XƏBƏRLƏR

14.10.2019 14:50
Deputatların Vasim Məmmədəliyev xatirələri: "Ərəb ölkələrində ona təəccüblə baxırdılar, çünki..."

Bu gün BDU-da akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib.  Akademik Vasim Məmmədəliyevlə vida mərasiminə dövlət və ictimai xadimlər, universitetin müəllim kollektivi, millət vəkilləri qatılıb. 

Millət vəkili Qənirə Paşayeva AzEdu.az-a açıqlamasında minlərlə insanın sevgisini qazanan akademikin ölümünün ağır itki olduğunu bildirib:

O qeyd edib ki, V.Məmmədəliyev çox kiçik yaşlarından həm müəllim, həm ziyali, həm də böyük şəxsiyyət kimi tanıyıb:

“Uşaqlıqdan onun fikirlərini, söhbətlərini dinləmişəm. O, həm də əmimin dostu, ailəcə bizə çox yaxın insan idi.  O, böyük alim, ziyalı, müəllim kimi tanınıb.  Jurnalist fəaliyyətim dövründə Vasim müəllimlə xaricdə, özəlliklə, ərəb ölkələrində olmuşam. Ordakılar ona  heyranlıqla baxırdılar. Deyirdilər ki, Vasim müəllim, siz ərəb dilini bizdən yaxşı bilirsiniz. Təsəvvür edin Vasim müəllim ədəbiyyatı, dini o qədər gözəl bilirdi ki, onlar onu ziyalı kimi heyranlıqla dinləyirdilər. Onun təkcə Azərbaycanda deyil, ölkənin hüdudlarından kənarda  olan böyüklüyünü izləmək və görmək lazımdır”.

Millət vəkili onun müəllim kimi  xeyli  insanın yetişməsindəki rolundan danışıb:

 “İşiqlı insan idi. Onun ölümünə inanmaq çox çətindir. Xəstəliyi haqqında məlumatım var idi. Amma xəstəliyi də ona yaraşdırmırdım. Onun sağalacağına əmin idim. Çünki onu daim pozitv, ruh yüksəkliyi ilə görmüşdüm. Belə insanlar sadəcə fiziki olaraq dünyadan köçürlər. Ruhən hər zaman bizimlədirlər. Əməlləri ilə, yaratdıqları böyük işlərlə, bizə qoyub getdikləri sevgi ilə hər zaman aramızdadırlar. Vasim müəllimin xidmətlərini hər zaman xalqımız, dövlət rəhbərliyimiz çox yüksək qiymətləndirib. Minlərlə insan bu gün bu xəbərə üzülür. Bir insanın bu dünyadan aparacağı tək şey milyonların sevgisidir. Vasim müəllimin bu sevgini qazanıb. Nur içində yatsın”.

Milli Məclisin İqtisadi- siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri, akademik Ziya Səmədzadə də öz kədərini dilə gətirib:

“Vasim Məmmədəliyev Azərbaycanən milli sərvətidir. Milli sərvətimiz gündən-günə inkişaf edir. Amma elm potensialımızın, xüsusilə şərqşünaslıq elminin inkişafında onun misilsiz xidmətləri var.  Onun bütün xidmətlər azərbaycan elminin inkişafına yönəlmişdir. Allah ona rəhmət eləsin”.

Şükufə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu