XƏBƏRLƏR

15.10.2019 12:09
Buraxılış imtahanlarında “2” alan şagirdlərin sayı azalıb - Rəşad Tağıyev

"2018-2019-cu dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərini XI siniflər üzrə 19 842 nəfər, XII siniflər üzrə isə 655 nəfər bitirib".

AzEdu.az-ın məlumatına görə, bunu "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev bildirib.

Onun sözlərinə görə, builki tədris ilində XI sinfi bitirən şagirdlər yeni məzmun əsasında ümumi təhsili başa vuran ilk məzunlar olub:

"XI sinif üzrə buraxılış imtahanların nəticələrinə əsasən, ötən dərs ili ilə müqayisədə 2018-2019-cu tədris ilində qeyri-müvəffəq qiymət alan şagirdlərin sayında azalma müşahidə olunub. XI siniflərdə tədris dili üzrə 28 nəfər şagird 100 bal toplayıb. Riyaziyyat fənni üzrə mütləq nəticəni 47 nəfər, xarici dil üzrə isə 276 nəfər əldə edib. Tədris dili üzrə 80 baldan yuxarı toplayan şagirdlərin sayı 2 298 nəfərdir. Riyaziyyat fənni üzrə 1 175 nəfər, xarici dildə isə 3 250 nəfər də həmin nəticəni göstərib. 577 nəfər hər üç fənn üzrə 80 baldan yuxarı nəticə göstərib".

R.Tağıyev bildirib ki, 2018-2019-cu tədris ilində təhsildə xüsusi nailiyyətləri ilə seçilən IX siniflər üzrə 877 nəfərə, XI siniflər üzrə 556 məzuna, ümumilikdə, 1433 məzuna fərqlənmə attestatı, XI sinfi xüsusi nailiyyətlərlə bitirən 14 nəfər məzuna qızıl, 1 nəfər məzuna isə gümüş medal verilib.

İdarə müdiri həmçinin deyib ki, ötən dərs ilində müxtəlif səbəblərdən əvvəlki illərdə ümumi orta və tam orta təhsil səviyyəsini bitirməyən şəxslər üçün eksternat qaydasında imtahanlar keçirilib. İmtahanlarda ümumilikdə 218 nəfər olmaqla, IX siniflər üzrə 116 (2017-2018-ci dərs ili 100) nəfər, XI siniflər üzrə isə 102 (2017-2018-ci dərs ili 383) nəfər iştirak edib".

İdarə tərəfindən keçirilən aralıq imtahanlarında, həmçinin Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında uğurlu nəticə əldə etmiş 80 (2017-2018-ci dərs ili 45) nəfərə ümumi orta, 56 (2017-2018-ci dərs ili 326) nəfərə isə tam orta təhsil haqqında attestat təqdim edilib.

Şükufə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu