XƏBƏRLƏR

14.10.2019 10:22
Nədən doğma sözümüzü alınma söz kimi yazırıq?

Xeybər Göyyallı      

Bir sözün-  srağagün kimi “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə qeydə alınmış  sözün yazılışı barədə danışmaq istəyirəm. Bu  söz  tərtəmiz  doğma (milli) sözümüzdür. İki sözün birləşməsindən ibarət olan bu söz  Azərbaycan dilinin  bütün milli (daxili) normativlərinin tələblərinə  cavab verir. Belə ki, iki sözdən- sırağa (çox güman ki, sıra sözündən yaranıb)  və gün sözlərindən ibarət olan bu sözdə ahəng  qanunu  əsasən  özünü qoruyub saxlayıb. Gün  sözündəki  ü saiti  istisna olmaqla qalanları qalın saitdir. İki sözün birləşməsindən  yaranan bu sözdə qoşa sait yoxdur. Sözün başlanğıcında  yazılan  sr   hərf  birləşməsi süni olduğundan  Azərbaycan dilinin orfoepik və orfoqrafik normalarına qətiyyən uyğun gəlmir. Azərbaycan dilində sözün  əvvəlində  iki yanaşı samitlə gələn  söz  yoxdur. Elə  dilimizin bu sərt qaydasının  nəticəsidir ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə srağagün və ondan leksik və sintaktik  yolla yaranmış   üç sözdən  (srağagündənqalan, srağagündənqalma, srağagünkü) başqa  ayrı bir söz  qeydə alınmamışdır.Buradan  da  belə bir məntiqi qənaətə gəlmək olur ki, bu sözün yaranması və yazılışı istisna təşkil edə bilməz.Sadəcə , bu milli sözümüzün yazılışında bilə-bilə  orfoqrafiyanın özəl prinsipi sayılan fonetik prinsipi pozuruq.

    Azərbaycan dilinin bütün  dialektlərində  bu  söz  birmənalı olaraq sırağagün (bundan sonra məqalədə  sırağagün yazacam) formasında deyilir.(Çox doğru olaraq, bəzən  mətbuatda və kitablarda  bu söz  deyildiyi kimi (sırağagün) yazılır). Fonetik  prinsipin- sözün deyildiyi kimi yazılması orfoqrafiyanın özül və özəl prinsipidir. Bu qayda bütün dünya dillərinin xəlqiliyini, milliliyini və  koloritini qoruyub saxlayır. Haqqında danışdığımız söz sırf Azərbaycan dilinə mənsub olub, sıra və gün  sözlərinin  birləşməsindən yaranıb. Günün , ayın və ilin ardıcıllığı və  sıralanması  dəyişilməz  bir astronomik  hadisə olduğu  hamı üçün bəlli bir məsələdir. ”Azərbaycan dilinin izahlı lüğəti”ndə  də , haqlı olaraq,  sırağagün  sözünün bu leksik  mənası (definisiya) elə sıralanma ilə ilgiləndirilib: ”Deyilən gündən iki gün qabaq, dünəndən qabaqkı gün.” Sözün leksik-lüğəvi mənasından  açıq-aşkar görünür ki,  bu söz  ardıcıllıq  və sıra bildirir. Bu məqamda  aydınlıq  naminə  onu da qeyd  edək ki, hər hansı zaman    vahidi və sıralanmada (sıra  saylarında ) aşağıdan yuxarı və yaxud  geriyə saymanın özündə də  ardıcıllıq  və  sıra gözlənilir. Belə olduğu halda, niyə deyildiyi kimi sırağagün yazılmasın? Səbəb nədir? Əslində, ortada  heç bir səbəb yoxdur.Olsa-olsa  bunun  səbəbini  “bir dəli  bir quyuya  bir daş  atdı” zərbi -məsəli ilə izah etmək olar. Belə olan təqdirdə  “Qordi düyünü” kimi  də məsələ  anidən tez və asan  həll olunar.

 Bu sözün yazılışını indi gündəmə gətirməyim heç də təsadüfi  deyildir. Mətbuatdan verilən  məlumatlara görə  AMEA-nın  Nəsimi adına  Dilçilik İnstitutu  tərəfindən hazırlanmış və bir neçə  dəfə müzakirə  olunmuş  “Azərbaycan dilinin orfoqrafiya  lüğəti”  yaxın günlərdə  yenidən nəşr ediləcəkdir.  Əminəm ki, bu sözün   yazılışı barədə təklifim  dilimizin (orfoqrafiyamızın) təəssübkeşləri (cəfakeşləri) tərəfindən müsbət qarşılanacaq,  gec də olsa,  bu  yanlışlıq  aradan  qaldırılacaqdır.  Növbəti orfoqrafiya  lüğətimizdə  dilimizin özəl və  dəyişilməz  normativini özündə əks etdirən fonetik  prinsipə  sadiq  qalmaqla  bu milli (doğma) sözümüzün düzgün yazılışını bərpa  etməliyik. 

İlin gənc müəllimi-Müraciət formu