Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-15 09:23:00
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib  

Azərbaycan bu il növbəti dəfə ABŞ-ın paytaxtında “Culturfied” Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib. Bu ölkənin əsas mədəni və iqtisadi tədbirlərinin təşkil edildiyi Ronald Reyqan Beynəlxaq Ticarət Mərkəzində keçirilən festivala Vaşinqton şəhərinin sakinləri, eləcə də ABŞ-ın müxtəlif ştatlarından insanlar qatılıb.

Ölkəmiz festivalda Vaşinqton şəhərində yerləşən Azərbaycan Məktəbinin şagirdləri ilə təmsil olunub. Tədbirdə şagirdlər Azərbaycan milli rəqslərlə yanaşı, festival çərçivəsində təşkil edilən “Fashion Show”da ölkəmizin milli geyimlərini nümayiş etdiriblər.

Tədbirdə, həmçinin Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, incəsənəti və milli mətbəx nümunələrini əks etdirən guşə yaradılıb.

Festivalı açıq elan edən “Culturfied” Fondunun prezidenti Mele Melton tədbirin əsas məqsədinin müxtəlif ölkələrin coğrafiyası, zəngin mədəni irsi və adət-ənənələrinin öyrənilməsindən ibarət olduğunu deyib.

Daha sonra fəxri qonaqlar çıxış edərək, ABŞ paytaxtının müxtəlif mədəniyyətləri özündə birləşdirən, onlara hörmət bəslənilməsini təşviq edən bir şəhər olmasından qürur duyduqlarını bildiriblər.

Festivalda 30-dan çox ölkənin milli musiqisi, rəqsləri ifa olunub, iştirakçı ölkələrin incəsənət nümunələri, milli mətbəxi təqdim edilib.

Azərbaycan məktəbinin şagirdləri “Cücələrim”, “Eynur” və “Popuri” rəqslərini nümayiş etdiriblər. Altı minə yaxın insanın qoşulduğu festivalda milli rəqslərimiz və geyimlərimiz böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Azərbaycan Məktəbi 2017-ci ilin fevralında təsis edilib. Ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdindəki Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqların cəlb olunduğu məktəbdə milli dəyərlərimiz aşılanır, Azərbaycan dili dərsləri keçirilir və milli bayramları birlikdə qeyd etmək imkanı yaradılır.

Festivalda Azərbaycanla yanaşı, İtaliya, Əfqanıstan, Albaniya, Boliviya, Misir, Moldova, Mərakeş, Hindistan, Qətər və onlarca digər dövlət təmsil olunub. (Azərtac)