlər ölkəmizin informasiya siyasətinə töhfədir. Hesab edirəm ki, xaricdə tələbələrimiz nə qədər çox olsa bir o qədər də yaxşıdır”.

 Nəzərbəy Hacıağayev  İspaniya universitetlərinə qəbul olmağın şərtlərini də bildirib:

“İspaniya universitetlərində qəbul olmaq üçün beynəlxalq dil sertifikatı tələb olunur. Bu ölkədə ingilis dilində təhsil almaq istəyənlər özəl universitetlərdə oxuya bilərlər. İspan universitetlərində ingilis dilində təhsil üçün  IELTS, TOEFL, SAT imtahan sertifikatı tələb olunur. Amma İspaniyanın dövlət universitetlərinə qəbul olmaq üçün ispan dilini bilmək lazımdır. İspan dilində təhsil almaq istəyən əcnəbilər isə DELE imtahanından uğurla keçməlidirlər. DELE imtahanı isə may və dekabrda keçirilir.

İspaniyanın ali təhsil müəssisələrində oxuyan  əcnəbilər tələbələrin ümumi sayının 3 faizini təşkil edir. Onlar da əsasən Avropa İttifaqına daxil olan ölkələrdən gələn tələbələrdir.

İspaniyada ali təhsil ciddi  struktura əsaslanır və konkret kurikulumlar tətbiq olunur. Tələbələr tədris müddətində sağlamlıq və ailə vəziyyəti ilə bağlı ciddi səbəblər olmadan oxuduqları universitetləri dəyişə bilməzlər.

İspaniya universitetlərin bakalavr səviyyəsinə qəbul üçün orta təhsil haqqında attestat və IX, X, XI  siniflərin qiymət göstəricisi haqqında çıxarış tələb olunur.   Universitetlərin magistr səviyyəsinə qəbul üçün ali təhsil haqqında diplom lazımdır. Həmçinin, doktorantura səviyyəsinə qəbul üçün magistr və ali təhsil haqqında diplom tələb olunur”.

Nəzərbəy Hacıağayev İspaniyanın nüfuzlu universitetlərini də diqqət çatdırıb:

“İspaniya beynəlxalq aləmdə tanınmış bir çox ali məktəbləri ilə məşhurdur. Bu ali məktəblər arasında Komilas Pontifikal Universiteti, Alfonso El Sabio Universiteti, Madrid Universiteti, Seville Universiteti, Valensiya Universiteti, Bask Universiteti, Katolonia Politexnik Universiteti, Madrid Texniki Universiteti, Barselona Avtonom Universiteti, Qranada Universiteti, Alkala Universiteti daha nüfuzlu hesab olunur. Ali məktəblərin əksəriyyəti Madrid, Barselona və Valensiya şəhərlərində yerləşir. Özəl universitetlərin daha çox hissəsi Madrid şəhərində yerləşir.

İspan ali məktəbləri ənənəvi tarix və coğrafiya, latın dili, fəlsəfə, fizika tədrisində əsas sayılırlar. İspan təhsilinin əsas cəhətlərindən biri – mədəniyyətin öyrənilməsidir. Ölkədə qeyri-universitet təhsili verən ali təhsil müəssisələri də fəaliyyət göstərir. Bu təhsil müəssisələri sırasına mülki dənizçilik, turizm, incəsənət və rəqs, mahnı və musiqi, yüksək səviyyəli biznes məktəbləri və Amerika məktəbləri daxildir.

İspaniyada təhsilin ikinci dövrünü bitirərkən ixtisasa uyğun magistr dərəcəsi verilir.  Doktor dərəcəsini ali təhsilin üçüncü pilləsinə qalxdıqdan sonra almaq olar.

İspaniyada təhsil haqqı ödənişləri dövlət və özəl universitetlərə əsasən fərqlənir. Bu ölkənin dövlət  universitetlərində təhsil haqqı 1000-3000 avro arasındadır. Amma özəl universitetlərdə təhsil almaq istəyənlər  illik universitetin , şəhərin və ixtisasın fərqinə görə 6000-dən 20000-nə qədər avro ödəməlidir.

İspaniya səfər edən şəxslər istər birdəfəlik, istərsə də çoxdəfəlik 35 avro ödəməklə viza əldə edə bilərlər” .

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu