XƏBƏRLƏR

15.10.2019 10:23
“Məktəb müdiri” - “Vəzifəsini ləyaqətlə yerinə yetirən direktora  artıq səlahiyyət lazım deyil” - MÜSAHİBƏ

“Özümü başqa sahədə görə bilmirəm. Məktəb boş, səssiz olanda darıxıram. Pedaqoqların əsas xoşbəxtliyi də elə bundadır. Biz heç vaxt qocalmayacağıq. Çünki hər tədris ili başlananda sanki qanımız yenilənir. I sinifdən XI sinfəcən hər şagirdin həyatını onunla birgə yaşayırıq”.

Bakı şəhəri, 202 nömrəli tam orta məktəbin direktoru Arzu Süleymanova vəzifəsinin ona qazandırdıqlarını belə izah edir. Bu fikrə 25 illik pedaqoji təcrübə sayəsində gəlib.

Qeyd:

Arzu Süleymanova 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində təhsil alıb. Pedaqoji fəaliyyətinə 1994-cü ildə Bakı şəhəri 202 nömrəli məktəbdə başlayıb.1996-ci ildən pedaqoji fəaliyyətini Bakı şəhəri 177 saylı məktəbdə riyaziyyat müəllimi kimi davam etdirib. 2008-ci ildən həmin məktəbin direktor müavini təyin edilib. 2018-ci ildə isə ona doğma məktəbinə qayıtmaq nəsib olub. Amma bu dəfə direktor kimi... Həmin ildə 202 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunub. Riyaziyyat fənn kurikulumu üzrə təlimlərin, Riyaziyyat fənni üzrə ixtisasartırma təlimlərinin və İKT üzrə təlimlərin təlimçisi, Milli Qiymətləndirmə üzrə Riyaziyyat fənni ekspertidir.

AzEdu.az Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə ortaq layihə çərçivəsində 202 nömrəli tam orta məktəbin direktoru Arzu Süleymanova ilə müsahibəni təqdim edir:

-Arzu xanım, məzunu olduğunuz məktəbin hazırda direktorusunuz. Bəs, şagirdləriniz arasında gələcəyin potensial direktoru kimi gördüyünüz biri var?

-Əvvəla, onu qeyd edim ki, bu məktəb mənə çox doğmadır. Uşaqlığım, yeniyetməliyim bu divarlar arasında keçib. Həmin doğmalıq mənə fəaliyyətimdə çox kömək edir.

Şagirdlərimə gəldikdə isə hər biri mənə doğmadır. Akademik bilik önəmlidir. Amma fikrimcə, əsas vəzifələrimizdən biri də məktəbliləri vətəndaş, şəxsiyyət kimi böyütməkdir.

Bütün uşaqlar təhsil almaq hüququna malik olsalar da, qavrama dərəcələri fərqlidir. Təbii ki, bu, ən ideal arzumuzdur, amma reallıqdan danışsaq, hər şagirdi 700 bala doğru apardığımızı deyə bilmərik. Şəxsiyyət kimi böyütmək isə əsas missiyalarımızdandır.

-Rus bölməsində təhsil almısınız. Orada gördüyünüz hansı elementləri Azərbaycan bölməsində də tətbiq etməyi düşünürsüz?

-İndiki dövrlə oxuduğum illər arasında fərq çoxdur. İstənilən dövrdə cəmiyyətin stereotipləri, təfəkkürü, dəyərləri var. Ovaxtın dəyərləri də fərqli idi. Bəziləri düşünür ki, Rus bölməsində təhsil alanlar daha geniş təfəkkür, dünyagörüşünə malikdirlər. Mən indi elə də fərq olduğunu deməzdim. Savadlı şagird Rus və ya Azərbaycan bölməsində təhsil almasından asılı olmayaraq, dərslərini oxuyacaq. Təbii ki, dilini də mükəmməl səviyyədə biləcək.

Mən oxuduğum dövrdə SSRİ-nin tərkibində olduğumuz üçün bu dili öyrənməyin başqa məqsədləri var idi. İndi imkanlar, resurslar daha genişdir, məhdudiyyət yoxdur.

“Əvvəl elə bilirdik, müəllim bu cümləni işlədirsə, onun ikinci variantı ola bilməz”

-Məktəb illərinizdəki hansı təhsil ənənə və dəyərlərinin hələ də yaşamasını istərdiniz?

-Hər iki dövrdə tədrisin keyfiyyətinə önəm verilib. Sadəcə, indi şagirdlər də, valideynlər də, müəllimlər də fərqlidirlər. İmkanlarımız geniş olduğu qədər tələbat da çoxdur. Əvvəl elə bilirdik, müəllim bu cümləni işlədirsə, onun ikinci variantı ola bilməz. İndi isə şagird müəllimin dedikləri ilə yanaşı, öz fikrini də irəli sürür, dərs ortaq müzakirələrlə keçir. Müasir tədris də elə bunu tələb edir.  

-Tədris ili başlananda yeni dərsliklər şagirdlərin ixtiyarına verildi. Onları nə dərəcədə effektiv hesab edirsiniz? Növbəti tədris ilində hansı formada yenilənmələrini istərdiniz?

-IV və VIII siniflərə tamamilə yeni dərsliklər verildi. Orada proqramın dəyişikliyi nəzərə alınıb. IV sinif buraxılış hesab edilir, VIII sinif isə bir növ buraxılış sinfinə hazırlıqdır. Bunu nəzərə alaraq proqramı daha da genişləndirib, zənginləşdiriblər. Yeni dərsliklərin paylanmasından az vaxt keçib. Bu müddət ərzində fikir bildirmək tezdir, amma artıq bunun effektini görürük.

Kifayət qədər ideyalar var. Hər zaman tədris planı və tələb olunan standartlar çərçivəsində hər hansı innovasiyalara əl atmağa çalışırıq. İmkanlar genişdir, bütün məktəblər internet şəbəkəsinə qoşulub. Yetər ki, müəllim üzərində işləsin.

“Üzərində işləməyən müəllim şagirdin tələbləri ilə ayaqlaşa bilmir”

-Fikrinizcə, bügünkü müəllim öz üzərində kifayət qədər işləyir?

-Xeyli ixtisasartırma proqramları var. Bunu dəfələrlə kollektivlə müzakirə etmişik. Müəllimlər könüllü olaraq üzərilərində işləyirlər. Əvvəl bu məsələ icbari xarakter daşıyırdı. İndi isə “bu, zəmanənin tələbidir” düşüncəsi yaranıb. Üzərində işləməyən müəllim şagirdin tələbləri ilə ayaqlaşa bilmir. Diaqnostik Qiymətləndirmə imtahanında 40 bal alması müəllimin yüksək akademik biliyə sahib olmasından xəbər verir. Amma kompüter bacarıqları yoxdursa, o müəllim biliyini tam şəkildə ötürə bilməyəcək. Fənlərarası inteqrasiyadan tutmuş, sinfin idarə olunmasınadək, psixoloji və pedaqoji baxımdan lazım olan xeyli kompüter proqramları var.

“Heç bir müəllim deməz ki, bu dərs saatı mənə kifayətdir”

-Müəllimlərdən söz düşmüşkən, onların sıx müzakirə etdikləri mövzudan da danışmaq istərdik. Dərs bölgüsü zamanı direktor nələrə diqqət yetirməlidir?

Dərs bölgüsü bütün məktəblərin ağrılı yeridir. Bölgü zamanı müəllimin Diaqnostik Qiymətləndirmə imtahanında topladığı bal, tədris planları, siniflərin sayı və tərkibi nəzərə alınır. Bunlar metodbirləşmə iclaslarında müzakirə edilir və qərar verilir. Təbii ki, müəllimin siniflə işləmək bacarıqları da diqqətdə saxlanmalıdır.

-Bəs, müəllimlərin gözləntiləri verilən qərarla üst – üstə düşür?

Narazı olanlar da olur və bu, təbiidir. Amma heç bir müəllim deməz ki, bu dərs saatı mənə kifayətdir. Yalnız yüksək təfəkkürə malik müəllim söylər ki, gücüm bu qədərinə çatır. Üstəlik, dərs bölgüsü maddiyyatla bağlı olduğuna görə, nə qədər çox olsa, etiraz olmur. Amma biz də hər kəsin ehtiyacı, təhsili, Diaqnostik Qiymətləndirmə imtahanındakı balını nəzərə alırıq. Siniflə işləmək qabiliyyətini dədiqqətdə saxlayırıq.

Çox savadlı olan, amma müəyyən yaş kateqoriyasından olanlarla dil tapa bilməyən müəllimlər var. Bəzən müəllim özü gəlib deyir ki, mənə aşağı yaş qrupuna aid sinifləri verin. Bəzənsə, əksinin şahidi oluruq.

-Aşağı yaş kateqoriyasına üstünlük verən müəllim hansı tələblərə cavab verə bilmədiyini hiss edib  bu qərara gəlir?

-Uşaq böyüdükcə onun dünyaya baxışı, özünü idarəetməsi, şəxsi fikirləri dəyişir. Hər yaş qrupunun öz spesifik əlamətləri var. İstənilən yaş qrupunda nadinc də, sakit şagird də var. Amma bir pedaqoq kimi deyim ki, tərbiyəsiz uşaq yoxdur. Sadəcə, hər məktəbli ilə fərdi şəkildə dil tapmaq lazımdır. Təbii ki, burada dövrün xüsusiyyətləri, yaş dövrünün öyrənmə tərzi, dünyagörüşü – hər birini nəzərə almaq lazımdır. Bu məsələləri müəllimlərlə rəsmi və qeyri-rəsmi görüşlərdə dəfələrlə müzakirə etmişik.

“Uşaqlar valideynlərin sözünü yerə salmamaq üçün onların istəyi ilə hansısa yol seçirlər”

-Sizcə, Azərbaycanda valideyn övladı ilə fərdi dil tapa bilir? Valideynin övladına istəməyərək etdiyi hansı yanlışların şahidisiniz?

-Hər gün şahidi oluram. Övlad valideyn üçün ən müqəddəs varlıqdır. Valideyn bəzən övladının nöqsanlarını qəbul etmək istəmir. Bəziləri düşünürlər ki, övladları istənilən situasiyada haqlıdır. Məktəbdə bir vəziyyətin evə yanlış şəkildə çatdırılması valideynin gəlib təklif və iradlarını bildirməsinə səbəb olur. Şükürlər olsun, valideynlər məktəbə inanırlar. Onları inandırmağa çalışırıq ki, sırf uşaqların gələcəyini düşünürük.

Məsələn, keçən il 2 sinfi 3 yerə böldük. Valideyni övladının hansı sinifdə qalmalı olduğuna inandırmaq çox çətin idi. Situasiyanı izah etdik. Bizə inanan da oldu, inanmayan da. Amma bir neçə ay sonra həmin valideynlər gəlib minnətdarlıqlarını bildirdilər.

Təmayülləşmə zamanı valideyni dəvət edib məsləhət veririk. Məsələn, deyirəm, Əlinin marağı texniki fənlərədir. Valideyni deyir, yox, mütləq prokuror və ya müstəntiq olmalıdır. Uşaq anadan olandan bunu arzulamışam. Valideyni inandırmağa çalışırıq. Bəzən alınır, bəzən isə yox.

Azərbaycan mentaliteti dünyada nadir mentalitetlərdən biridir ki, valideyn dəyəri ilk sırada dayanır. Bizim millət böyük-kiçik yerini bilən, həmişə böyüyün məsləhətinə qulaq asandır. Amma bəzən uşaqlar valideynlərin sözünü yerə salmamaq üçün onların istəyi ilə hansısa yol seçirlər. Amma məktəb olaraq şagirdin istəyini görür, bacardığımız qədər dəstək olmağa çalışırıq.

-Hazırlıq qruplarında dərs deyən müəllimlər hansı keyfiyyətlərə əsasən seçilməlidir?

-Hazırlıq qrupunda tədris aparan müəllimin IV sinfə dərs deməsi arzuolunan olsa da, mütləq deyil. Müəllim yetərincə savad və bacarığa malikdirsə, məktəb tərəfindən təklif oluna bilər. IV sinfə dərs deyən müəllimin seçilməsini isə ona görə düzgün hesab edirəm ki, müəllim gələn il həmin sinfi qəbul edir və bu, hər iki tərəf üçün hazırlıq xarakteri daşıyır. Uşaqların I sinfə ağlayaraq gəlməsinin az şahidi olmuruq. Amma adaptasiya dövründə müəllim və azyaşlı bir-birinə öyrəşdiklərinə görə, belə bir problem yaşanmır. Belə olduqda, uşaq müəllimin dediklərini yaxşı qavrayır,  müəllim isə özü üçün hər şagirdin psixoloji portretini qurur, fərdi yanaşmanı öyrənir.

-Orta təhsil müəssisələrindəki metodistlərin bilik və bacarıqlarını yetərli hesab edirsiniz? Ümumiyyətlə, metodist necə hazırlanmalıdır?

-Metodiki iş hər məktəbdə ictimai əsaslarla aparılır. Metodist ümumi iclasda müəllimlərin ümumi qərarı ilə Diaqnostik Qiymətləndirmə imtahanlarında yüksək bal toplayan, kollektivdə nüfuza malik olan şəxslər arasından seçilir. Psixoloji faktor da burada mühüm rol oynayır. Metodisti ictimai əsaslarla seçdiyimizə görə, bunun üçün məvacib almır. Amma proqramdan tutmuş, summativlərin tərtibatına qədər bütün məsələlərdə  müəllimlərə dəstək olur.

Təlimə Dəstək Mərkəzimiz fəaliyyət göstərir. Oradan kifayət qədər metodiki məsləhətlər alırıq. Cədvələ uyğun olaraq hər gün məktəbdə onların nümayəndəsi olaraq metodist fəaliyyət göstərir. Metodist həm də direktora böyük dəstəkdir.

“Müəyyən səbəbdən “əlaçı” təbəqəsini itirmiş olurduq. Çünki...”

-Olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulu bu yarışlara marağı necə dəyişdi?

-Olimpiadalara maraq artıb. Əvvəl müəyyən səbəbdən “əlaçı” təbəqəsini itirmiş olurduq. Çünki valideyn və uşaq sırf 700 bala, test imtahanına yönəlmişdilər. Olimpiadanı yalnız ictimai fəaliyyət kimi görür, bəzən onu lazımsız hesab edir, vaxt itkisi kimi qəbul edirdilər.

Çox yaxşı haldır ki, artıq VI siniflər də öz yaş səviyyələrinə uyğun olimpiadalarda iştirak edə bilirlər. Buna güclü maraq yaranıb. Təbliğat da az rol oynamır. Rəhbər olaraq valideynləri maarifləndiririk. Başa salırıq ki, bu, sırf övladlarının inkişafı üçün lazımdır.

-Sizcə, fərqlənmə attestatı daha çox motivasiya etmək üçün şagirdə hansı üstünlükləri verməlidir?

-Fərqlənmə attestatı hər məktəbin şərəfidir. Belə şagirdlərimlə fəxr edirəm. Özüm də vaxtilə məktəbi qızıl medalla bitirdiyimə görə, bu fərqi daha çox hiss edirəm. Dövrümüzdə oxuyan nəticə əldə edə bilsə də, neqativ hallar da vardı. Çünki məktəb əsas faktor idi və qızıl medal üçün o özü qərar verirdi. Amma indi tendensiya dəyişib: Şagird məktəbdə əlaçı ola bilər, amma buraxılış imtahanında kifayət qədər bal toplamasa, fərqlənmə attestatı ala bilməyəcək. Şagirdə məharətini meydanda göstərmək üçün daha geniş imkanlar yaradılıb. O, lazım olan balı toplasa, məktəb də nailiyyətlərini nəzərə alıb müsbət qərar verir.

“Bir sinifdə 40, digərində 20 şagird varsa, tədrisin keyfiyyətindən söhbət gedə bilməz”

-Arzu xanım, bir qədər də siniflərdəki şagird sayından danışaq. Sizcə, sinif komplektləşdirilməsi zamanı daha nələrin nəzərə alınması yaxşı olardı?

-Öncə qeyd edim ki, artıq şagird yerdəyişməsi elektron sistem vasitəsilə həyata keçirilir. Bunu Təhsil Nazirliyinin uğurlu addımlarından biri kimi qiymətləndirirəm. Sənəd, kağız, get–gəl məsələləri aradan qaldırılıb. Bu, mühüm yenilikdir. Həm əziyyətlərə, həm də neqativ hallara son qoyub. Valideyni də, məktəb rəhbərliyini də qeyri–etik təkliflərdən qoruyur.

Yerdəyişmə dayanan andan bütün direktorlar hər sinifdə neçə şagirdin təhsil aldığını bilirlər.

Bir neçə paralel sinif var, təmayülləşmə yoxdursa, rəhbərlik bərabər bölünməni diqqətdə saxlamalıdır. Bir sinifdə 40, digərində 20 şagird varsa, tədrisin keyfiyyətindən söhbət gedə bilməz. Bərabər hüquqlardan danışırıqsa, bundan hər kəs yararlanmalıdır.

-Orta ümumtəhsil müəssisələrində dərsliklərdən əlavə, yardımçı vəsaitlərdən də istifadə edilir. Bu, şagird çantasını ağırlaşdırmaqla yanaşı, müəyyən qədər maddiyyat da tələb edir. Bu vəsaitləri sıxışdırıb çıxaracaq hansı alternativləri təklif edə bilərsiniz?

-İş dəftəri müəllimə də, valideynə də köməkdir. Amma burada könüllülük prinsipi qorunur, məcburiyyət yoxdur. Heç bir valideyni bunları almağa məcbur etmirik. Heç bir uşaq da bunu almadığına görə danlanmır. Çünki bir qolu madiyyata bağlıdır. Amma Təhsil Nazirliyinin özünün də alternativ dərslikləri var.

Bundan əlavə, hər müəllim fərqli metodika və strategiyaya sahibdir. Bəziləri yalnız dərslikdən yararlanır, bəziləri isə özləri test tərtib edirlər. Təlim strategiyaları hər müəllimin öz ixtiyarına verilib.

-Rəhbərlik etdiyiniz məktəbdə inkluziv təhsil alan şagirdlər də var. Sizcə, inkluziv təhsil məktəblərə nə qazandırdı?

-Əvvəla, qeyd edim ki, həmin şagirdlərlə praktik işləməkdən həzz alıram. Onları sosial həyata alışdırmaq, ünsiyyət qurmaq mənə zövq verir. Bundan əlavə, başqa şagirdləri də cəmiyyətin fərqli olduğuna alışdırırıq. Onlar bir-birilərinə dəstək olur, həmin uşaqlara fiziki məhdudiyyətli kimi deyil, dost kimi baxırlar.

Bu il məktəbimizdə 17 şagird inkluziv təhsilə cəlb olunub.. Belə şagirdlər üçün fərdi təhsil planı qurulub. Onlar proqramı tam şəkildə mənimsəyə bilməzlər. Amma sinifdə oturur, o dərsləri dinləyir, münasibət bildirir, müxtəlif tədbirlərdə, ekskursiyalarda iştirak edirlər.

İlk vaxtlar müəyyən çətinliklər var idi. Valideynlər bir-birilərini qəbul etmirdilər. İnkluziv təhsil alan uşağı övladının yanında görəndə deyirdi ki, müəllim ona sərf etdiyi vaxt ərzində mənim övladımı öyrədə bilər. Buna vaxt itkisi kimi baxırdılar.

Amma artıq cəmiyyət buna hazırdır. Daun, autizm sindromlu uşaqların özünəməxsus davranış tərzləri var. Bəziləri dərs zamanı durub gəzirlər. Dərsdə tiki tutanlar da var. Bu zaman digər uşaqlar ona reaksiya vermirlər. Heç bir ajiotaj, diqqət dağınıqlığı olmur, dərsə davam edirlər. Uşaqlar bir–birilərini olduqları kimi qəbul ediblər. Bu, həmin uşaqlardan çox, sağlam cəmiyyətimizə lazımdır. İnkluziv təhsil yalnız məktəbə deyil, cəmiyyətə qazandırır.

“Direktor vəzifəsini ləyaqətlə yerinə yetirsə, ona artıq səlahiyyət lazım deyil”

-Şagird gözü ilə baxdıqda işinizdən nə dərəcədə razı qalırsınız?

-Tez–tez uşaqlarla görüşürəm. Kabinetdə oturan direktorlardan deyiləm. Çox nadir hallarda, günün sonunda bir neçə sənədlə bağlı kabinetimdə oluram. Çalışıram ki, uşaqların arasında olum. Bu məktəbdə şagird bilir ki, direktor əlçatmaz insan deyil, rahatlıqla ürəyindəkiləri deyə, fikirlərini bölüşə bilər. Günün sonunda şagirdlərin dediyi hər cümləni təhlil edirəm. Şagird olanda və müavin olduğum vaxtlarda gördüyüm  ənənəni burada davam etdirirəm. Əlimdən gələni əsirgəmirəm

-Son olaraq, direktorun səlahiyyətlərinə daha nələrin daxil olmasını istərdiniz?

-Bütün vəzifələr kimi bizim səlahiyyətlərimiz də təbii olaraq çərçivələnib. Qanunvericilikdə riayət etməli olduğumuz kifayət qədər bəndlər var. Hər direktorun qərarvermə səlahiyyəti var. Fikrimcə, direktor vəzifəsini ləyaqətlə yerinə yetirsə, ona artıq səlahiyyət lazım deyil. Əlindəki saləhiyyətlər ona hər şeyi yoluna qoymağa imkan verəcək.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu